SURİYADAKI YENİ ƏZABA DALĞASINA GÖRƏ ƏSƏD VƏ PUTİN MƏSULİYYƏT DAŞIYIR

Suriya diktatoru Bəşər Əsəd, eləcə də iranlı və rusiyalı müttəfiqləri üsyançıların ələ keçirdikləri ərazilərə nəzarəti bərpa etmək üçün illərdir qanlı, sistemli bir strategiya həyata keçirirlər. Suriya rejimi insanları sıxışdırmaq, habelə xəstəxanalar, məktəblər və bazarları bombalamaq üçün amansız hücum əməliyyatları keçirir. Dəməşq müəyyən bir ərazini ələ keçirdikdən sonra beynəlxalq təzyiqlərə cavab verir və atəşkəslə razılaşır. Bu proses bir neçə həftə və ya aydan sonra yenidən təkrarlanır. Bu barədə “The Washington Post” qəzetinin redaksiya məqaləsində deyilir.

Keçən həftə şimali İdlib vilayətinə yeni hücumu da məhz Suriya və Rusiya qüvvələri başladıb. Humanitar yardım təşkilatlarının bildirdiyinə görə yenidən mülki şəxslər hədəf alınıb. Nəticədə 100 mindən çox insan Türkiyə ilə sərhədə üz tutmaq məcburiyyətində qalıb. Bu hücum aprel ayında başladılan əməliyyatın davamıdır. Həmin hücum nəticəsində 500 mindən çox insan avqustda əldə olunan atəşkəs razılaşmasına qədər evlərini tərk etmək məcburiyyətində qalmışdı. Humanitar yardım təşkilatlarının məlumatına əasən, yeni hücum nəticəsində qaçqınların sayı iki dəfə arta və on minlərlə insan qış aylarında açıq havada qala bilər. Türkiyə çoxdan Suriya ilə sərhədi bağlayıb. Bu da qaçqınların təhlükəsiz bir yerə çatmaq üçün heç bir yolunun olmadığını göstərir.

İdlib vilayəti uzun müddətdir  Türkiyə və Qərb dövlətlərinin baş ağrısına çevrilib. Vilayətin əhalisi təxminən 3 milyon nəfərdir. Bura Suriyanın başqa bölgələrindən gələn minlərlə qaçqın da daxildir. İdlibə “Əl Qaidə” və “Həyat Təhrir əş-Şam” kimi təşkilatların ekstremist qolları nəzarət edir. Ancaq Suriya və Rusiyanın bu vilayətə nəzarəti bərpa etmək taktikası əsasən dinc əhaliyə qarşı yönəlib. Suriya İnsan Hüquqları Rəsədxanasının (Syrian Observatory for Human Rights) məlumatlarına görə, bu ilin aprel ayından bu yana 5 mindən çox insan öldürülüb.

Türkiyə ötən il ekstremistləri tərksilah edəcəyinə və İdlibdə öz hərbi məntəqələrini quracağına söz versə də, vədləri yerinə yetirə bilməyib. Bu həftə Türkiyə diplomatları yenidən hücumu dayandırmaq tələbi ilə Rusiyaya müraciət ediblər. Bir dəfə Rusiya ilə razılaşma əldə edən ABŞ vacib müşahidəçiyə çevrilib. “Rusiya, Suriya və İran İdlib vilayətində minlərlə günahsız insanı öldürür və ya öldürməyə hazırlaşır. Bunu etməyin!” Prezident Tramp (Donald Trump) bu mesajı öz “Twitter” səhifəsində paylaşıb. O, əvvəlki hücumlara da eyni şəkildə reaksiya verib.

Trampın açıqlamasında deyildiyi kimi – “Türkiyə qırğını dayandırmaq üçün aktiv fəaliyyət göstərir” –qarşıdan gələn humanitar fəlakəti dayandırmaq üçün prezident Rəcəb Tayyip Ərdoğanın əlinə yaxşı imkan düşüb. Görünən odur ki, Türkiyə lideri bu fürsəti dəyərləndirəcək. Suriya İnsan Hüquqları Rəsədxanasının məlumatına əsasən, çərşənbə günü Türkiyəyə məxsus çoxlu hərbi maşın Suriya ilə sərhədi keçib. Ən yaxşı halda türklər bu hücumun qarşısını almaq üçün diplomatiyadan istifadə edə və mövcud məntəqələrini gücləndirə, həmçinin ekstremist qüvvələri zərərsizləşdirmək üçün daha çox səy göstərə bilərdilər.

Eyni zamanda, Suriyadakı yeni iztirab dalğasına kimin səbəb olduğuna aydınlıq gətirilməlidir: bunlar Əsəd rejimi və Rusiya rəhbəri Vladimir Putindir. ABŞ Konqressinin bu yaxınlarda qəbul etdiyi qanun layihəsində Suriya hökumətinə və onunla iş birliyi aparanlara, o cümlədən Rusiyaya qarşı sanksiyaların tətbiq edilməsi nəzərdə tutulub. Qanunvericilər qəbul edilən qərarların ciddi şəkildə yerinə yetirilməsinə israr etməlidirlər.

 

FİKRİNİ BİLDİR