SÜNİ İNTELLEKT SAHƏSİNDƏ LİDER OLMAĞA İDDİALI OLAN RUSİYANIN BUNA PULU VARMI

Moskva süni intellekt (Sİ) sahəsində liderlik uğrunda mübarizəyə qoşulub. Oktyabrın ortaları Rusiya prezidenti Vladimir Putin imzaladığı fərmanla 2030-cu ilədək ölkədə Sİ-in inkişaf strategiyasını təsdiqləyib. Sənədə əsasən, Rusiya Federasiyası bu sahədə dünyada aparıcı mövqelərdən birini tutmalıdır. “DW” portalı planın nə qədər real olduğunu araşdırıb.

“Süni intellekt” termini həmişə birmənalı şəkildə şərh edilmir. Rusiya strategiyasında Sİ texnologiyaların insanın təfəkkür funksiyalarını imitasiya qabiliyyəti kimi təsvir edilir. Məsələn, maşının özünü öyrətmə və müstəqil həll yolu axtarma qabiliyyəti. Strategiyaya əsasən, Sİ texnologiyalarının tətbiqi milli təhlükəsizlik və hüquq müdafiəsindən tutmuş, elmi araşdırmalar, istehsal, səhiyyə, təhsil və dövlət xidmətləri kimi geniş spektr daxildir.

Bu arada süni intellekt artıq indidən Rusiyada ən müxtəlif tapşırıqların həllində istifadə edilir. Məsələn, “Sberbank” kreditlərin verilməsində, “Yandex” pilotsuz nəqliyyatın və “Alisa” səsli köməkçinin inkişafında, “Mail.ru” kommunikasiyalarda, “Rostex” istehsal prosesində, Daxili İşlər Nazirliyi Moskva küçələrində təhlükəsizliyi təmin etmək üçün simaların tanınmasında bundan istifadə edir.

Avqustda məlum olub ki, gələcəkdə Rusiyanın ali təhsil ocaqlarına tələbələr Sİ-dən istifadə etməklə tərtib edilən tövsiyyələr üzrə seçiləcək. Bu barədə “EDCrunch University” Mərkəzinin direktoru Nurlan Kiyasov “RIA Novosti” agentliyinə məlumat verib.

Mütəxəssislər bu yolda maliyyə çatışmazlığının Rusiyaya mane olduğunu düşünürlər. “Germany Trade and Invest” xarici iqtisadi əlaqələr və xarici bazarların analizi cəmiyyətinin Rusiya üzrə eksperti Gerit Şults  (Gerit Schulze) hesab edir ki, Rusiya liderlər səviyyəsinə yaxınlaşacaq, ancaq Sİ-nin inkişafına daha çox resurs ayıran Çin və ABŞ ilə mübarizə apara bilməyəcək.

Rusiya Federasiyasının rəqəmsal inkişaf, rabitə və kütləvi media nazirliyinin süni intellektin inkişafı üzrə “yol xəritəsinə” əsasən, Rusiyaya 2024-cü ilədək təxminən 424,9 milyard dollar (6,66 milyard dollar) lazım olacaq. Müqayisə üçün qeyd edək ki, “Deloitte” beynəlxalq konsaltinq şirkətlər şəbəkəsinin araşdırmasına əsasən, təkcə 2017-ci ildə ABŞ-da vençur kapitalistlər Sİ sahəsində layihələrə 5 milyard dollar, ötən il isə 8 milyarddan çox vəsait ayırıblar.

Ekspertlərin fikrincə, dövlət tərəfindən Sİ texnologiyalarına investisiya tələbi ilə büdcədən kənar maliyyə mənbələrinə “yumşaq təzyiq” göstəriləcək.

Dövlət Dumasının keçmiş deputatı, “Stolkovo” fondunun prezidentinin keçmiş müşaviri İlya Ponomaryov isə vençur maliyyələşməsinə ümidin az olduğunu hesab edir. Ekspert vençur bazarının 2013-cü ildə çatdığı pik həddən sonra “kəskin tənəzzül” yaşadığını qeyd edir. Onun fikrincə, büdcə vəsaitinin rolu artır, bu da Rusiyada bazarın olmadığını göstərir.

Mənbə: DW

FİKRİNİ BİLDİR