AMERİKAYA MOSKVA İLƏ DİALOQ LAZIMDIR

“ABŞ-ın Rusiyadakı səfiri kimi xidmət göstərəndə Moskvadakı səfirlik mütəmadi olaraq “duck and cover drill” (“əyil və örtül”) adlanan təhlükəsizlik təlimləri keçirirdi. Təlimlər hücum olduğu təqdirdə insanların həyatını xilas etmək üçün nəzərdə tutulmuşdu. (...) Moskvadakı səlahiyyət müddətim başa çatdıqdan sonra anladım ki, “əyil və örtül” Amerika-Rusiya münasibətlərində tutduğumuz müdafiə mövqeyinə müvafiq məcazdır. Rusiyaya o qədər belə yanaşmışıq ki, indi o, avtomatik olaraq bizim uzunmüddətli maraqlarımıza ziyan vurmağa başlayıb”, - 2017-2019-cu illərdə ABŞ-ın Rusiyadakı səfiri Con Hantsman (Jon Huntsman) “The Wall Street Journal” qəzetində yazır.

“Gəlin, əvvəlcə pezident Vladimir Putin  haqqında keçmiş illüziyalara və hazırda Rusiyanın üzləşdiyi sanksiyalara aydınlıq gətirək. ABŞ təkbaşına fəaliyyət göstərməklə onun və ya Rusiya hökumətinin davranışını dəyişə bilməz. Bunu yalnız rus xalqı bacara bilər. (...) Putinin ölkəni dəfedilməz güclə idarə etdiyi həqiqətdir. Lakin onun dövrü keçəcək, - keçmiş səfir yazır. – Putində ilişib qalmamalı və daha çox ondan çox yaşayacaq institutlar və nəsillər haqqında düşünməliyik. Bütün bu sanksiyaların qaçılmaz nəticəsi kimi özümüzü Rusiyadan təcrid etmək yerinə Rusiyada postputin dövrünü müəyyənləşdirəcək şəxslərlə konstruktiv münasibəti inkişaf etdirməliyik. Sovet İttifaqı dağıldıqdan sonra Putinin hakimiyyətdə qəfil yüksəlişi ABŞ-ı gözlənilmədən haqlayıb. Belə bir halın bir də təkrarlanmasına yol verə bilmərik”.

“Rusiya ilə daha az deyil, daha çox dialoqa ehtiyacımız var. Ancaq birincisi, özümüzdə də Rusiya haqqında müzakirələr üçün məkan yaratmalıyıq. Həm respublikaçılar, həm demokratlar arasında şüuraltı Putinin məddahı olmaq qorxusu Rusiya ilə münasibətlərimiz barədə yaradıcı düşüncə qabiliyyətimizi dondurub (...)”, - məqalə müəllifi qeyd edir.

“ABŞ-da sanksiyalar pis davranışa görə sevimli xarici siyasi alətə çevrilib. Atdığı bir sıra addımlara – qonşularına qarşı pis davranış nümayiş etdirdiyinə, Amerika seçkilərinə müdaxiləsinə, Sergey Skripal və qızının İngiltərədə zəhərlənməsindəki roluna görə Rusiyaya sanksiya tətbiq etmişik. Sanksiyaları həyata keçirmək asandır, amma onların ləğvini müzakirə etmək siyasi cəhətdən təhlükəli olub. Son hesablamalara əsasən, müxtəlif sanksiya institutları 850 rus vətəndaşı və strukturuna qarşı sanksiya tətbiq edib, onların effektivliyi ilə bağlı əhəmiyyətsiz təhlil aparıb, bəzən isə ümumiyyətlə belə bir analiz aparmayıb”, - məqalədə deyilir.

“Həmin tədbirlərdən çoxu arzu edilən effekti göstərə bilər. Onlar saxlanılmalıdır. Lakin hamısı belə deyil. Sanksiyalar öz məqsədlərinə nail olurmu? Bu mövzu ilə bağlı səmimi müzakirə aparmağın vaxtı çatıb. Onlar müəyyən Kreml insayderləri üçün biznes qiymətini qaldırırlarmı? Tamamilə belədir. Bəs onlar Kremlin ölkə daxilində və xaricində yürütdüyü siyasətə eyni effektlə təsir edirlərmi? Gəlin, aydınlaşdıraq, - deyə Hantsman dəvət edir. – Sanksiyaların daha geniş qarşılıqlı fəaliyyət strategiyasına uyğunluğu ilə bağlı zəmanətimiz olmadan onların laqeydcəsinə tətbiq edilməsi bizi nəticə formalaşdırmaq imkanından məhrum edir. Ruslar bu faktı qəbul ediblər ki, deyəsən, ABŞ sanksiyaları hələ uzun müddət qüvvədə qalacaq. Ruslar alternativ tədarük zənciri yaradanadək, bu, mütləq bazarın deferomasiyasına səbəb olacaq. Və həmin zəncir çox vaxt ABŞ-ın maraqlarına cavab verməyəcək. Səfirlikdəki həmkarlarım və mən dəfələrlə eyni nəqarəti eşitmişik: bəzi hallarda ABŞ sanksiyaları ehtimal edilən effektlə müqayisədə əks təsir göstərir, kapitalı Rusiyaya qaytarır, ölkənin daxili sektorunu dəstəkləyir və strateji bazarda möhkəmlənməyə can atan Amerika şirkətlərini pis vəziyyətə qoyur”.

“Söhbət Amerika-Rusiya münasibətlərindən gedəndə “əyilib örtülməyə” son vermək lazımdır. Məharətlə istifadə edilən hədəf sanksiyaları məqsədə xidmət edir, lakin nəticə etibarilə bəzi rus məmurlarının  qıvrıldığına tamaşa etməkdən daha çoxunu istəmək bizim milli maraqlarımıza cavab verir. Hədəfimiz Rusiya olmalıdır. Elə bir Rusiya ki, daha yaxşı tərəfdaş və dünyanın daha məsuliyyətli vətəndaşı olsun. ABŞ-Rusiya münasibətləri həmişə olduğu kimi - növbə ilə əməkdaşlıq, rəqabət və qarşıdurma şəklində davam edəcək. Ağıllı diplomatiya bizi bu vaxtadək müharibədən qoruya bilib. Amma qorxuram ki, hazırkı soyuqluq qarşıdan gələn illərdə strateji qarşılıqlı fəaliyyətlə bağlı variantlarımızı məhdudlaşdırsın. Bu münasibətlərdə inam asan başa gəlmir və zamanla qazanılmalıdır. Axı nə vaxtsa başlamaq lazımdır”, - sonda Hantsman qeyd edir.

FİKRİNİ BİLDİR