UKRAYNA İLƏ BAĞLI QALMAQAL TRAMP ÜÇÜN SAATLI BOMBADIR

Trampla nə baş verir? Heç kim bilmir. Ancaq bir məsələ aydındır: informatorla bağlı qalmaqalın təzyiqi artır. Bu barədə “Der Spiegel” yazır.

“Yeni ifşaedici məlumatlar həftənin sonunadək saxlanılacaq. Onlara aydınlıq gətirmək artıq elə də asan deyil. Ukrayna ətrafında yaranmış qalmaqal siyasi bombaya çevrilib. Saat mexanizmi artıq işə düşüb. Son xəbərlər Trampın (Donald Trump) bazar naharına “soğan doğrayıb”. Məlum olub ki, ona qarşı daha bir informator şahidlik edir. Ona görə prezident tez bir zamanda qolf klubundan Ağ Evə dönməli olub”, - jurnalist Mark Pitske (Marc Pitzke) qeyd edir.

“Vəkil Mark Zayd (Mark Zaid) deyir ki, çalışdığı şirkət Trampa qarşı ifadələri impiçment prosedurunun başlamasına əsas verən başqa bir informatorun da maraqlarını təmsil edir. O, ABŞ prezidentinin səlahiyyətlərindən sui-istifadə etməsi haqqında “ilk əldən” informasiyaya sahibdir. Zaydın yeni müştərisi həmçinin kəşfiyyat xidmətinin baş müfəttişi Maykl Atkinson (Michael Atkinson) ilə danışıb. Bu da onu göstərir ki, həmin şəxs də Mərkəzi Kəşfiyyat İdarəsinə, ya da ABŞ-ın başqa kəşfiyyat xidmətinə işləyir. Vəziyyət daha da pis ola bilər. Belə ki, Zaydın həmkarı vəkil Endru Bakac (Andrew Bakaj) jurnalistlərə “bir neçə” informatorun olduğunu təsdiqləyib. Lakin o, dəqiq say söyləməkdən imtina edib. Yeri gəlmişkən, bu da ondan xəbər verir ki, Trampa qarşı ittihamlar asanlıqla nüfuzdan salına bilən bir informatorun şahidliyindən daha yaxşı fundamentə əsaslanır”, - məqalədə deyilir.

“ABŞ prezidenti öz növbəsində bazar günü “dərin dövlət” ilə bağlı qalmaqalda növbəti şəxsin meydana çıxmasına reaksiya verib. Tam Trampa uyğun hərəkətdir. O, əvvəlcə təkzib edir, sonra ittihamçıları xalq düşməni elan edir, sonra günahı başqalarının üstünə yıxır. Nəhayət, Tramp təkzib etdiklərini boynuna alır, ancaq həmin işdə pis heç nə olmadığını israr edir”, - Pitske yazır.

“Lakin impiçment təhlükəsi Tramp üçün bütün oyunu dəyişir. Rusiya ilə gizli anlaşmanın araşdırılmasından fərqli olaraq Ukrayna qalmaqalı elə sürət yığır ki, nə Ağ Ev, nə də respublikaçılar bunun öhdəsindən gələ bilmir. Tramp divanə, tənha döyüşçü kimi müdafiə olunur. Ancaq bu, ona elə də kömək olmur. Sorğular vəziyyətin onun xeyrinə olmadığını göstərir. Respublikaçıların loyallığı da getdikcə şübhəli təsir bağışlayır”, - məqalənin sonunda deyilir.

Mənbə: DER SPIEGEL

FİKRİNİ BİLDİR