GÜRCÜSTAN GEOSİYASİ STRATEGİYALARIN YENİDƏN QURULMASI ÜÇÜN AÇARDIR

Avropadan Asiyaya kimi geosiyasi strategiyalar yenidən qurulur və əsas fiqurların hamısı Gürcüstan, Ermənistan və Azərbaycanın daxil olduğu Qafqaz regionunda toplaşıb.

“Gürcüstan açardır. Ölkə hərəkət mərkəzində yerləşir və ABŞ-ın gözləntiləri çətin ki, bundan yüksək olsun. Çin iddialı “Bir qütb, bir yol” təşəbbüsü ilə Avrasiyaya nəzarət edir. Hazırda tənəzzül dövründən keçən Rusiya Çinin aktiv fəaliyyətinə qoşulmağa, eyni zamanda postsovet məkanında hegemon statusunu qoruyub saxlamağa çalışır. Mərkəzi Asiya mühüm islahatlar vasitəsilə öz iqtisadi potensialını nümayiş etdirir, Türkiyə isə Avropadan uzaq gələcəyində strateji əhəmiyyəti ilə bağlı yeni konsepsiyalar hazırlayır”, - Ues Martin (Wes Martin) “The Washington Times” qəzetində yazır.

“Trayektoriyaların hamısı Qafqazda kəsişir. Əsas oyunçuların hamısı Şimal-Cənub və Şərq-Qərb oxlarının kəsişdiyi bu regionda özünə siyasi təsir mövqeyi və iqtisadi üstünlük yaratmağa çalışır. 1988-ci ildən davam edən Dağlıq Qarabağ münaqişəsinə görə Vaşinqtonun Ermənistan və Azərbaycanla münasibətləri çətin olduğu üçün qərbyönlü Gürcüstan İsrail (mətndə belə qeyd edilin – red.) ilə birlikdə Amerikanın bu regiondakı ən etibarlı və sadiq dostu olaraq qalır”, - məqalədə deyilir.

“Gürcüstan Qara dəniz və Xəzər dənizi arasında Avropa ilə Asiyanı birləşdirən Qafqaz quru dəhlizində yerləşir. Gürcüstanın sabit demokratik hökuməti xüsusilə son bir neçə ildir Qərbi Avropa və ABŞ ilə əlaqələri möhkəmlətməyin üzərində səylə çalışır”, - jurnalist qeyd edir.

2008-ci ildə Rusiyanın Gürcüstana girərək Cənubi Osetiya və Abxaziyanı işğal etdiyini xatırladan Martin ölkə ərazisinin 20%-nin hələ də Rusiyanın nəzarətində olduğunu vurğulayır. Sentyabrda Gürcüstanın yeni baş naziri seçilən Georgi Qaxariya məhz bu məsələyə toxunub: “Gürcüstan iqtisadiyyatının 20%-i, Gürcüstan inkişafının 20%-i, ölkənin inkişaf potensialının 20%-i, insan kapitalının 20%-i işğal edilib. Və təhlükəsizliyimizə ən böyük problem məhz budur. Bu, ilk növbədə ölkənin ümumi inkişafını ləngidir”.

“Qaxariya çıxışında Rusiya ilə qarşılıqlı fəaliyyət sahəsində bütün “mövcud format”lardan “ağıllı və rasional” şəkildə istifadə etməyə və işğal problemini həll etməyə çağırıb. Baş nazir başa düşür ki, Rusiya ilə birbaşa hərbi qarşıdurma faciəvi nəticələrə səbəb olacaq. O, həmçinin yada salıb ki, hərbi müdaxilədən öncə Rusiya kiberhücumlar həyata keçirib. Həmin əməliyyatlar hökumətin və maliyyə qurumlarının fəaliyyətində fasilələr yaradıb”, - məqalədə deyilir.

Jurnalist qeyd edir ki, Qaxariyanın dəf etməli olduğu yol çətin olacaq: “O, həmin yolu keçə bilər, lakin bunun üçün zamana ehtiyac var. Və bunun üçün baş nazirə xalqın, Avropanın, ilk növbədə ABŞ-ın dəstəyi lazımdır”.

FİKRİNİ BİLDİR