AVROPA, OYANMAQ VAXTIDIR!

“Security Radar – 2019” Avropada təhlükələrin qəbul edilməsi, qurumlara inam, xarici siyasətlə münasibət, milli identiklik və təhlükəsizlik siyasətinin perspektivləri kimi mühüm problemlərə münasibəti müəyyənləşdirmək məqsədilə yeddi Avropa ölkəsini əhatə edən, əsaslı sosialoji işdir. Taras Şevçenko adına Kiyev Milli Universitetinin Beynəlxalq Münasibətlər İnstitutunun dosenti Nikolay Kapitonenko “IPG” portalında araşdırma haqqında geniş məlumat verir.

Onun fikrincə, konkret ölkələrin seçilməsi siyasi balansı saxlamaq istəyi ilə əlaqəlidir: “Almaniya-Fransa, Rusiya-Serbiya, Polşa-Latviya və Ukrayna kimi şərti qruplar görmək mümkündür. Aydındır ki, ölkə çevrələri genişlənsə, nəticələr daha etibarlı olardı. Konkret məhz bu dövlətlərin seçilməsi, yerdə qalanların istisna edilməsi, görünür, metodologiya baxımından araşdırmanın ən mübahisəli məqamıdır”.

“Qeyd etmək lazımdır ki, araşdırma müəllifləri sosioloji hissəni ekspertlərlə apardıqları dialoqlarla tamamlayıblar. Bu da əldə edilən məlumatları şərh etməyə və konkret siyasi məsləhətləri təsvir etməyə kömək edib. Respondentlərin cavablandırdığı sualların çevrəsi kifayət qədər geniş olub: ölkənin Avropa mədəniyyətinə mənsub olmasından tutmuş Ukrayna münaqişəsinin həll yollarına kimi bir çox məsələ müzakirə edilib. Bütün bunları nəzərə alsaq, təhlil problemlərlə bağlı sürətli həll yolu təklif etməkdən daha çox, müasir Avropanın əsas problemlərinə diqqət çəkir”, - məqalədə deyilir.

“Şübhəsiz, birinci problem təhlükəsizlik defisitidir. Daha Avropa dünyanın ən təhlükəsiz regionu deyil. Təhlükəsizlik institutlarının tədricən məhv olması dövlət mərkəzli ideologiyaların populyarlığının artmasına gətirib çıxarır. Ksenofobiya, populizm, millətçilik də öz növbəsində dövlətlərin bir-birləri haqqında düşüncəsinə təsir edir, problemi dərinləşdirərək çevrəni qapayır. Son illər Avropa üçün xarakterik tendensiyaları – demokratiyanın keyfiyyətinin pisləşməsi və dövlət qurumlarının zəifləməsini də əlavə etsək, təhlükəsizlik sahəsindəki vəziyyət daha çox narahatlıq doğuracaq”, - müəllif qeyd edir.

“Əndişələr “Security Radar – 2019” tərəfindən qeydə alınan ictimai əhval-ruhiyyədə əks olunub: sorğuda iştirak edənlərin 78%-ni müharibə və münaqişə problemləri narahat edir. Təhlükəsizlik sahəsindəki başqa problemlərlə müqayisədə ən yüksək göstərici burdadır. Respondentlərin 69%-i müharibənin onların ölkələrinə təsir edə biləcəyindən qorxur. Ukraynada bu göstəricilər müvafiq olaraq 89% və 87% təşkil edib”, -  ekspert yazır.

Kapitonenko Rusiyaya münasibətin birmənalı olmadığını xatırladır: “Bütün ölkələrdə əhalinin böyük bir hissəsi hesab edir ki, Rusiya-Ukrayna münaqişəsi və bu münaqişənin səbəb olduğu sanksiyalar Rusiyanın Avropa ölkələri ilə münasibətləri üçün təyinedici amildir. Avropalıların çoxu Ukraynada yaranmış vəziyyətə görə Rusiyanın məsuliyyət daşıdığını düşünür. Uzun illər Avropanın ənənəvi təhlükəsizlik qarantı olan ABŞ gözlənilmədən çoxları tərəfindən təhlükə kimi qəbul edilib. Ola bilsin, bu, “təhlükə” termininin anlayışındakı nüanslardan asılıdır”. 

“Müəlliflər qeyd edir ki, maraqları barışdırmaq daha asandır. Ola bilsin, həqiqətən belədir, ancaq yaranmış vəziyyətdə tapşırığı yerinə yetirmək elə də asan olmayacaq. Təcavüzkar fəaliyyət, güc tətbiqi həmişə qarşılıqlı faydalı qərarlar üçün manevr imkanını daraldır, etibarlı təminatlar əldə etmək çətinləşir. Təminatlar isə lazımdır: Ukrayna üçün Rusiya tərəfdən, Rusiya üçün Qərb tərəfdən və əksinə. Soyuq müharibə başa çatdıqdan sonra Avropanın ölçülüb-biçilmiş təhlükəsizlik siyasətinə hələ heç vaxt bu qədər ehtiyacı olmayıb. Eyni zamanda Avropa əvvəllər heç vaxt ideya çatışmazlığı ilə üzləşməyib. Konseptual çətin vəziyyətdən çıxmaq üçün istənilən cəhd diqqətəlayiqdir”, - məqalənin sonunda deyilir.

 

Mənbə: IPG

FİKRİNİ BİLDİR