ABŞ SURİYADAN ÇIXMAQLA MƏSULİYYƏTSİZLİK NÜMAYİŞ ETDİRİR

Monten İnstitutunun xüsusi məsləhətçisi, geopolitoloq Dominik Muazi (Dominique Moïsi) İsveçrənin “Le Temps” qəzetinə müsahibə verib.

“Donald Trampın (Donald Trump) Amerika qoşunlarının Suriyadan çıxarılması ilə bağlı verdiyi qərar kürdləri hücuma keçən Türkiyənin ixtiyarına buraxır. Bu, hazırda Suriya Kürdüstanında həbsdə saxlanılan 12 min İŞİD döyüşçüsü üçün gözlənilməz uğurdur”, - deyə ekspert bildirib.

“(...) Əlbəttə, xarici siyasi aspekt də rol oynayır. Türkiyə kürdlərin işinə müdaxilə etmək istəyəndə Vaşinqton Ankaraya deyir: “Nə istəyirsiniz edin, mən aradan çıxıram”. Donald Tramp kürdlərlə münasibətdə Ponti Pilat rolunda çıxış edir. Lakin Amerikanın daxili siyasətinə xas dinamika da mövcuddur. Söhbət prezidentə qarşı yönəlmiş impiçment prosedurundan gedir. Tramp söhbətin mövzusunu dəyişmək istəyir. Prezident vətəndaşlara deyir ki, demokratların xəyanəti qarşısında nəyin vacib olduğunu başa düşür: dünya ölkələrinin işinə qarışmaq olmaz. O, “İlk növbədə Amerika” kredosunu səsləndirir və Suriya kimi mürəkkəb ölkələrdə qələbənin mümkün olmadığını iddia edir. Ağ yalandır. ABŞ bu gün Suriyanı tərk etməklə xaos riskini gücləndirir”, - deyə Muazi qeyd edir.

Politoloqun fikrincə, Amerika kimi Türkiyə də Suriyada daxili maraqlarına xidmət edir: “Prezident Rəcəb Tayyip Ərdoğan istəyir ki, ölkə əhalisi siyasi repressiyalar və iqtisadi vəziyyət haqqında düşünməsin. O, türk millətçiliyindən və kürdlərin müstəqilliyi qarşısındakı qorxudan istifadə edir. Trampla Ərdoğan arasında müəyyən işbirliyi mövcuddur”.

“(...) Amerikanın verdiyi qərarın iki mənası var. Bir tərəfdən, bu, kürdlərə xəyanət deməkdir. Kürdlər dünən müttəfiq idilər, bu gün isə onları atırlar. Digər tərəfdən, Amerika Yaxın Şərqdəki rolundan da imtina edir. Əlavə etmək istərdim ki, kürdlərlə bağlı qərar və Ukrayan məsələsi arasında paralel mövcuddur. Mesaj aydındır: “Daha heç kim Amerikaya etibar edə bilməyəcək”, - deyə ekspert analiz edir.

Muaze kürdlərin idealda Avropaya ümid edə biləcəyini qeyd edir: “Amma onlar bilirlər ki, Avropa heç nə etməyəcək, çünki qaçqın məsələsində Türkiyə böyük əhəmiyyət kəsb edir. Ona görə Avropa dövlətlərindən heç biri kürdləri müdafiə etmək üçün quru qoşunlarını döyüşə göndərmək istəmir. Suriyalı və rusiyalılara müraciət etmək elə də asan məsələ deyil. Suriyalılar mövcud halda kürdlərin möhkəmlənməsində maraqlı deyillər. Ruslar isə öz iştiraklarını möhkəmlətmək üçün Suriyanın parçalanmasını və zəifləməsini istəyirlər. Bundan sonra kürdlər beynəlxalq arenada tək qalacaqlar”.

“(...) Türk hərbi əməliyyatlarını qarabaqara izləyən iğtişaşlar, şübhəsiz, cihadçılar üçün yaxşı xəbər olacaq. Onlar daha kürdlər üçün prioritet olmayacaqlar. Belə ki, sonuncular özlərini Türkiyədən müdafiə etmək üçün bütün qüvvələrini və vasitələrini səfərbər etməli olacaqlar”, - deyə ekspert aydınlıq gətirir.

“(...) Kürdlər xəyanətə uğradıqlarını hiss edirlər. Ən əsası, daha 12 min cihadçını nəzarətdə saxlamaq iqtidarında deyillər. Bununla əlaqədar onlar həmin döyüşçüləri azad edə, ya da Qərb sakinlərini şantaj etmək üçün belə bir perspektivdən istfiadə edə bilərlər”, - Muazi belə bir təkliflə çıxış edir.

“(...) Nəticə göz qabağındadır: Amerika eqoizmi Yaxın Şərqlə münasibətdə, Avropa ilə münasibətdə, terrorizmlə mübarizədə, alyanslara inam anlayışında məsuliyyətsizdir. Əgər Trampın başçılığı dövründə Amerika diplomatiyasının məsuliyyətsizliyinə dair daha bir sübut əldə etmək istəyirdiksə, onda indicənə onu əldə etmiş olduq”, - ekspert müsahibənin sonunda deyir.

 

Mənbə: LE TEMPS

FİKRİNİ BİLDİR