AŞKAR EDİLƏN YENİ PLANETDƏ YAĞIŞ YAĞIR

Kanada astronomlarının aşkar etdiyi yeni planetdə insanların adət etdiyi şəkildə yağış yağır. Bu barədə “livescience.com” portalı məlumat verir. “K2 18b” planeti rəsmi olaraq yadplanetli həyatın əmələ gələ biləcəyi mümkün dünyalardan biri kimi qəbul edilib. Ancaq planetin səthindəki mühit alimləri tələsik verilən bəyanatı yenidən nəzərdən keçirməyə məcbur edib.

“K2 18b” Yer planetinin qeyri-adi əkiz tayıdır. Kosmik teleskoplardan əldə olunan məlumatlar, çoxsaylı kompyuter modelləri ekzoplanetin atmosferində böyük miqdarda su buxarının olduğunu göstərir. Bu da yadplanetli həyat axtarışına açar ola bilər. Astronomlar planeti ilk dəfə 2015-ci ildə görüblər. “Kepler” teleskopu ilə aparılan müşahidə nəticəsində məlum olub ki, “K2 18b” planeti “Zlatovski zonası”na düşən məsafədə qırmızı cırtdan ulduzun ətrafında fırlanır. Günəşdən 111 işıq ili uzaqlığında olan bu dünyanın məskunlaşma potensialı var. 

Kanadalı astronomlardan ibarət qrup planetin atmosfer qatının olub olmadığını başa düşmək üçün “Habbl” teleskopunun köməyi ilə onu öyrənmək qərarına gəlib. Ekzoplanetin nəzəri atmosferinin ulduz işığının hansı dalğa uzunluğunu udduğunu bilən mütəxəssislər onun tərkibinə daxil olan molekulları müəyyənləşdirə biliblər. Əldə olunan məlumatların təhlili nəticəsində müəyyən olunub ki, planetdə həqiqətən su buxarı, hidrogen və heliumdan ibarət atmosfer mövcuddur.

Alimlər “Spitser”, “Habll” və “Kepler” teleskoplarından alınan məlumatları birləşdirməklə ekzoplanetin atmosfer özəllikləri barədə unikal informasiya əldə ediblər. Məlumdur ki, ekzoplanetin üzərindən buludlar uçur. Onlar “K1 18b”-nin müəyyən nöqtələrində formalaşırlar. Bu cür iqlim xüsusiyyətlərinin yerləşdiyi yeri bilən alimlər belə bir nəticəyə gəliblər ki, ekzoplanet buludlarını "istehsal edən" yer maye suyun əmələ gəlməsi və onun yağış şəklində kondensasiyası üçün düzgün təzyiq və temperatura malikdir.

Uzaq ekzoplanetlə bağlı bütün şübhələrə baxmayaraq, alimlər ümid edir ki, yeni nəsil “Ceyms Uebb” teleskopu kosmosa buraxıldıqdan sonra “K2 18b” planetini əhatə edən sirr pərdəsini açmaq mümkün olacaq. Doğrudanmı ekzoplanet adi qaz və sudan ibarətdir, yoxsa maddənin hələ öyrənilməmiş başqa bir şəkli ilə üzləşmişik? Zaman göstərəcək.

 

FİKRİNİ BİLDİR