KÖHNƏ BAŞ NAZİR NİYƏ İŞƏ YARAMADI?

Hökumətə Heydər və İlhan Əliyevlərə yaxın iqtisadçı başçılıq edəcək.

Çərşənbə axşamı Azərbaycanda yeni baş nazir təyin edilib. Həmin şəxs Prezidentin iqtisadi məsələlər üzrə köməkçisi Əli Əsədov olub. Kabinetin keçmiş rəhbəri Novruz Məmmədov təyinatdan bir neçə saat əvvəl istefa ərizəsi yazaraq pensiyaya çıxıb. Lakin görünən odur ki, bu, təkcə onun qərarı olmayıb: iqtidaryönlü KİV və “Kommersant” qəzetinin sorğusunda iştirak edən azərbaycanlı ekspertlərin hamısı bir nəfər kimi bildiriblər ki, cənab Məmmədov kifayət qədər səriştəli olmayıb. İqtisadçı Əli Əsədov isə nəinki prezident İlham Əliyevə yaxındır, eyni zamanda onun atası ilə birlikdə çalışıb.

Oktyabrın 8-i Milli Məclisin iclasında iştirak edən 105 deputatın hamısı (parlamentdə ümumi 125 yer var) yekdilliklə prezidentin iqtisadi məsələlər üzrə köməkçisi Əli Əsədovun respublikanın baş naziri postuna təyin edilməsini dəstəkləyib. Nazirlər Kabinetinin əvvəlki rəhbəri Novruz Məmmədov bundan bir neçə saat öncə pensiyaya çıxması ilə əlaqədar istefa ərizəsi yazıb. Demək olar dərhal sonra Azərbaycan prezidenti İlham Əliyev cənab Əsədovun baş nazir vəzifəsinə təyin edilməsi haqqında sərəncam imzalayıb.

İqtidara yaxın mətbuat orqanları qeyd edib ki, Novruz Məmmədov baş nazir kimi fəaliyyət göstərdiyi bir il yarımlıq müddət ərzində ondan gözlənilən dəyişikliklərə nail ola bilməyib. “72 yaşlı Məmmədov hər hansı faydalı təşəbbüslə yadda qalmayan, ən əhəmiyyətsiz hökumət başçısı kimi tarixə düşəcək”, - “Turan” agentliyi onun istefasını belə şərh edib.

Yeni baş nazir Əli Əsədov iqtisadçıdır. O, əmək fəaliyyətinə 1978-ci ildə Azərbaycan SSR Dövlət Plan Komitəsinin təyinatına müvafiq olaraq Azərbaycan SSR Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda baş laborant kimi başlayıb, 20 ilə yaxın deputat olub. Əsədov prezidentin iqtisadi məsələlər üzrə köməkçisi vəzifəsinə hələ mərhum prezident Heydər Əliyevin dövründə təyin edilib. Yeni baş nazir təyinatından dərhal sonra çıxışında Azərbaycan iqtisadiyyatının “böyük uğurunu” qeyd edib. Düzdür, onun sözlərinə görə, bu uğurlar “Azərbaycan prezindeti İlham Əliyevin fəaliyyətinin nəticəsidir”.

“İlk növbədə iqtisadi biliklərin tələb olunduğu vəzifəyə filoloq Novruz Məmmədovun təyin edilməsi ümumiyyətlə nəyə lazım idi?” - “Kommersant” qəzetinin bu sualını “Cənub Qafqaz” bakılı politoloqlar klubunun başçısı İlqar Vəlizadə cavablandırıb: “Nazirlər kabineti maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı məsələlərin həll edildiyi orqandır və onun rəhbəri iqtisadi qərarlar verməlidir. Məmmədovun təcrübəsi və bilikləri həqiqətən yetərli olmayıb”.

Mənbə: KOMMERSANT

FİKRİNİ BİLDİR