RUSİYA ABŞ-I AVROPADAN SIXIŞDIRIB ÇIXARIR

“Rusiya Avropanı yeyir, mövqeyini möhkəmlətmək məqsədilə NATO ölkələri arasında ABŞ-a qarşı siyasət həyata keçirir. Artıq heç kimə sirr deyil ki, Almaniya “Qazprom” şirkətinin qarmağına düşüb. Almaniyada Şröderdən  (Gerhard Schröder) tutmuş, bir çox yüksək vəzifəli keçmiş məmur Rusiyanın neft-qaz maqnatı tərəfindən təmin olunur. Rusiyanın Avropa Parlamentinə qayıdışı da alman lobbisinin köməyi ilə gerçəkləşib”, - Veronika Aksenova “Qruziya Online” portalında yazır.

“Baş verənləri qiymətləndirən müstəqil ekspert Qoça Qvaramia bildirib ki, “Rusiya çoxdandır Avropanı yavaş-yavaş yeyir”. Ekspertin sözlərinə görə, Rusiya qitədə ABŞ-a qarşı uğurlu siyasət aparır, demək olar ABŞ-ın təsirini Almaniyanın dominantlığı ilə əvəzləyib. Təəssüf, sonuncu da Rusiyaya sərf edən siyasətlə məşğuldur. “Məsələn, bu yaxınlarda Bolqarıstanda baş verən hadisələri götürək”, - deyə Qvaramiya bildirib. Onun sözlərinə görə bir neçə hadisənin xronoloji ardıcıllığı maraq kəsb edir:

1. Sentyabrda Rusiya və Bolqarıstan İqtisadi və Elmi-Texniki Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının növbəti iclasını keçirib. Rəsmi məlumata əsasən, AB ölkələrindən kənar Rusiya Bolqarıstanın əsas ticarət tərəfdaşları arasında ikinci yeri tutur. Ötən il qarşılıqlı ticarət dövriyyəsi 3,5 milyard dollara çatıb. Rusiyanın Bolqarıstana ixrac həcmi 2,9 milyon dollar, idxal həcmi isə 525 milyon dollar təşkil edib.

2. Rusiyanın Bolqarıstana birbaşa investisiya ehtiyatının həcmi 8 milyard dollar təşkil edib. Əks istiqamətdə göstərici 103 milyon dollara bərabərdir.

3.  “Lukoyl” şirkətlər qrupunun Balkanların ən böyük “Neftoxim Burqas” neft emalı zavodunu əldə etməsi və təkmilləşdirməsi Rusiyanın ən vacib investisiyalarından biri olub.

4. Son 4 ildə ruslar Bolqarıstanda daşınmaz əmlaka 15 milyard dollardan çox sərmayə yatırıblar.

5. Hökumətlərarası Komissiyanın iclası başa çatdıqdan sonra Bolqarıstanın baş naziri Boyko Borisov bildirib ki, “ölkə Rusiyanın iştirakı ilə “Balkan axını” qaz kəmərinin tikinti işlərinə başlayır”.

6. Həmin görüşün yekunlarına həsr edilmiş mətbuat konfransında Bolqarıstanın energetika naziri Temenujka Petkova bildirib ki, “Belene” atom elektrik stansiyasının tikinti layihəsinin icrası “Rosatom” dövlət şirkətinin iştirakı olmadan mümkün deyil”.

Qvaramia bu zaman Rusiyanın cavab tədbiri görməməsinə diqqət çəkir. “Adətən bu cür hallarda casusluq faktını ifşa edən ölkə “günahkar” tərəfin ən azı müvafiq sayda, bəzən isə daha çox diplomatını deportasiya edir. Lakin Rusiya tərəfdən bu cür addım atılmayıb, bu da müəyyən suallar doğurur”, - deyə ekspert bildirir. Onun fikrincə, Kreml Bolqarıstanı təkcə balkan ölkəsi olduğu üçün seçməyib. Ölkənin Qara dənizə çıxışının olması da seçimə təsir edib. Bu da  Kremlin siyasəti üçün böyük əhəmiyyətə malikdir. “Məlumdur ki, Balkanlar Avropanın arxa həyəti olmaqla yanaşı, qərb diplomatiyasının ən zəif bölgəsidir. Proses zəncirvari reaksiyaya səbəb olacaq, Qərb sürətlə mövqeyini itirməyə başlayacaq”, - deyə Qvaramia qeyd edir. Ekspertin fikrincə, Kreml Avropada mövqeyini möhkəmlədib, ABŞ-ın təsirini minimuma endirmək istəyirsə, onda Balkanlar, xüsusən Bolqarıstan seçimi onun üçün ən əlverişli variantdır.

Qvaramia hesab edir ki, “ABŞ postsovet Avropasında təsirini itirsə, ümumiyyətlə bu təsirlə vidalaşmalı, dolayısıyla bütün strateji istiqamətlər üzrə Kremlin kölgəsinə çəkilməli olacaq. Ona görə ABŞ Kreml siyasəti adlanan XX əsrin taunu ilə mübarizədə bütün sivil dünyanı öz ətrafında birləşdirməsə, yaxın gələcəkdə sülh perspektivini yaddan çıxarmaq lazım gələcək”.

 

FİKRİNİ BİLDİR