ADR NİYƏ VƏ NECƏ YARANMIŞDI

“70 il əvvəl 7 oktyabr 1949-cu ildə Almaniya Demokratik Respublikası (ADR) yaradılıb. Əslində, qeyd ediləsi heç nə yoxdur, lakin bunun necə və hansı səbəblə baş verdiyini yada salmağa dəyər”, - Yefim Şuman “DW” portalında yazır.

 “7 oktyabr 1949-cu il uzun illər davam edən emiqrasiyadan sonra SSRİ-dən Almaniyaya qayıdan alman kommunist partiyasının veteranı Vilhem Pik (Wilhelm Pieck) Şərqi Berlində “Üçüncü reyx”in keçmiş aviasiya nazirliyinin akt zalında təntənəli şəkildə ADR-in yarandığını elan edib. ADR-in gələcək prezidenti çıxışında qərarın “bütün partiyalar və kütləvi siyasi təşkilatlar” tərəfindən yekdilliklə qəbul edildiyini xüsusi vurğulayıb”, - məqalədə deyilir.

“Həqiqətən belə olub. Lakin iş ondadır ki, sovet işğal zonasına rəhbərlik edən stalinyönlü Almaniya Sosialist Vahid Partiyası (ASVP) Şərqi Almaniyadakı “kütləvi ictimai təşkilatlar”ın hamısını çoxdan basıb əzmişdi, ölkədə formal olaraq mövcud olan digər siyasi partiyalar isə heç bir müstəqil rol oynamırdılar”, - Şuman qeyd edir.

“ADR-in və (bundan dörd ay əvvəl) ölkənin qərbində - Amerika, Britaniya və Fransanın işğal zonasında Almaniya Federativ Respublikasının (AFR) yaradılması siyasi-dövlət səviyyəsində Almaniyanın parçalanmasını qeydə alıb. Faktiki olaraq həmin vaxta kimi artıq parçalanma mövcud olub. Nasist rejiminin darmadağın edilməsindən dərhal sonra SSRİ və qərb müttəfiqləri arasında başlayan qarşıdurma soyuq müharibəyə çevrilib. Ölkənin şərqində demokratik qanunvericilik, azad seçkilər, azad mətbuat, müstəqil həmkarlar ittifaqı olmayıb. Hələ o vaxt formal olaraq ayrılmamış ölkənin şərqindən qərbinə səfər etmək üçün xüsusi pasportlar lazım olub və həmin sənədlər hamıya verilmirdi”, - nəşr xatırladır.

“1946-cı il ölkənin şərqində sovet hərbi administrasiyasının təzyiqi ilə kommunist partiyası və sosial demokratik partiya birləşib. Belə bir məcburi addıma qarşı çıxan sosial demokratlar təqib edilib”, - məqalədə deyilir.

Məqalə müəllifi xatırladır ki, 1948-ci ildə Qərbi Almaniyada geniş miqyaslı bazar islahatları başlayıb, alman markası tətbiq edilib: “Bu, alman iqtisadi möcüzəsinin başlanğıcına çevrilib. Ölkənin şərq hissəsində isə azad bazar yerinə öz valyutası olan plan iqtisadiyyatı yaradılıb”.

“Ən azından Qərbi Berlini siyasi və iqtisadi cəhətdən sosialist imperiyaya birləşdirməyə çalışan Stalin sovet işğal zonasının ərazisi ilə əhatə olunan anklava blokada elan edib. Qərbi Berlinlə əlaqələr kəsilib. Onda Amerika və Britaniya hava körpüsü təşkil edib. Dərman və ərzaq məhsullarından tutmuş evlərin, məktəblərin, uşaq bağçalarının qızdırıldığı benzin və kömürə kimi hər şey Qərbi Berlinə təyyarələrlə çatdırılıb. Berlin sakinlərini sındırmaq mümkün olmayıb və Stalin bir ildən sonra blokadanı dayandırıb”, - Şuman yazır.

“İki alman dövləti arasında iqtisadi və siyasi fərq tez gözə batmağa başlayıb. “Sosializmin üstünlükləri”ndən isə sadəcə ADR təbliğatı bəhs edib. İnsanlar, necə deyərlər, ayaqları ilə səs veriblər. 1961-ci ildə Divar tikilənədək bir milyondan çox insan, demək olar hər 10 sakindən biri Almaniyanın şərqindən qərbinə qaçıb. Şərqi Berlində buna mane olmağın yalnız bir yolunu bilibər: sərhədi möhkəmlətmək. Artıq 1965-ci ildə sərhəd boyu 5 kilometrlik qadağa zonası yaradılıb. Pis niyyətlilər köçürülüb. Sonradan minalanmış sahələr meydana çıxıb, qaçaqların güllələnməsinə əmr verilib”, - məqalədə deyilir.

“Yeri gəlmişkən, elə 1952-ci ildə ADR-də federal torpaqlara bölgü sistemi ləğv edilib, onların yerinə dairələr meydana çıxıb. Beləliklə, Şərqi Almaniyada federalizmin son qalıqları məhv edilib. Məsələn, 850 illik tarixə malik Maklenburq federal torpağı mövcudluğunu dayandırıb”, - nəşr qeyd edir.

“ADR sonuncu böyük yubileyini 7 oktyabr 1989-cu ildə qeyd edib. Hərbi parad, xalq yürüşü, bayraqlar, məşəllər, aralarında Mixail Qorbaçovun da olduğu fəxri qonaqlarla birlikdə tribunada dayanan siyasi büro... Rəsmi bayram şənlikləri ilə yanaşı ADR şəhərlərində demokratik islahat tələbi ilə nümayişlər keçirilib... Bir aydan sonra Berlin divarı dağıdılıb. 3 oktyabr 1990-cı ildə ADR fəaliyyətini dayandırıb, Almaniya yenidən vahid ölkəyə çevrilib”, - məqalə müəllifi sonda yazır.

Mənbə: DW

FİKRİNİ BİLDİR