ABŞ-DA “YENİ TÜRKİYƏ” REALLIĞI

“Prezident Ərdoğanın təbirincə desək, çətin dövrdən keçən Türkiyə-Amerika münasibətləri dumanlı havaya rəğmən, gec-tez normal məcrasına geri qayıdacaq. Çünki problemlərin həlli bu və ya başqa şəkildə qaçınılmaz görünür”, - Bercan Tutar “Sabah” qəzetində yazır.

“Deyəsən, ötən günkü sammit ABŞ və Türkiyə arasında münasibətlərin gələcək inkişafı ilə bağlı yeni yol xəritəsinin yaradılmasına imkan verəcək. Əlbəttə, Türkiyə üçün prioritet məsələ Suriyanın şimalında terror dövlətinin yaranma riskinin aradan qaldırılmasıdır. Bu baxımdan xüsusən təhlükəsizlik mövzusunda yeni anlayışın meydana çıxması böyük əhəmiyyət kəsb edir”, - məqalədə deyilir.

“Ehtimallara əsasən, nəinki ABŞ və Türkiyə, eyni zamanda bütün dünya yolayrıcındadır. Yeni dünya nizamı formalaşır. Suriyanın şimalı başda olmaqla, müəyyən məsələlərdə iki ölkənin təhlükə ilə bağlı fikirləri müxtəlifdir. Buna baxmayaraq, ABŞ beynəlxalq və regional miqyasda Türkiyəni qarşısına almaq qərarına gəlsə, böyük bədəl ödəməli olacaq”, - jurnalist qeyd edir.

Məqalə müəllifi hesab edir ki, yeni strateji reallıq ABŞ-ı Türkiyəyə qarşı daha soyuqqanlı siyasət həyata keçirməyə məcbur edir: “Və müttəfiq kimi Türkiyəni əldə etməyə yönəlmiş siyasətin bayrağını da Tramp daşıyır. Ümumi strateji hədəflər iki ölkə arasında mürəkkəb probelmlərin bir şəkildə həll edilməsini tələb edir. Bu anlamda yeni sərt sanksiyalar, FETÖ və YPG-ə dəstək strategiyası Türkiyəni ABŞ-dan daha çox uzaqlaşdırır”.

“Aydındır ki, ABŞ AB-ə əsaslanan Avrasiya və Yaxın Şərqdə dominanlıq siyasətini dəyişir. XXI əsr Amerika strategiyasında AB ilə müqayisədə Türkiyə daha vacib mövqe tutur. Türkiyə gedərək real görkəm alan qlobal sistemlərin yeni geosiyasi xəritəsində əsas oyunçulardan birinə çevrilir. Rusiya və Çindən sonra bütün platformalarda Türkiyənin adı səslənir. Artıq Türkiyə ABŞ, Rusiya və Çin ilə yanaşı geosiyasi iyerarxiyanın ən vacib dörd oyunçu arasında yerini tutur”,  - məqalədə deyilir.

“Dövlət Bahçelinin də vurğuladığı kimi, “Türkiyə ilə dostluq çox dəyərlidir, düşmənlik isə çox təhlükəli”. Şübhəsiz, bunu ən yaxşı başa düşən ABŞ-dır. Çünki Gezi parkı ilə bağlı etirazlardan tutmuş 15 iyul 2016-cı il dövlət çevrilişi cəhdinə kimi hər cürə ssenaridən istifadə etməyə çalışsalar da, Türkiyəni diz çökdürə bilməyiblər”, - məqalə müəllifi qeyd eidr.

“ABŞ və Türkiyə liderlərinin görüşündən belə bəlli olur ki, Donald Trampın başçılığı altında Amerika da bu yeni prosesə və yeni reallığa özünü maksimum adaptasiya etməyə çalışacaq”, - sonda jurnalist yazır.

 

Mənbə: SABAH

FİKRİNİ BİLDİR