UKRAYNA “ŞİMAL AXINI-2” LAYİHƏSİNİN QARŞISINI ALMAQ ÜÇÜN YENİ VASİTƏ TAPACAĞINI BİLDİRİB

Kiyev Almaniya hökumətinin “Qazprom” üçün AB direktivinə düzəliş etmək qərarına görə məhkəməyə müraciət etmək istədiyini deyib.

Almaniya hökuməti Avropa Komissiyasının qaydalarında “Şimal axını – 2” boru kəməri üçün düzəliş etmək istəyir. Belə olduğu təqdirdə, Ukrayna AB məhkəməsinə müraciət edəcək. “Yevropeyskaya pravda” xəbər verir ki, bu barədə “Ticarət müharibələri: müdafiə sənəti” konfransında ukraynalı nümayəndə Taras Kaçka bildirib.

Avropa Komissiyasının direktivinə əsasən, eyni şirkət həm operator, həm tədarükçü ola bilməz. Lakin daha əvvəl “Bild” tabloidinin verdiyi məlumata görə, XDİ/XSİ və ASDP koalisiyası qanun layihəsi hazırlayıb. Həmin sənəd “Şimal axını – 2” üçün istisna hal nəzərdə tutub. Belə ki, əvvəlki illərdə layihəyə yatırılan investisiyaların nəzərə alınması tələb olunur.

Kaçkanın sözlərinə görə, bu cür düzəliş Avropa Komissiyasının qərarına ziddir, ona görə Ukrayna və ya Polşa məsələ ilə bağlı şikayət edəcək. “Rusiya köhnə modeli saxlamağa çalışır. Bu, heçliyə gedən yoldur. Bu, müqavimət göstərən dinozavrdır, amma onun sonu çatıb”, - deyə ticarət nümayəndəsi bildirib.

Kaçka bu cür taktikanın uğurlu ola biləcəyini söyləyib, nümunə kimi Polşa ərazisindən keçən “Opal” boru kəmərini qeyd edib. “Qazprom”-a istehsal obyektlərinin 90%-dən istifadə etməyə icazə verilib. Lakin Avropa Məhkəməsi Polşanın tələbi ilə bu qərarı ləğv edib.

Oktyabrın sonu Danimarka Energetika Agentliyi ölkənin kontinental şelfindən keçən “Şimal axını – 2” qaz kəmərinin tikintisinə icazə verib. Beləliklə, Danimarka marşruta icazə verən sonuncu ölkə olub.

“Şimal axını – 2” Baltik dənizinin dibi ilə Rusiyadan Almaniyaya ildə 55 milyard kub metr qaz tədarük etmək üçün nəzərdə tutulub. Qaz kəmərinin operatoru “Nord Stream 2” şirkətidir. “Qazprom”-a tabe olan şirkət 2,5 ilə yaxındır Danimarkadan icazə almağa çalışır. Bu müddət ərzində Rusiya, Almaniya, Finlandiya və İsveç artıq tikintiyə icazə verib.

 

Mənbə: RBC

FİKRİNİ BİLDİR