RUSİYA AFRİKANIN “QANLI ALMAZLAR”INI LEQALLAŞDIRMAĞA ÇALIŞIR

“(...) Bu həftə Moskva bildirib ki, Mərkəzi Afrika Respublikasından (MAR) almaz ixracına beynəlxalq embarqoya son qoymaq istəyir. MAR bütün dünyada “qanlı almazlar”a görə qadağaya məruz qalan yeganə ölkədir, - “The Independent” qəzeti yazır. – Hesabatlara əsasən, MAR-da almazların 90%-dən çoxu hələ də qara bazar vasitəsilə satışa çıxarılır”.

“(...)Satışdan gələn gəlir silahlı qruplaşmaların “cibinə getdiyi” üçün 2013-cü ildə MAR-dan almaz ixracına qadağa qoyulub. 3 ildən sonra ölkənin qərbində hökumətin nəzarətində olan bölgələrdə qadağa qismən ləğv edilib. Amma Rusiya indi bütün MAR ərazisində ixracı leqallaşdırmaq istəyir”, - məqalədə deyilir.

Regionda anti-korrupsiya fəaliyyəti ilə məşğul olan “Enough Project” qeyri-hökumət təşkilatından Bred Bruks-Rubin (Brad Brooks-Rubin) nəşrə açıqlamasında bildirib ki, Moskvanın təşəbbüsünün uğurla nəticələnəcəyi gözlənilmir. Onun sözlərinə görə, dəfələrlə bu cür bəyanatlar səsləndirilib. Daha əvvəl almaz sənayesinin ən böyük fiqurantları Dubay və Hindistan belə bir təşəbbüslə çıxış edib. Lakin indi bu təşəbbüsü Rusiyanın irəli sürməsi o deməkdir ki, ideya “müəyyən dəstək” qazanacaq.

“Rusiya 30 il davam edən susqunluqdan sonra Afrikada mövqeyini bərpa etməyə çalışır. (...) Hazırda qitənin əsas oyunçusu Çindir. Amma Vladimir Putin bu vəziyyəti dəyişmək istəyir və MAR onun strategiyasının əsas sütunudur, - məqalə müəllifi Oliver Kerol (Oliver Caroll) qeyd edir. – Rusiya Elmlər Akademiyası Afrika İnstitutunundan antropoloq Dmitri Bondarenko bildirib ki, yoxsul, mineral resurslarla zəngin dövlətlə əməkdaşlıq Rusiyanın regiondakı yeni potensialını nümayiş etdirməlidir. Ekspertin sözlərinə görə, birincisi, MAR heç vaxt Sovet İttifaqının təsir zonasında olmayıb. İkincisi, ölkə Rusiya ilə “ideoloji deyil, praqmatik səbəblərdən” dolayı əməkdaşlıq edir. Üçüncüsü, MAR Qərbdən (verilmiş halda Fransadan) asılılığını azaltmaq üçün Rusiyadan istifadə edir”.

“(...) Ötən il MAR və Rusiya təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında saziş imzalayıb. Həmin razılaşmaya əsasən, rus ordusu yerli prezident qvardiyasına təlim keçməlidir, - jurnalist yazır. – (...) Moskva rəsmi qüvvələrini Afrikaya göndərdikdən sonra almaz hasilatı ilə məşğul olan rayonların yaxınlığında özəl ordular meydana çıxmağa başlayıb. Muzdluların Yevgeni Priqojinlə əlaqəsi olduğu deyilir. Belə ki, Priqojinin şirkətləri çoxlu keyterinq sifarişi aldığı üçün ona “Putinin aşpazı” deyirlər”.

“2019-cu ildə məlum olub ki, Priqojinlə əlaqəli şirkət ölkə daxilində almaz hasilatına da hüquq əldə edib, - məqalədə deyilir. – Bruks-Rubinin sözlərinə görə, Rusiyanın almaz bazarını liberallaşdırmağa çalışmasını da məhz bu faktla izah etmək olar (...)”.

 

FİKRİNİ BİLDİR