TRAMP ONUNLA ƏLBİR OLAN NAZİRİ İSTEFAYA GÖNDƏRMƏK İSTƏMİR

Prezident deyib ki, energetika naziri ilin sonunadək öz vəzifəsində qalacaq. Belə ki, Rik Perri (Rick Perry) “Ukrayna işi” fonunda istefasının qəbul olunması ilə bağlı ABŞ prezidenti Donald Trampdan (Donald Trump) xahiş edib.

Tramp energetika naziri Rik Perrinin istefa xəbərini şərh edib. Prezidentin sözlərinə görə, nazir hələlik öz vəzifəsində qalacaq. Bu barədə “Reuters” agentliyi məlumat verir. Bu zaman Tramp Perinin ilin sonunadək həmin postda qalacağını, daha sonra tutduğu vəzifədən uzaqlaşdırılacağını qeyd edib. Dövlət başçısı energetika naziri vəzifəsinə artıq namizədin olduğunu bildirib, lakin Perrinin xələfinin adını açıqlamayıb. Ötən gün “Bloomberg” agentliyi məlumat verib ki, 69 yaşlı Perri 2017-ci ilin mart ayından tutduğu energetika naziri vəzifəsini tərk etmək istədiyi barədə Trampı məlumatlandırıb. Perrinin istefaya gedə biləcəyi barədə hələ oktyabrın 4-ü mənbələrə istinadən “Politico” nəşri  xəbər vermişdi. Onların sözlərinə görə, Perrinin yerini müvəqqəti onun hazırkı müavini Den Bruyett (Dan Brouillette ) tutacaq. Lakin sonradan nazir özü bu informasiyanı təkzib edib.

Perrinin istefa məsələsi impiçment proseduru çərçivəsində aparılan araşdırma fonunda mətbuatda aktiv müzakirə edilməyə başlayıb. İmpiçment proseduru həm prezident Donald Trampa, həm də onun yaxın çevrəsinə toxunur. Buna “The Wall Street Journal” nəşrinin dərc etdiyi material səbəb olub. Həmin məqalədə deyilib ki, iyul ayında baş tutan telefon danışığında Tramp keçmiş vitse-prezident, hazırda onun əsas siyasi rəqiblərindən biri Co Baydenin (Joe Biden) oğlu Hanter Baydenə (Hunter Biden) qarşı araşdırma başlatması üçün Ukrayna lideri Vladimir Zelenskiyə təzyiq göstərməyə çalışıb. Belə ki, Hanter Bayden Ukraynanın enerji şirkəti ilə əlaqəlidir.

Bundan sonra Perri deyib ki, Trampla Zelenskinin telefon danışığına şəxsən israr edib. Nazir dəqiqləşdirib ki, Ukraynanın korrupsiya ilə mübarizədə addımlar atdığına əmin olmaq üçün Amerika liderini Zelenski ilə söhbət etməyə dəvət edib. Perrinin iddialarına əsasən, Tramp Zelenskiyə zəng etmək istəməyib, amma onun israrları sayəsində razı olub.

Daha sonra Zelenski ilə ən azı üç dəfə görüş keçirən Perri Trampın Ukrayna prezidenti ilə danışıqları haqqında konqresmenlərin suallarını cavablandıracağına söz verib. Nazir “The Wall Street Journal” qəzetinə müsahibəsində deyib ki, Tramp və ya onun təyin etdiyi nazirlərdən kiminsə Ukraynada Co Bayden və ya onun oğlu Hanterə qarşı araşdırma başlatmaq imkanını qeyd etdiyini şəxsən özü eşitməyib.

Mənbə: REUTERS

FİKRİNİ BİLDİR