“AİLƏ” VƏ “KÖHNƏ QVARDİYA”

İlham Əliyev artıq 16 ildir hakimiyyətdədir. O, əvvəlki prezident, atası Heydər Əliyevin ölümündən bir müddət öncə - 2003-cü ildə ölkəyə başçılıq etməyə başlayıb. Bu barədə “Exo Kavkaza” yazır.

Oktyabr-dekabr aylarında İlham Əliyev bir neçə böyük dövlət məmurunu istefaya göndərib, bəzilərinin isə “yerlərini dəyişib”, Vergilər Nazirliyini ləğv edərək İqtidasiyyat Nazirliyinə birləşdirib.

Bütün bunlarla yanaşı, 1995-ci ildən prezident administrasiyasının rəhbəri 81 yaşlı Ramiz Mehdiyev və prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov tutduğu vəzifədən azad edilib. Sonuncu həmçinin mətbuata nəzarət edirdi. Bütün bunlar iqtidar tərəfindən islahat və hökumətin cavanlaşdırılması siyasəti kimi təqdim edilib.

Gələn ilin noyabr ayında parlament seçkiləri keçirilməli olsa da, dekabrın əvvəlində Milli Məclis parlamentin buraxılması haqqında yekdilliklə qərar qəbul edib.

Müxalifətin reaksiyası: iştiraka qarşı boykot

Aktiv müxalifət nümayəndələri parlamentin indiki heyətində iştirak etməyib. Hazırda müxalifətin bir hissəsi növbədənkənar seçkilərə boykot elan edib. Başqaları, əksinə, bunu parlamentə düşmək fürsəti kimi qiymətləndirib və artıq hazırlığa başlayıb. Hərçənd hamı birləşmək və ümumi taktika işləyib hazırlamaq lazım gəldiyini düşünsə də, hələlik razılığa gəlmək mümkün olmayıb.

Demokratik Qüvvələrin Milli Şurası seçkiləri boykot etmək qərarına gəlib. Şuradan bildirilib ki, “növbədənkənar parlament seçkilərinin keçirilməsində məqsəd demokratik islahatlar deyil, hakimiyyətin bundan sonra da bir ailənin əlində cəmləşməsi üçün nəzərdə tutulub”.

“Respublikaçı alternativ” partiyası (REAL) seçkilərlə bağlı tamam əks mövqe sərgiləyir. REAL eyniadlı hərəkatdan əmələ gələn, qeydiyyatdan keçməmiş nisbətən gənc müxalifət partiyasıdır. Partiya lideri İlqar Məmmədov ötən ilədək Azərbaycanın ən məşhur siyasi məhbuslardan biri olub. O, 2018-ci ilin avqust ayında şərti azadlığa buraxılıb. Növbədənkənar seçkilərlə bağlı məlumat yayılan kimi İlqar Məmmədov REAL-ın mütləq seçkilərdə iştirak edəcəyini bəyan edib və namizədlərini irəli sürüb.

Özünü XX əsrin başlanğıcında fəaliyyət göstərən eyniadlı tarixi partiyanın “siyasi varisi” hesab edən “Müsavat” partiyası uzun müddət tərəddüd etdikdən sonra seçkilərdə iştirak etmək qərarına gəlib.

Keçmiş səhiyyə naziri Əli İnsanov tərəfindən təsis edilən “Haqq ədalət” partiyası hələlik mövqeyini müəyyənləşdirməyib. İnsanov 2007-ci ildə vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyi üçün 11 il müddətinə azadlıqdan məhrum edilib, sonra narkotik maddələrin saxlanması və hökumət nümayəndələrinə müqavimət göstərdiyi üçün daha 7 il cəza alıb. O, ötən il əfv fərmanı nəticəsində azadlığa buraxılıb.

“Aralarında didişməsələr, kifayətdir”

Azərbaycanlı hüquq müdafiəçisi, jurnalist Xədicə İsmayılovanın fikrincə, “seçkilərdə iştirak etməyə hazırlaşanlar bilirlər ki, mandat alsalar da bu, seçicilərin səsləri sayəsində deyil, prezident və həyat yoldaşının istəyi ilə baş verəcək”.

 “JAMnews” nəşrinin siyasi icmalçısı Şahin Rzayev bu seçkilərin əvvəlkilərdən fərqli olacağını düşünmür, lakin bir neçə müxalifətçinin parlamentə keçəcəyini ehtimal edir. “Azərbaycanda yaxşılığa doğru dəyişiklik olmayacaq. Vəziyyət daha da pisləşəcək. Kosmetik islahatlar ölkəni xilas etməyəcək”.

Bayram Məmmədov “heykəl məhbuslarından” biri kimi tanınan gənc fəaldır. 2016-cı ildə Bayram Məmmədov və Qiyas İbrahimmov Heydər Əliyevin heykəlinin üzərinə hökumət əleyhinə şüar yazdıqdan sonra narkotik maddələrin dövriyyəsində ittiham edilərək, hər biri 10 il müddətinə həbs edilib. Onlar mart ayında əfv fərmanı nəticəsində azadlığa buraxılıblar. Bayram Məmmədov baş verənləri islahat kimi qəbul etməyi sadəlövhlük adlandırır.

Azərbaycanda parlament seçkiləri majoritar sistem üzrə keçirilir. Milli Məclis 125 deputatdan ibarətdir. Onların hər biri 5 il müddətinə seçilir. Ölkə müstəqillik əldə etdikdən sonra nə ATƏT, nə də AB və ABŞ-dan olan müşahidəçilər seçkilərin azadlığını tanımayıb.

 

Mənbə: EXO KAVKAZA

FİKRİNİ BİLDİR