AZƏRBAYCAN ERMƏNİSTANLA SÖZ DAVASINI QIZIŞDIRIR

Ermənistan baş nazirinin ziddiyyətli “Qarabağ Ermənistandır və nöqtə” replikasından iki ay sonra Azərbaycan prezidenti, nəhayət, gurultulu bəyanatla çıxış edib.

Avqustda Ermənistanın baş naziri Nikol Paşinyan qondarma Dağlıq Qarabağ respublikasının “paytaxtı” Xankəndində çıxış edib, səs-küyə səbəb olacaq bəyanat verib: “Qarabağ Ermənistandır və nöqtə!” Bu barədə “Eurasianet.org” portalının Türkiyə və Qafqaz üzrə redaktoru Coşua Kuçera (Joshua Kucera) yazır.

Məqalə müəllifi qeyd edir  ki, iki ay sonra Azərbaycan prezidenti İlham Əliyev “Valday” Beynəlxalq Diskussiya Klubunun iclasında aralarında Rusiya prezidenti Vladimir Putinin də iştirak etdiyi auditoriya qarşısında cavab bəyanatla çıxış edib: “Qarabağ Azərbaycandır və nida işarəsi!

“Azərbaycanın “növbətçi” mətbuatı “ona.az” xəbər saytı Əliyevin tikanlı atmacasını elə şəkildə işıqlandırıb ki, sanki bu, Uinston Çörçillin (Winston Churchill) yeni gəlişi olub. “Azərbaycan prezidentinin çıxışı "Valday" klubunun tarixində qalacaq”- deyə sayt bildirib”, - məqalədə deyilir. “Trend” informasiya agentliyi yazıb ki, “Ermənistanın baş naziri Paşinyanın təxribatçı və sərsəm bəyanatı Azərbaycanın prezidenti İlham Əliyevin sərt və qəti bəyanatı ilə darmadağın edildi”. Hətta müstəqil “Turan” informasiya agentliyi ümumi dalğanı tutaraq qeyd edib ki, Əliyevin çıxışı zamanı “Vladimir Putinin ona necə diqqətlə qulaq asdığı çox yaxşı görünüb””, - analitik yazır.  

(Yeri gəlmişkən, Azərbaycan hökumətinin nida işarəsinə sevgisi bu yaxınlarda meydana çıxıb: bir vaxtlar Azərbaycanın ən məşhur müxalif gənclər qruplarından biri “N!DA” son bir neçə il sistematik təqiblərə məruz qalıb və indi yalnız onlayn formatda fəaliyyətini davam etdirir).

“Yaradıcılıq çatışmazlığını bir kənara qoysaq, deyəsən, Əliyev Paşinyanın avqust ayındakı tələsik bəyanatından faydalanır. Belə ki, həmin bəyanatın nəticələri bu gün də  özünü göstərir. Əliyevdən bir gün əvvəl “Valday” klubunda çıxış edən Rusiyanın xarici işlər naziri Sergey Lavrov mübaliğəli şəkildə Paşinyanı tənqid edib: “Tərəflər kifayət qədər ciddi bəyanatlar verir, o cümlədən “Qarabağ Ermənistandır” şəklində bəyanat səslənib, eynilə bu şəkildə Tiranadan Albaniyanın baş naziri “Kosovo Albaniyadır” deyir”. Əlbəttə, bu, siyasi prosesin bərpa olunması üçün mühit yaratmağa kömək etmir”, - Kuçera qeyd edir.

“Paşinyan isə, deyəsən, öz bəyanatından geri çəkilməyə çalışıb. Sentyabrda keçirilən mətbuat konfransında ona mübahisəli beynəlxalq reaksiya ilə bağlı sual ünvanlanıb. Baş nazir bəyanatının nəzəri xarakter daşıdığını deyib”, - məqalədə bildirilir.

Ekspert hüquqi cəhətdən Əliyevin haqlı olduğunu vurğulayır: “Qarabağ beynəlxaq səviyyədə Azərbaycanın bir hissəsi kimi tanınır.  Amma onun bunu bəyan etdiyi qəti ton başqa varianta icazə vermir, hərçəd iki ölkə arasında danışıqların hazırkı çərçivəsi ərazinin yekun statusunun hələ də müzakirə predmeti olduğunu nəzərdə tutur. Azərbaycan mütəmadi olaraq ölkənin ərazi bütövlüyünü nəzərə alan mümkün həll yolunun olmadığını bildirir. Görünür, Əliyev nəinki indiki zamandan, həmçinin gələcək zamandan danışır”.

“Əliyev və Paşinyan arasında söz davası ilə yanaşı, mübahisə mövzusuna çevrilən ərazidə də vəziyyət tədricən qızışır. Cəbhə xəttində uzun müddətli nisbi sakitlik dövründən sonra yenə hər iki tərəfdən həlak olanların sayı artıb”, - məqalədə deyilir.

Sonda Kuçera qeyd edir ki, ilin əvvəli sülh danışıqlarının bərpa edilməsi və “əhalini sülhə hazırlamaq” ilə bağlı verilən qarşılıqlı vədlərin ardınca doğan ümidlər göz qabağında əriyib gedir.

Mənbə: EURASIANET

FİKRİNİ BİLDİR