MAJORİTAR YOLLA SEÇİLƏN DEPUTATLAR DA İVANİŞVİLİYƏ QARŞIDIR

“Gürcü arzusu” partiyasının majoritar yolla seçilən deputatları müxalifətin irəli sürdüyü alman modelinin əvəzinə amerika modelini, yəni, tamamilə majoritar modelə keçməyi təklif ediblər. Bu düzəlişlərin qəbuluna başlamaq üçün seçki sistemini dəyişdirə bilməyən deputatlar təşəbbüs qrupu yaradıblar. Partiyanın digər deputatları buna qarşı olsalar da, həmkarlarının fikrinə hörmətlə yanaşırlar. Bu barədə “Exo Kavkaza” məlumat verir.

Parlamentin Prosedur Qaydaları və Məsələləri Komitəsinin başçısı Quram Maçaraşvili jurnalistlərə açıqlamasında bunun qanunverici təşəbbüs deyil, təşəbbüs qrupunun təşəbbüsü olduğunu qeyd edib.

Cavabında müxalifət majoritar-proporsional sistemi saxlamağı, ancaq bu zaman alman seçki sisteminin prinsipləri üzrə mandatların paylanma qaydasında dəyişiklik edilməsini təklif edib. Lakin bu model “Gürcü arzusu”nda heç kimin xoşuna gəlməyib. Hakim partiyadan olan deputatların bir qismi 2024-cü ilədək gözləməyi təklif edib. Konstitusiyaya əsasən, həmin il seçkilər proporsional sistemlə keçirilməlidir.  

Təkpartiyaçılar bu dəfə də majoritarçı Xundadzeni razı sala bilməyiblər. O, yenə etiraz etməyə başlayıb. Belə ki, Xundadze “Gürcü arzusu”nun səhvə yol verdiyini və bu səhvi düzəltmək lazım gəldiyini düşünür: “ABŞ-da olduğu kimi ölkəyə təkcə majoritar yolla seçilən deputatlar lazımdır. İki palata olacaq – senat və respublikaçı şura. Məncə, bu cür sistem ölkənin sabit siyasi inkişafını təmin edə biləcək”.

Deputat David Matikaşvili xatırladır ki, çoxları əvvəlki kimi proporsional sistem ideyasına sadiq qalıb: “Majoritar yolla seçilən deputatların öz mövqelərini müəyyənləşdirməyə tam haqları var. Çoxluğun mövqeyi başqa məsələdir. Ancaq noyabrın 14-ü keçirilən səsvermə göstərib ki, parlamentdəki çoxluqda əksəriyyət proporsional sistemi dəstəkləyir”.

“Milli hərəkat” fraksiyasının lideri Roman Qosiridze deyib ki, müxalifət majoritar yolla seçilən deputatların növbəti üsyanına inanmır: “Seçkilərin hansı sistemlə keçiriləcəyini Xundadzedən soruşan var? Xundadze və majoritarların hamısı İvanişvilinin “peşka”larıdır”.

Parlamentdən kənar müxalifət, “Lelo” partiyasının liderlərindən Saba Buadze də hakim partiya nümayəndələrinin hərəkətlərinin uydurma olduğunu hesab edir: “Bu, ictimaiyyətin diqqətini yayındırmaq üçün həyata keçirilən son dərəcə bacarıqsız, pis bir cəhddir. Təəccüblü deyil ki, “Gürcü arzusu”nda bu cür zərərli təşəbbüslərə bu qədər vaxt ayırırlar, çünki partiyanın gəmisi batır”.

Müxalifətdəkilər get-gedə daha çox əmin olurlar ki, qərb tərəfdaşlarının aktiv yardımı olmadan böhrandan çıxmaq mümkün olmayacaq. Bu gün “Milli hərəkat” və “Avropa Gürcüstanı” partiyalarının nümayəndələri Rustaveli prospektində elan ediblər ki, hakim dairələrlə və konqresmenlərlə görüşmək üçün Vaşinqtona yola düşürlər.

ABŞ-ın Gürcüstandakı səfiri Elizabet Rud (Elizabeth Rood) hələ də hökumət nümayəndələrini danışıqlar masasına oturtmağa çalışır. Bu gün diplomat növbəti dəfə siyasi gərginliklə bağlı narahatlığını dilə gətirib. “Ona görə iqtidar və müxalifət partiyaları arasında dialoqu dəstəkləyirik”,  - deyə Rud bildirib.

BMT-nin Gürcüstandakı daimi koordinatoru Luiza Vinton (Louisa Vinton) “Gürcü arzusu” partiyasına xatırladıb ki, təmsil etdiyi təşkilat proporsional seçki sisteminə keçidlə bağlı verilən vədin yerinə yetiriləcəyini gözləyir.

Yerli müşahidəçilər beynəlxalq ictimaiyyət tərəfindən tənqidlərin sərtləşəcəyini gözləyir. Bir çoxları hesab edir ki, müxalifətin təklif etdiyi modelə əks seçki sistemi modelinin irəlilədilməsi ilə bağlı iqtidarın niyyətinin nə qədər ciddi olduğu parlament çoxluğunun sabah keçirəcəyi və Bidzina İvanişvilinin iştirak edəcəyi iclasdan sonra bəlli olacaq.

 

Mənbə: EXO KAVKAZA

FİKRİNİ BİLDİR