SÜNİ TELEAPARICI ÇİNDƏ EFİRƏ ÇIXIB

Hazırda sayca beşinci “World Internet Conference” forumunun keçirildiyi Çinin şərqi Çjenszyan vilayətində yerləşən Xançjou şəhərində televiziya aparacısı obrazında süni intellektin iştirakı ilə dünyada ilk dəfə xəbərlər təqdim olunub. Süni intellekt sahəsində ən yeni texnologiyalar əsasında yaradılan aparıcı real insanın jestləri və mimikalarına malik kişi prototipində olub. Robot aparıcı sərbəst şəkildə yayım aparmağı öyrənir və peşəkar xəbər aparıcısı kimi mətnləri oxuya bilir.

Teleaparıcı Sinxua xəbər agentliyi, ölkənin rəsmi media nümayəndəliyi və Çinin “Sogou.com” axtarış şirkətinin birgə fəaliyyəti çərçivəsində hazırlanıb.

“Sinxua” agentliyinin məlumatına əsasən, süni aparıcı agentliyin müxbirlər komandasının üzvi olub. O, xəbər istehsalına xərcləri azaldıb, effektivliyi artırmaqla rəsmi veb-saytda və müxtəlif sosial şəbəkə platformalarında sutkada 24 saat çalışa bilir.

İlk növbədə aparıcının təbii görünüşü təəccüb doğurub. Zamanla onun yaxşılaşacağını təxmin etmək çətin deyil. Və günlərin bir günü ekrandakı süni intellekti real insandan fərqləndirmək mümkün olmayacaq.

Məlumatda deyilir ki, “Sinxua” agentliyi bu cür iki aparıcı yaradıb: onlardan biri Çin dilində, digəri ingilis dilində xəbərlər proqramı aparmaq üçün nəzərdə tutulub. Sintez edilmiş səslə sinxronlaşdırılan virtual aparıcıların köməyi ilə agentlik ekranda canlı insanların xidmətinə ehtiyac duymadan bütün sutka boyu xəbər verilişləri generasiya edə bilər.

Xatırladaq ki, ötən il Çin prezidenti Si Tsinpin (Xi Jinping) ölkənin gələcəyi ilə bağlı planlarını bildirib, süni intellekt, “big data”  və İnterneti Çini yaxın on il ərzində inkişaf etmiş sənaye iqtisadiyyatına çevirə biləcək əsas texnologiyalar adlandırıb. Ölkədə süni intellektin inkişafı ilə məşğul olan şirkətlər tamamilə dövlət dəstəyinə ümid edə bilər.

FİKRİNİ BİLDİR