“ƏFQAN MUXTARLI ÜÇÜN ÜMİD YERİ STRASBURQDUR”

2017-ci ildə Tiflisdə oğurlanan, hazırda Bakıda həbsxanada saxlanılan azərbaycanlı jurnalist, hüquq müdafiəçisi Əfqan Muxtarlının həyat yoldaşı Leyla Mustafayeva uzun müddətdən sonra yenidən Gürcüstanın paytaxtına səfər edib. “Exo Kavkaza” portalının müxbiri Vladimir Unanyants Leyla Mustafayevanın vəkili, “Konstitusiyanın 42-ci maddəsi” qeyri-hökumət təşkilatının nümayəndəsi Arçil Çopikaşvilidən müsahibə alıb.

“Leyla Mustafayeva Almaniyada siyasi sığınacaq alıb. O, Almaniyaya Gürcüstandan yola düşüb. Mustafayevanın Gürcüstan səfərinin məqsədi Əfqan Muxtarlının artıq Avropa Məhkəməsində baxılan işi üzrə xəbərlərin dərc edilməsi olub. Avropa Məhkəməsində tərəflər arasında danışıqlar başa çatıb, məhkəmənin qərarını gözləyirik”, - deyə vəkil bildirib.

Çopikaşvili Strasburq məhkəməsində iki cavabdehin olduğunu vurğulayıb: “Gürcüstan və Azərbaycan Respublikası. Hər iki dövlətə iddia qaldırmışıq. İlk növbədə, 29 may 2017-ci ildə Tiflisin mərkəzində oğurlanma hadisə, bir neçə saat sonra həmin şəxs Azərbaycanda, Sərhəd Xidmətinin ofisində olur. Ona görə cavabdeh həm Gürcüstan, həm Azərbaycandır”.

“AB və Gürcüstanın digər qərb tərəfdaşları araşdırmanın şəffaf keçirilməsinə təsir göstərə biləcəkmi?” sualına vəkil belə cavab verib: “Düşünürəm ki, yaxın gələcəkdə heç bir nəticə olmayacaq. İlk gündən demişəm ki, araşdırma bu işin araşdırılmaması üçün aparılır. Gələcək perspektivdə, təxminən iki il sonra hakimiyyət dəyişsə bəlkə. Onda çox güman, bu cinayət işinin üstü açılacaq”.

Nəşrin həmsöhbəti Leyla Mustafayevanın hazırda Əfqan Muxtarlı ilə telefon vasitəsilə əlaqə saxlamaq imkanının olduğunu, onların mütəmadi olaraq danışdıqlarını qeyd edib.

Həbsdə olan jurnalistin sağlamlıq durumuna aydınlıq gətirən Çopikaşvili qeyd edib: “Leylanın sözlərinə görə, həbsxanada şərait heç yaxşı deyil. Üstəgəl, təxminən 2-3 həftə əvvəl vəkilin üzərində zorla axtarış aparıblar və ona fiziki təzyiq göstəriblər. Bu səbəbdən Əfqan hüquq pozuntusunun obyektiv şəkildə araşdırılmasını tələb edərək aclıq aksiyasına başlayıb. Lakin, çox güman, orda heç bir araşdırma aparılmır. O, sağlamlıq vəziyyəti ilə əlaqədar  aclıq aksiyasını faktiki olaraq dayandırmaq məcburiyyətində qalıb. Leyla və başqa vəkillərdən mənə daxil olan məlumata əsasən, orada şərait yaxşı deyil və vəziyyət belə davam edir”.

“Gələcək zamanda danışmaq mənə çətindir, ancaq düşünürəm ki, bu cinayət işi Tiflisdə öz həllini tapsa, onda hüquqi məcrada Azərbaycandakı işə və altı il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə bağlı məhkəmənin qərarına mütləq təsir göstərəcək. Lakin indi proqnozlaşdırmaq, bunun perspektivdə necə olacağını söyləmək çox çətindir”, - deyə vəkil sonda bildirib.

Mənbə: EXO KAVKAZA

FİKRİNİ BİLDİR