ƏLİYEVLƏRİN PLANI NƏDİR?

Azərbaycanın yeni parlamenti də əskisi kimi sadəcə möhür vuracaqmı? Bu gedişlər vitse-prezident və birinci xanımın hakimiyyətə sahiblənməsinə yol açacaqmı?

Azərbaycan parlamenti özünü buraxıb və bununla da gələn ilin əvvəlində növbədənkənar seçkilərin keçirilməsi üçün zəmin yaradıb. Azərbaycan Konstitusiyasına görə prezident parlamentin buraxılması barədə sərancam imzaladıqdan sonra 60 gün ərzində yeni seçkilər keçirilməlidir. Ölkədə baş verənləri dünya mətbuatı analiz edir.

“Al Jazeera” agentliyinin redaksiya məqaləsi baş nazir Novruz Məmmədovun qəfil istefasına diqqəti çəkir. “Parlamentin buraxılması barədə hakim partiyadan gələn müraciət baş nazirin izahatsız istefasından və prezidentin müttəfiqinin bu posta gətirilməsindən bir ay sonra ortaya çıxdı”.

Hakim partiya prezident İlham Əliyevə parlamenti buraxmaq barədə müraciət edib.

“Azərbaycanda hakimiyyət əsas etibarilə prezidentin əlində cəmləşdiyindən parlament ölkənin siayasi sistemində məhdud rol oynayır. Ənənəvi olaraq Əliyevə yaxın adam tərəfindən icra olunan baş nazir vəzifəsi əslində nominal xarakter daşıyır”, deyə məqalədə yazılır.

“Eurasianet” portalı yazır ki, son hadisələr ölkəni idarə edən heyətin cavanlaşması prosesinin gücləndirilməsidir. Müəllif Coşua Kuceranın (Joshura Kucera) sözlərinə görə “vitrini” dəyişən hakimiyyət bütün bunları “islahat” kimi təqdim edir.

Müəllif yazır ki, ölkədə növbədənkənar parlament seçkilərinin keçiriləcəyinə dair söhbətlər son bir ildə yayılmaqda idi və analitiklər bəzi səbəbləri də açıqlamışdılar. “İqtisadi narazılıq və Əliyev iqtidarından artmaqda olan narazılıq fonunda hakimiyyət silkələndiyini göstərmək istəyə bilər. Bu arada Asiya Bankı region ölkələri arasında Azərbaycanda ən ləng iqtisadi artım olacağına dair proqnoz verib”.

Portal yazır ki Azərbaycanda gedən dəyişikliklər Ermənistandakı siyasi dəyişikliklə də bağlı ola bilər. “İki düşmən dövlət arasındakı siyasi fərqlilik dərinləşir. Bakıda bəziləri narahatdırlar ki, iki dövlət arasındakı münaqişə diktatura ilə demokratiya arasındakı münaqişə kimi görünə bilər və təbii ki, beynəlxalq ictimaiyyət də demokratiyanın yanında olacaq”.

“Bundan başqa kadr dəyişikliyi ailənin və vitse-prezident Mehriban Əliyevanın digər əməkdaşlarının xeyrinə dəyişir. Və bu da onu deməyə əsas verir ki, onu ərinin səlahiyyətlərini öz üzərinə götürə bilmsi üçün hazırlayırlar. Mehriban Əliyeva parlamentin müraciətindən və hökumətdəki dəyişiklikdən bir həftə öncə Moskvaya gurultulu səfər etmişdi və bir çoxları bunu xanımın yolunu açmaq kimi dəyərləndirmişdilər”

“Yeni seçkilərdən sonra çox güman ki, hakimiyyətin Mehriban Əliyevaya ötürülməsi yaxın gələcəkdə başa çatacaq”, - deyə müəllif yazır.

Sonda Azərbaycan müxalifətinin seçkilərlə bağlı mövqeyinə toxunan müəllif yazır ki, müxalifət bu məslədə fikir ayrılığı nümayiş etdirir.

İlham Əliyevin hakimiyət dövrünün xronologiyasına diqqət çəkən “Al Jazeera”-nın redaksiya heyəti qeyd edir ki, atası Heydər Əliyevin vəfatından iki ay öncə hakimiyyətə gələn oğul Əliyev 2008, 2013, 2018-ci illərdə yenidən prezident seçilib. “O öz mövqeyini iki dəfədən artıq prezident seçilmək məhdudiyətini aradan qaldıran və prezidentlik müddətinin 7 ilə qədər uzadılmasını təmin edən iki referendumla möhkəmlədib. Əliyev 2017-ci ildə öz həyat yoldaşı Mehriban xanımı prezidentdən sonra ikinci ən önəmli vəzifəyə - vitse-prezident postuna təyin etdi”.

“Əliyevlər sülaləsi dövründə rəsmi Bakı azad mətbuatı və əks fikirliliyi böğduğuna görə beynəlxalq ictimaiyyət tərəfindən ciddi tənqidə məruz qalıb. Beynəlxalq təşkilatlardan “Amnesty International” və “Freedom House”-un hesabatlarında Azərbaycan “azad olmayan” ölkə kimi təqdim olunur və bildirilir ki, müxalif düşüncəli insanlar ədalətsiz mühakimələrlə siyasi motivli həbslərə məruz qalırlar. Keçmiş sovet respublikasında korrupsiya çiçəklənir və uzunmüddətli təqiblərdən sonra zəifləmiş müxalifət formal mövcuddur”, deyə “Al Jazeera” yazır.

Mənbə: AL JAZEERA

FİKRİNİ BİLDİR