RUSİYA-UKRAYNA MÜHARİBƏSİ: 2020-Çİ İLDƏ BARIŞIQ MÜMKÜNDÜRMÜ?

2020-ci ildə Rusiya və Ukrayna arasında elan edilməmiş müharibənin başlanmasından 7 il keçəcək. 1991-ci ildən sonra meydana çıxan təhlükəsizlik sistemləri haqqında bütün fikirlərimizi alt-üst edən bu münaqişənin sonu görünmür. 2020-ci ildə sülh, barışıq ehtimalı nə qədərdir? Ekspertlər “Atlantic Council” jurnalının bu sualını cavablandırıblar.

Maykl Karpenter (Michael Carpenter) - Penn-Bayden Mərkəzinin baş direktoru, Atlantika Şurası Avrasiya Mərkəzinin baş elmi əməkdaşı:

 “2020-ci ildə sülh perspektivi dumanlı görünür, çünki prezident Putin əvvəlki kimi Ukrayna və onun geosiyasi oriyentasiya üzərində nəzarəti bərpa etməkdə qəti qərarlıdır”.

Ceyms Şerr (James Sherr) - Estoniya Xarici Siyasət İnstitutunun baş elmi əməkdaşı:

 “Ukraynada sülhə nə qədər qətiyyətlə nail olmağa çalışırıqsa, barışıq bir o qədər mümkünsüz görünür. Ona görə ki, özündən sonra Rusiya üçün ən vacib olan ikinci ölkə Ukraynadır. Zelenski alqoritmdə çox incə dəyişiklik edib və ruslar çaşbaş qalıblar. Birincisi, o, böyük əhəmiyyət kəsb edən məsələlərdə, məhz Ukrayna konstitusiyası, seçkilər və “xüsusi status” məsələsində güzəştə getməyib. İkincisi, Angela Merkelin (Angela Merkel) dolayı dəstəyini qazanaraq cəsarətli bir şəkildə bəyan edib ki, Minsk sazişinin sərhədlərlə bağlı şərtləri Ukraynanı qane etmir. Üçüncüsü, Zelenski açıq mətnlə Ukraynanın “qırmızı xətlərini” açıqlayıb. Bununla da Zelenski əmin olub ki, tərəfdaşları və daxili rəqibləri, eyni zamanda ruslar Ukrayna xalqının daha azına razı olmayacağını başa düşüblər”.

Mayl Botsyurkiv (Michael Bociurkiw) – beynəlxalq analitik:

 “Məni ən çox narahat edən məsələ odur ki, Rusiya prezidenti Vladimir Putin işğal edilmiş ərazilərdə hələ də seçkilərin keçirilməsinə israr edir və Rusiyanın dəstəklədiyi üsyançıların bölgəni tərk etməsi, Ukraynanın sərhədlərə nəzarət edə bilməsi üçün Kiyevin tələblərinə güzəştə getməyə hazırlaşmır. “Qırmızı xətlər” Ukrayanda ictimai rəy nəticəsində formalaşıb. Və prezident Vladimir Zelenski çox gözəl başa düşür ki, həmin xətləri poza bilməz. Amerikanın dəstəyinə gəldikdə, Ukrayna bir müddət tək qalmalı olacaq. Çünki Vaşinqtonun başı impiçment proseduruna qarışıb. Adı qalmaqallarda hallanan Donald Tramp (Donald Trump) isə ikinci dəfə prezident seçilməyə çalışır”.

Brayan Bonner (Brian Bonner) – “Kyiv Post” nəşrinin baş redaktoru:

 “Təəssüf ki, müharibə hələ uzun müddət davam edəcək. Ta ki, Rusiya və Vladimir Putin Ukraynanın müstəqil ölkə olduğunu, siyasi kursunu özü müəyyənləşdirdiyini etiraf edənədək. Baş verənlər arasında yeganə müsbət cəhət ondan ibarətdir ki, Kremlin başlatdığı müharibə davam etdikcə Ukrayna Rusiyadan daha çox uzaqlaşır və Qərbə daha çox yaxınlaşır”.

Yevgeni Fedçenko – “StopFake.org” saytının baş redaktoru:

“Avropa müharibədən bezib. AB liderləri isə onun ümumiyyətlə beynəlxalq arenadan yoxa çıxmasını istəyirlər. Qarşıdan gələn yeni il özü ilə birlikdə sülh deyil, yeni hərbi əməliyyatlar və yeni qurbanlar gətirəcək. Prezident Zelenskinin hakimiyyətə gəlişi ilə qısa müddətlik sakitlikdən sonra Rusiyanın əsas mediaplatformalarında yeni informasiya hücumunun əlamətləri gözə dəyməyə başlayıb. Ukraynanın əlçatmaz sülhlə bağlı faydasız danışıqlarda ilişib qaldığı bir vaxtda Rusiya yeni gərginlik üçün zəmin hazırlayır. Bunu nəzərə alsaq, Ukrayna 2020-ci ildə müdafiə olunmağa hazır olmalıdır. Ancaq bu dəfə beynəlxalq dəstək zəifləyib, kapitulyasiyanın xeyrinə xarici təzyiq isə artıb”.

Petr Zalmayev – Avrasiya Demokratik Təşəbbüslər təşkilatının direktoru:

“Rejimin iflas olacağına dair səslənən proqnozlara baxmayaraq, Putin bilir ki, təcrübəsiz ukraynalı həmkarı ilə müqayisədə daha güclü kartlara sahibdir.  Zelenski hakimiyyətin bütün qolları üzrə misli görünməmiş nəzarət əldə etmiş ola bilər, ancaq o, səs-küylü müxalifət, xalq etirazları və güclü oliqarxların tələbləri ilə barışmaq məcburiyyətindədir. Kremlin Ukraynaya mövqeyini rusların bir atalar sözü ilə təsvir etmək olar: “su daşı itiləyir”. Bu, beynəlxalq sanksiyalar qarşısında belə Moskvanın bu cür inadkarlıq nümayiş etdirməsinə aydınlıq gətirir. İşğal edilmiş Donbası Kiyevin Avropa yoluna mane olacaq Troya atı şəklində Ukraynaya geri qaytarmaq üçün Putinin əlinə imkan düşməsə, onun güzəştə getməyə heç bir stimulu yoxdur”.

 

FİKRİNİ BİLDİR