KÜÇƏNİN QƏZƏBİ. İRAQDA QANLI ETİRAZLARIN SƏBƏBİ NƏDİR

Həlak olanların sayı 100-ü keçib, 6 min nəfər yaralanıb – bir həftədir İraqda davam edən etirazların yekun nəticələri belədir. Ortaya iki sual çıxır: kütləvi etirazların arxasında dayanan varmı və hökumət vəziyyəti nəzarətə götürə biləcəkmi? “Kommersant” qəzetinin köşə yazarı Marianna Belenkaya Karnegi Moskva Mərkəzində bu suallara cavab tapmağa çalışır.

38 milyonluq İraq əhalisinin 70%-i 30 yaşdan aşağı gənclərdir. Dünya Bankının məlumatına əsasən, gənclər arasında işsizlik səviyyəsi ümumi işsizlik səviyyəsindən iki dəfə çox olub təxminən 16,5%-ə bərabərdir. Ölkə əhalisinin çoxu həyat şəraitinə və idarəetmə sisteminə görə ümidsiz vəziyyətdədir. Ölkə ərzaq, su və elektrik enerjisi çatışmazlığından əziyyət çəkir.

Oktyabrın 1-i 1,5 min etirazçı mühafizə edilən, xarici səfirliklər və dövlət müəssisələrinin yerləşdiyi “yaşıl” zonanın yaxınlığındakı Təhrir meydanına toplaşıb. Onlar adətləri üzrə hökumətdən işsizliyin və korrupsiyanın aradan qaldırılmasını tələb ediblər.

Məqalədə deyilir ki, Bağdadda nümayişçilərin amansızlıqla dağıdıldığı əks olunan kadrlar yerli sosial şəbəkələrdə yayılıb. Tezliklə Bağdadın ən pis rayonu hesab edilən Mədinət-Sədrdə İraq hərbçilərinin “həddindən artıq güc tətbiq etdiyi” qeydə alınıb. Ordunun bəyanatında deyilir ki, “yalnış addımlara” yol verənlər məsuliyyətə cəlb ediləcək.

Bütün bu bəyanatlara baxmayaraq, İraq vətəndaşları aşağıdakı suala cavab axtarmağa davam edir: snayperlər kimlərin maraqlarına xidmət edib? Siyasi mövqedən asılı olaraq ən müxtəlif versiyalar irəli sürülür. Bəziləri amerikalı muzdlulardan, başqaları iranyönlü qruplaşmaların döyüşçülərindən və İraq hökumətinə sadiq rəsmi təhlükəsizlik qüvvələrindən bəhs edir. 

Səddam Hüseyn (Saddam Hussein) rejimi devrildiyi vaxtdan ABŞ və İran İraqda təsir uğrunda mübarizə aparır. Bağdad rəhbərliyi isə müstəqillik nümayiş etdirməyə və çoxvektorlu xarici siyasət yürütməyə çalışır. Məsələn, Vaşinqtonun təzyiqinə baxmayaraq, İraq 2014-2015-ci illərdə Rusiya ilə hərbi-texniki əməkdaşlığı akvitləşdirib. Belə ki, Bağdada İŞİD ilə mübarizədə təcili yardım lazım olub, ABŞ isə silah tədarükünü tezləşdirməyib. Moskva İraqda iştirakını genişləndirmək niyyətindədir. Rusiyanın xarici işlər naziri Sergey Lavrovun bu yaxınlarda baş tutan Bağdad səfəri bu istəkdən xəbər verir.

İraqda növbəti arzu olunan oyunçu Çindir. Ötən il iki ölkə arasında ticarət dövriyyəsi 30 milyard dolları üstələyib. Nəticədə Çin İraqın ən böyük ticarət tərəfdaşı olub. Müqayisə üçün qeyd edək ki, ötən il Rusiya ilə İraq arasında ticarət dövriyyəsi təxminən 700 milyon dollar təşkil edib, bunun 50%-dən çoxu silah tədarükünün payına düşür. 2016-cı ildə Amerika ilə İraq arasında ticarət dövriyyəsi təxminən 7,2 milyard dollar olub. Həmin məbləğin təxminən 6 milyard dolları İraqdan mineral yanacaq idxalının payına düşüb.

Bundan başqa, Bağdadda istisna etmirlər ki, ABŞ iğtişaşlardan istifadə edərək İranın İraqdakı təsirindən qurtulmağa çalışır. Üstəlik, nümayişçilərin şüarlarından biri belədir: “İran, rədd ol!”. Mətbuatda məhz “iranyönlü döyüşçülər” nümayişçilərə qarşı güc tətbiq etməkdə ittiham edilir.

Məqalə müəllifi qeyd edir ki, İraqdakı heç bir siyasi qüvvə belə böyük etirazlara hazır olmayıb. Yerli siyasətçilər, o cümlədən uzun illər kütləvi etirazlara başçılıq edənlər də aksiya iştirakçılarının arxasınca getməli olublar. Bir il əvvəl ölkənin cənubunda bir neçə ay davam edən etirazlarda da belə idi, indi də belədir.

Hazırkı baş nazir Adil Əbdül Mehdi (Adil Abdul-Mahdi) ölkədəki müxtəlif siyasi qüvvələri qane edən fiqurdur. Bundan başqa, son vaxtlar Mehdinin bir çox addımları həm sadə vətəndaşları, həm də elita nümayəndələrini qıcıqlandırıb. Belə ki, İŞİD ilə Mosul və Tikrit uğrunda gedən döyüşlərin qəhrəmanı, əks-kəşfiyyat xidmətinə komandanlıq edən general Abdil Vəhab əs-Saadinin (Abdel-Wahab al-Saadi) Müdafiə Nazirliyində inzibati vəzifəyə köçürülməsi böyük səs küyə səbəb olub. Bu hadisə sentyabrın sonları – etirazlardan bir-iki gün əvvəl baş verib.

Nümayişçilərlə hüquq mühafizə qüvvələri arasında toqquşmalar davam edir. Çətin ki, təkcə vədlər güclü etiraz ab-havasına son qoya bilsin. Ola bilsin, insanları sakitləşdirmək mümkün oldu, ancaq vəziyyət yaxşılaşdırılmasa, gərginlik davam edəcək və arxasında hansı qüvvələrin dayanmasından asılı olmayaraq, şərti snayperin gülləsindən yenidən partlayacaq. Baş verənlərdə xarici qüvvələrin komplo nəzəriyyəsini görənlər də etiraf edirlər ki, İraq sakinlərinin çoxu sağ qalmaq məcburiyyətindədir, onların hirslənmək üçün kifayət qədər səbəbi var. Növbəti etiraz dalğasına isə həm ölkə daxilində, həm xaricdə ən müxtəlif qüvvələr artıq hazır ola bilər.

FİKRİNİ BİLDİR