VENESUELA BORCLARININ MÜQABİLİNDƏ NEFTİNİ RUSİYANIN İXTİYARINA VERMƏK İSTƏYİR

Yerli nəşr iddia edir ki, Moskvada Karakasın təklifi ilə maraqlanıblar. “Rosneft” “PDVSA” şirkətinin hüquqlarının təhvil verilməsi haqqında informasiyanı şayiə adlandırıb.

Venesuela hökuməti “PDVSA” dövlət netf şirkətinin nəzarətinin Rusiyanın “Rosneft” şirkətinə təhvil verilmə variantlarını nəzərdən keçirir. Bu barədə “RBC” agentliyi “El Nacional”-a istinadən xəbər verir. Qarşılığında Karakas Moskvaya olan borcların silinəcəyini gözləyir.

Məlumatda deyilir ki, Rusiya nümayəndələri şirkətin real vəziyyətini dəyərləndirmək üçün Venesuela hökumətinin təklifini nəzərdən keçirir. Nəşrin mənbəyi qeyd edib ki, bu zaman potensial alıcılar mümkün sazişlə əlaqədar müəyyən problemlərin olduğunu vurğulayıblar. Əsas problem ondan ibarətdir ki, hazırda “PDVSA”-da 140 min insan fəaliyyət göstərir, şirkətin uğurlu inkişafı üçün əhəmiyyətli ixtisar aparmaq lazımdır.

Bundan başqa, sazişin formatı ilə bağlı çətinlik var. Çünki müəssisə özəl şəxslərə təhvil kimi rəsmiləşdirilə bilməz. İstənilən halda şirkətin satışına yekun qərarı ölkə parlamenti – Milli Assambleya verməlidir.

Nəşrin əldə etdiyi məlumatda deyilir ki, Venesuela hökuməti sazişin maksimum operativ imzalanmasına ümid edir, çünki “PDVSA”-nın inkişafı üçün hakimiyyətin vəsaiti yoxdur. Bu da sentyabrda iş saatının azaldılmasına, nəqliyyatla bağlı problemlərə səbəb olub. Nəticədə hasilat 640 min barelə düşüb.

“Rosneft”-in rəsmi nümayəndəsi “RBC” agentliyinə bildirib ki, şirkət şayiələri şərh etmir.

Agentliyin mənbəyi qeyd edib ki, “Venesuela ilə danışıqlarda “PDVSA”-nın nəzarətinin borc və ya pul müqabilində “Rosneft”-ə verilməsi heç vaxt müzakirə edilməyib”.

“Fitch Ratings” agentliyinin baş direktoru Dmitri Marinçenko “El Nacional” nəşrində çıxan materiala münasibət bildirib, “PDVSA” şirkətinin nəzarətinin “Rosneft”-ə verilməsini “ölkədəki ikihakimiyyətlilik şəraitində kifayət qədər ekstravaqant ideya” adlandırıb. “Belə bir addım prezident və Milli Assambleya arasında qarşıdurmanı gücləndirə bilər. Maduro rejimi devrilsə, saziş, çox güman ləğv ediləcək. Digər tərəfdən, istisna etmək olmaz ki, “Rosneft” “PDVSA”-a konsultasiya yardımı göstərə bilər, lakin investisiya, o cümlədən yeni qazma qurğuları olmadan hasilatı bərpa etmək mümkün deyil”, - deyə Marinçenko bildirib.

Mənbə: RBC

FİKRİNİ BİLDİR