VLADİMİR PUTİN GÖBƏLƏYİ XƏLƏFİ İLƏ YIĞIB?

Rusiya prezidenti 67 yaşını müdafiə naziri Sergey Şoyqu ilə dağ gəzintisində keçirib. İsveçrənin “Tages-Anzeiger” nəşrinin jurnalisti Zita Affentranger (Zita Affentranger) bunun təsadüf olmadığını hesab edir.

“Ümumiyyətlə Vladimir Putini kostyum və qalstukda görməyə öyrəşmişik. Ancaq Kreml ildə bir-iki dəfə prezidenti tamam başqa tərəfdən göstərən fotoşəkillər yayımlayır. Bunlar dayvinq, balıq ovu, at, durnalar və Amur pələngi ilə gəzintidən çəkilmiş, bəzən Putinin yarıçılpaq bədənini nümayiş etdirən şəkillər olur”, - məqalə müəllifi yazır.

“Bu dəfə Putin müdafiə naziri Sergey Şoyqu ilə birlikdə Sibirə səfər edib. Onlar göbələk yığıblar, gül dəriblər, tonqalın kənarında oturublar. İlk dəfə deyil ki, Şoyqu prezidentin yanındadır, lakin bu dəfə fotoşəkillər, deyəsən, başqa məna daşıyır: axı Rusiya 2024-cü ilədək Putinə xələf axtarır”, - jurnalist xatırladır.

“Həmin namizədlərdən biri məhz Şoyqudur. Müdafiə naziri prezidenti təkcə gəzintilərində müşayiət etmir, nazir həmçinin onunla birlikdə hərbi təlimləri və paradları qəbul edir, Suriyadakı əməliyyatları koordinasiya edir. Şoyqunun ictimai fiqur olmasına baxmayaraq, o, demək olar müsahibə və ya açıqlama vermir. Adətən nazirdən ayrı-ayrı cümlə, ya da cümlənin bir hissəni eşitmək olur. O, çox vaxt dodağının altında danışır. Amma bu yaxınlarda Şoyqu özünün də söylədiyi kimi yeddi ildə birinci dəfə müsahibə verib. Söhbət iki saat çəkib. Bəzi müşahidəçilər üçün bu, Şoyqunun Putinin mümkün xələfi kimi nəzərdən keçirilməsinə dair ilk əlamətdir”, - məqalədə deyilir.

“Şoyqu müsahibəsində özünü rusların tanıdığı və sevdiyi, xalqın içindən çıxmış təvazökar və təmkinli şəxs kimi təqdim edir. “Əlbəttə, mən də sizin kimiyəm, müharibə tərəfdarı deyiləm, - deyə o bildirib. – Ancaq müharibənin olmaması üçün ordumuz çox güclü olmalıdır (...)”. Ona görə Şoyqu düşünür ki, özündənsə, ordu haqqında danışmaq daha vacibdir. Söhbət əsnasında Şoyqu, əlbəttə ki, hələ 1999-cu ildə lazımi islahatlar həyata keçirməyə başlayan Vladimir Putin ilə birlikdə bu ordunun xilaskarı rolunda çıxış edib”, - Affentranger qeyd edir.

“Nazir Rusiyanın düşməninin adını çəkmək istəməyib, lakin bununla əlaqədar dərhal Qərb haqqında danışmağa başlayıb. Avropa və Amerikanın ünvanına səslənən ittihamlar siyahısı geniş olub: NATO-nun Rusiya sərhədlərinə kimi genişləndirilməsi, Rusiyanın qonşularına təsir, Rusiyanın daxili işlərinə müdaxilə. Şoyqunun sözlərinə görə, Qərb Rusiyanı dağıdıb, kölə halına salmaq istəyib, amma bu planın qarşısını almaq mümkün olub”, - məqalədə deyilir.

Jurnalist Şoyqunun əvvəllər fövqəladə hallar naziri vəzifəsində çalışdığını xatırladıb: “İstər daşqın olsun, istər zəlzələ, istərsə də terror aktı- o həmişə hadisə yerində olub, hərçənd elə o vaxt da az danışıb. 2012-ci ildə Putin onu müdafiə naziri təyin edib. (...) Vətəndaşlar arasında Şoyqunu əməl adamı kimi tanıyırlar”.

Yeri gəlmişkən, Putindən cəmi 3 yaş kiçik olan Şoyqu müsahibəsində ilk növbədə yaşlı nəslə üz tutub: “Sovet İttifaqı ilə bağlı böyük nostalji hisslərim var. Sibirə qayıtmaq ən böyük arzum olub”. Məqalə müəllifi qeyd edir ki, “internet şəbəkəsində kişilərin tur gəzintisinə kifayət qədər gülən gənc vətəndaşlar bunu başa düşməz, lakin əhalinin böyük bir hissəsi hələ də bunu müsbət qarşılayır”.

“Korrupsiya mübarizləri təvazökar vətənpərvəri şanından məhrum etməyə çalışıblar. Elə hey Moskvanın elit rayonunda bahalı mülk haqqında məlumatlar yayılıb. Ancaq bu, insanlara təsir etmir. Şoyqunun özü isə vurğulayır ki, həmin məlumatlar onun üçün heç bir əhəmiyyət kəsb etmir”, - sonda “Tages-Anzeiger” yazır.

FİKRİNİ BİLDİR