SENATOR LİNDSİ QREM “ERMƏNİ SOYQRIMI”NIN TANINMASI HAQQINDA QƏTNAMƏNİ BLOKLAYIB

Cənubi Karolina ştatından senator Lindsi Qrem (Lindsey Graham) ABŞ Konqressinin Osmanlı imperiyasında “erməni soyqırımı”nı tanıyan qətnaməsini bloklayıb. Bu, ABŞ prezidenti Donald Trampla onun türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğanın görüşündən bir neçə saat sonra baş verib.

Qrem qətnamənin rədd edilməsini onunla izah edib ki, senatorlar “tarixi nə şişirtməli, nə də onu yenidən yazmalıdırlar”. Bu barədə  “The Hill” nəşrinə istinadən  “Fox News” telekanalı məlumat verib. Senatorun nümayəndələri telekanalın suallarını cavablandırmayıb.

Nyu Cersi ştatından senator Bob Menendes (Bob Menendez) qətnamənin qəbulunu dəstəkləyib: “İnsan hüquqlarının pozulması, bəşəriyyətə qarşı cinayətlər, etnik təmizləmə və soyqırım halları baxımından ABŞ-ın xarisi siyasəti ədalətli olmalıdır. Biz soyqırım qurbanlarından üz döndərə bilmərik”.

Xatırladaq ki, ötən ay Nümayəndələr Palatasının 405 konqresmeni Osmanlı imperiyası ərazisində ötən əsrin əvvəllərində baş verən ermənilərin kütləvi qırğınını soyqırım kimi tanıyıb. Bunun əleyhinə səsverənlər cəmi 11 konqresmen olub. Nümayəndələr Palatasının üzvü İlhan Ömər (Ilhan Omar) bildirib ki, ABŞ eyni şəkildə milyonlarla yerli xalqın öldürülməsində və qul alverində rolunu etiraf etməlidir.

Türkiyə “soyqırım” termininə etiraz edir, həlak olanların sayının şişirdiliyini bildirir və onları müharibə qurbanları olduğunu hesab edir. Analoji qətnamələr əvvəlki administrasiyaların dövründə də müzakirəyə çıxarılıb. Lakin heç biri qəbul edilməyib.

Opponentlər iddia edir ki, “erməni soyqırımı”nın tanınması regionda sabitliyin təmin edilməsində ABŞ-ın ən mühüm müttəfiqi Türkiyəni qəzəbləndirə bilər.

 “Mən indicə Ərdoğanla və prezident Trampla görüşdüm və Türkiyənin Suriyaya hərbi müdaxiləsi nəticəsində qarşılaşdığımız problemlər haqda danışdım. Ümid edirəm ki, Türkiyə və Ermənistan bu problemi birlikdə yoluna qoya biləcəklər”, - deyə Qrem senatdakı çıxışında bildirib.

Tramp Amerika qoşunlarını Suriyadan çıxardıqdan sonra Türkiyə orada hərbi əməliyyatlara başlayıb. Bu da Vaşinqton-Ankara münasibətlərində gərginliyə səbəb olub. Belə bir gərginlik fonunda Nümayəndələr Palatası qətnaməni qəbul edib. Ötən ay qanunvericilər Türkiyənin Suriyaya qarşı apardığı əməliyyata görə hər iki partiya tərəfindən dəstəklənən qanun layihəsinə səs veriblər.

Amerika qoşunlarının regiondan çıxarılmasını tənqid edən Qrem Trampı qərarını yenidən nəzərdən keçirməyə çağırıb.

 

Mənbə: FOX NEWS

FİKRİNİ BİLDİR