BAKIDAKI 19 OKTYABR AKSİYASI DÜNYA MƏTBUATINDA

19 oktyabr 2019-cu ildə Bakının mərkəzi 28 may metro stansiyasının qarşısında mitinq təyin edilmişdi. Hökumət tərəfindən “icazəsiz” sayılan aksiya “Milli Şura” tərəfindən təşkil edilmişdi. Aksiya təyin olunan yerə giriş polis tərəfindən tam məhdudlaşdırılsa da, ətraf ərazilərdə etirazçılar toplaşa bildilər. Aksiyaya gedən AXCP sədri Əli Kərimli saxlanılıb.

“Independent” “Azərbaycan polisi çoxlu etirazçını, o cümlədən müxalif partiya liderini həbs edir” başlığı ilə yaydığı məqalədə bildirir ki, neftlə zəngin olan keçmiş Sovet ölkəsində aşağı maaş, korrupsiya, demokratiyanın olmaması əleyhinə planlaşdırılmış etiraz aksiyasının başlanğıcında polis bir çox etirazçını, o cümlədən müxalif partiya liderini həbs edib. Məqalədə Əli Kərimlinin saxlanılandan əvvəl dediyi fikirlərə yer verilir və bildirilir ki, partiya sədri aksiyanın təşkilatçılarının da arasında olduğu 50 nəfərin hələ həftənin əvvəlindən həbs olunduğunu diqqətə çatdırıb. “Biz konstitusional hüquqlarımızın və azadıqlarımızın qorunmasını tələb edirik. Biz hökumətdən qorxmuruq və sona qədər gedəcəyik”, - Kərimli əlavə edib. Əli Kərimli bunu deyəndən sonra aksiya təyin olunan yerə getmək istəyərkən, həbs edilib, onun ardınca daha 80 nəfər tutulub. Nəşr həmçinin Azərbaycandakı siyasi vəziyyət haqqında ümumi məlumat verərək, bildirir ki, hazırkı Prezident İlham Əliyev atasını 2003-cü ildə əvəz edəndən bəri hakimiyyətdədir. Azərbaycan Rusiyaya alternativ qaz mənbəyi olduğundan Qərb dövlətləri bu hökumətə loyal yanaşsa da, Qərbin insan hüquqları institutları Əliyevi hüquq pozuntularına və dissidentləri həbs etdiyinə görə ittiham edirlər.

Oxşar başlıqla məqalə yayan “Reuters” həbs olunanların sayını 80-dən artıq olaraq göstərib. Bakı polisinin rəis müavini Səhlab Bağırov “Reuters”-ə həbs olunanların olduğunu etiraf etsə də, sayı az göstərib. Nəşr bildirir ki, aksiyanın tələbləri sırasında dövlət işçilərinin əmək haqlarının qaldırılması, insan hüquqları təşkilatları və qərb hökumətləri tərəfindən qeyri-şəffaf kimi qiymətləndirilən seçkilərin ədalətli və müstəqil keçirilməsi də olub.

Aksiya barədə xəbər verən “Azad Avropa Radiosu/Azadlıq Radiosu” polisin verdiyi məlumatı nəzərə çatdıraraq, bildirir ki, 200 nəfərdən bir az artıq adamın iştirak etdiyi etiraz aksiyasında 60 nəfər saxlanılıb, onların da 42-si “xəbərdarlıq” edilərək, buraxılıb. Sosial mediada yayılmış videolara istinad edən radio daha sonra qeyd edir ki, polis etirazçılara qarşı zorakılıq tətbiq edib, aksiyanı müxalif qüvvələri çətiri altına yığmış “Milli Şura” təşkil edib. Müxalif Xalq Cəbhəsi Partiyasının lideri Əli Kərimli də aksiya başlamamışdan həbs edilənlər arasında olub. Jurnalist Xədicə İsmayıla istinadən radio yazır ki, 3 metro stansiyası etirazçıların aksiya yerinə çatmasına mane olmaq üçün bağlanıb, internet kəsilib. “Human Rights Watch” (HRW) təşkilatı Azərbaycan hökumətini müxalifətə dinc toplaşmağa icazə vermədiyinə görə tənqid edib. HRW-un Cənubi Qafqaz üzrə direktoru Giorgi Qoqia (Giorgi Gogia) “Twitter”-də yazıb ki, “Azərbaycan hökuməti ölkədə sərbəst toplaşma azadlığına qarşı açıq-aşkar hörmətsizlik göstərməkdə davam edir”. Radio bildirir ki, etirazçılar siyasi məhbusların azad olunmasını və elektrik və təbii qaz qiymətlərinin aşağı salınmasını tələb ediblər.

“Interfax” isə aksiya barədə xətt xəbər şəklində məlumat yayaraq, bildirib ki, Azərbaycanda polis qanunsuz aksiya cəhdinin qarşısını alıb və 20 nəfəri həbs edib.

FİKRİNİ BİLDİR