TÜRKİYƏ NÜVƏ DÖVLƏTİ OLA BİLƏRMİ?

Türk resursları

Türkiyənin nüvə iddiasının güclü tərəfi ondan ibarətdir ki, ölkə geniş yanacaq yataqlarına malikdir. Bu da onu xarici tədarükçülərdən asılı vəziyyətə salmır. Türkiyə Respublikası Enerji və Təbii Ehtiyatlar Nazirliyinin məlumatına əsasən, ölkənin uran mədənlərində sübut edilmiş ehtiyatın həcmi 9 min ton təşkil edir. Bu da elektrik enerjisinin 30-35 il uranla təmin olunmasına kifayətdir. Həmçinin ehtiyatlara ən az 380 min ton torium filizini əlavə etmək olar. Türkşünas jurnalist Kirill Jarov Karnegi Moskva Mərkəzində Türkiyənin nüvə potensialını qiymətləndirir.

2018-ci ilədək yataqların işlənməsinin eksklüziv hüququ Amerikanın “Westwater Resources” müəssisəsinə və ona bağlı şirkətlərə məxsus olub. Lakin dünya bazarındakı mövcud qiymətlərlə əlaqədar sənaye hasilatı iqtisadi cəhətdən məqsədə uyğun olmadığı iş aparılmayıb.

2010-cu ildə Ankarada Nüvə Tədqiqat Mərkəzi (ANAEM) fəaliyyətə başlayıb. İstanbul Texniki Universitetində tədqiqat reaktoru (TRIGA) var. Bir neçə kompakt sürətləndirici tibb sənayesində özəl şirkətlər üçün işləyir.

Reaktordan bombaya

Lakin bütün bunlar o demək deyil ki, Türkiyə nailiyyətlərini asanlıqla nüvə bombası yaratmağa çevirə biləcək. Bu yaxınlarda Ərdoğan bəyan edib ki, Türkiyə nüvə silahına sahib olmaq istəyir. Ancaq məqalə müəllifi bunu prezidentin növbəti ritorik gedişi kimi qiymətləndirir. Jurnalistin fikrincə, bu bəyanat prezidentin beynəlxalq ədalətsizliklə mübarizə kimi sevimli mövzusunun populist istismarından başqa bir şey deyil.

Bu yolda əsas maneə “Nüvə silahlarının yayılmaması haqqında saziş” (NSY), həmçinin Türkiyənin imzalayıb yerinə yetirdiyi digər sənədlərdir. Sazişlərdən çıxmaq və ya onları yenidən nəzərdən keçirmək Türkiyəyə böyük problemlər yarada və ölkənin imicinə zərbə endirə bilər.

NSY xətti üzrə demarş halında Ankara mütləq güclü sanksiya dalğası, kütləvi xarici təzyiq, hətta təcridlə üzləşəcək. İrandan fərqli olaraq Türkiyə belə bir təzyiqə uzun müddət tab gətirə bilməyəcək. Çünki ölkə beynəlxalq siyasət, iqtisadiyyat və logistika sisteminə cəlb edilib.

Hələlik isteblişmentdə nüvə silahının əhəmiyyəti ilə bağlı konsensus və konstruktiv müzakirə gözə dəymir. Vaxtaşırı bu məsələyə toxunan yeganə şəxs Ərdoğandır.

Türkiyə müxalifəti də nüvə ambisiyalarını dəstəkləmir. Ərdoğanın istənilən təşəbbüsünə “yox” demək müxalifət düşərgəsi üçün böyük əhəmiyyət daşıyır. Əhalinin atom qorxuları prezidenti tənqid etmək üçün əla mövzudur.

Ərdoğanın ayrı-ayrı kəskin bəyanatlarına baxmayaraq, Ankaranın rəsmi mövqeyi olduğu kimi qalır: Türkiyə regionda nüvə silahına qarşıdır və belə bir silah yaratmağı planlaşdırmır.

Türkiyənin tədarük vasitələri – nəzəri cəhətdən nüvə başlıqları kimi təsnif edilə bilən kiçik və orta məsafəli raketləri var. Ancaq ölkənin hələlik uzaq məsafəli ballistik raketləri yoxdur.

Kadrlar qərar verir

Türkiyə rəhbərliyi bu məhdudiyyətləri dərk edir və hələlik dinc nüvə texnoligiyaları vasitəsilə kadr və texnoloji potensialının inkişafına diqqət ayırır. Hazırda onların əsas mənbəyi “Rosatom” şirkəti ilə birlikdə inşa edilən “Akkuyu” AES-dir. Rusiya stansiyanın işçi heyətinə və nüvə sahəsində çalışan mühəndislərə treninq keçir. Türklər “atom stansiyaları, layihələndirmə, istismar və mühəndislik” ixtisası üzrə 4 illik tədris proqramında iştirake edirlər. Onların Rusiyanın atom müəssisələrində təcrübə  keçəcəyi nəzərdə tutulub.

Düzdür, “Akkuyu” sazişi texnologiya transferini nəzərdə tutmur, hərçənd türklər hələ də Rusiyanı sirlərini paylaşmağa inandırmağa çalışırlar. Türkiyənin Sinopda ikinci AES-in tikintisi ilə bağlı Cənubi Koreya və Yaponiya ilə apardığı danışıqlar nəticəsiz qalıb. Buna podratçı şirkətlərin texnologiyanı vermək istəməməsi səbəb olub.

Əsas odur ki, mülki nüvə sənayesinin inkişafı və intellektual potensialın toplanması sayəsində Türkiyə lazım olduqda münasib müddətə hərbi atom sənayesi istiqamətində ilk müstəqil addımlarını ata biləcək. Ancaq yaxın gələcəkdə Türkiyənin özünün nüvə arsenalı olmayacaq.

 

FİKRİNİ BİLDİR