LİVİYA TÜRKİYƏ İLƏ RUSİYA ARASINDA YENİ DÖYÜŞ MEYDANIDIR

Liviya münaqişəsi elə bir şəkildə cərəyan edir ki, Türkiyə və Rusiya qüvvələri Suriyada olduğu kimi bu münaqişədə də bilavasitə iştirak edə bilərlər. Rus muzdlular ölkənin şərq və cənub bölgələrinə nəzarət edən general Xəlifə Həftəri dəstəkləyirlər. Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan isə Tripoli və Misrata nəzarət edən Milli Razılıq Hökuməti ilə əməkdaşlığını möhkəmlədib. Düşmən tərəflərdən heç birinin qarşı tərəfə qalib gəlmək üçün yetəri sayda hərbi qüvvəsi yoxdur. Lakin Türkiyə və Rusiya tərəfdən birbaşa yardım vəziyyəti köklü şəkildə dəyişə bilər. Bu barədə İspaniyanın “El Pais” nəşri yazır.

Dekabrın 12-i Xəlifə Həftər Tripoliyə “həlledici” hücuma keçməyə hazırlaşdığını bəyan edib. Paytaxt təkcə BMT tərəfindən dəstəklənən Milli Razılıq Hökumətinin (MRH) əlindədir. General apreldə paytaxtı mühasirəyə almağa başlayıb, amma irəliləyə bilməyib. Xəlifə Həftərin başçılıq etdiyi qoşunlara  minlərlə sudanlı muzdlu qoşulub. Rusların da gəlişi tərəzinin gözünü liviyalı general tərəfə əyəcək.

Kağız üzərində Fayez Saracın başçılıq etdiyi MRH Liviyanın yeganə qanuni hökuməti hesab edilir və BMT, ABŞ, AB tərəfindən dəstəklənir. Əslində isə bu hökuməti təkcə Türkiyə və bir az da Qətər dəstəkləyir. Fayez Sarac bir ay ərzində ən azı iki dəfə Ərdoğanla görüşüb, onunla hərbi və dəniz sazişləri imzalayıb. İndi İstanbul növbəti addıma hazırdır.

TÜRK QOŞUNLARININ GÖNDƏRİLMƏSİ

Dekabrda Ərdoğan bəyan edib ki, “Liviya xalqı xahiş etsə”, Türkiyə ora qoşun göndərməyə hazırdır. Noyabrın 27-i MRH və Ankara hərbi əməkdaşlıq haqqında saziş imzalayıb.

Dekabrın 15-i Ərdoğan yenidən İstanbulda Fayez Saracla görüşüb. Lakin bu görüş nəticəsində heç bir razılaşma əldə olunmayıb.

Türkiyəli hərbi analitik, keçmiş zabit Metin Gürkan “Al Monitor” nəşrində yazır ki, Türkiyə Silahlı Qüvvələri artıq Liviyaya hərbi yardım göndərmək üçün hazırlıqlara başlayıb: “Bu yardım iki-üç desant qrupundan, təxminən 100 nəfər heyətlə bir dəniz rotasından, həmçinin hərbi gəmilər və təyyarələrdən ibarət olacaq”. Analitik həmçinin qeyd edib ki, türk hərbçiləri liviyalı həmkarlarına təlimat verməklə kifayətlənəcək, döyüş əməliyyatlarında iştirak etməyəcəklər.

Yerli mətbuat xəbər verir ki, Türkiyə tərəfdən yardım silah, hərbi dronlar və bir neçə təlimatçının tədarükü ilə məhdudlaşıb. Lakin Ankara silah tədarükü ilə bağlı məlumatı təkzib edir. Əks təqdirdə, Türkiyə BMT-nin Liviyaya qarşı tətbiq etdiyi silah tədarükünə beynəlxalq embarqonu pozduğunu rəsmi şəkildə etiraf etmiş olardı. Münaqişəyə cəlb edilən tərəflərin hamısı embarqonu pozur, ancaq heç biri bunu etiraf etmir. Kreml də general Xəlifə Həftərin başçılıq etdiyi qoşunların sıralarında rus muzdluların olduğunu təkzib edir.  

ARALIQ DƏNİZİNDƏ NEFT VƏ QAZ YATAQLARININ KƏŞFİ HAQQINDA PAKT

Hərbi əməkdaşlıq sazişindən başqa noyabrın sonlarında Türkiyə və Liviya Aralıq dənizində xüsusi iqtisadi zonaların ayrılması ilə bağlı pakt imzalayıblar. Bu yeni sərhədlər Türkiyəyə sualtı neft və qaz yataqlarında kəşfiyyat işləri aparmağa imkan verəcək.

Mübahisəli pakt Şərqi Aralıq dənizində neft və qaz yataqlarının kəşfiyyatında iştirak etmək istəyən Ankaranın son təzyiq tədbiridir. Yunanıstan, Kipr, Misir və İsrail ərazi sularında tapılan qazın istehsalı və nəqlinə dair bir sıra sazişlər imzalayıblar. Türkiyə ilə müqavilə bağlanmayıb. İndi Ankara iddia edir ki, Yunanıstan Türkiyə ilə sərhəddə yerləşən kiçik adalarının, məsələn, Kastelorizonun çoğrafi mövqeyindən haqsız olaraq istifadə edərək Türkiyənin maraqlarına zidd şəkildə xüsusi iqtisadi zonalarını genişləndirməsinə haqq qazandırır.

 

Mənbə: EL PAIS

FİKRİNİ BİLDİR