PAŞİNYAN: XALQIN SEVİMLİSİNDƏN POPULİSTƏ QƏDƏR GEDƏN YOL

“Nikol Paşinyan xalqın kumiri, arzuları yerinə yetirən sehrli çubuğa malik sehrbazdan indi “təlxək”, “flüger” və “populist” adlanan şəxsə qədər yol keçib. Bəli, Yeltsin ünvanına səslənən tənqidlər üçün həqiqətən əsas verib, ancaq onun xidmətləri həmişə çatışmazlıqlarını üstələyib. Xidmətlər isə tezliklə unudulub. Nəticədə, Rusiya demokratiya yolundan dönərək, Vladimir Putinin diktaturasını əldə edib”, - Romella Mnasakanyan “ArmenianReport.com” saytında yazır.

“İndi şöhrətdən töhmətə gedən yolun çox qısa olmasından bəhs edəcəyik. Viktor Yuşenko da həmin yoldan keçib. O, Ukraynada “narıncı inqilab” fonunda hakimiyyətə gəlib. Ondan möcüzə gözləyirdilər. Və Qərb həqiqətən bir çox məsələdə ona kömək edib. Amma bir sıra səbəblərdən dolayı möcüzə baş verə bilməzdi. Vəziyyət sadəcə müvəqqəti yaxşılaşa bilərdi, həmin müddət başa çatdıqdan sonra isə “sehrbaz” adlandırılan şəxsin dərhal problemləri başlayıb”, - məqalədə deyilir.

“Nəticədə nə alınır? Yuşenko hörmətini itirib və Viktor Yanukoviçə məğlub olub. Həmin Yanukoviçə ki, Ukraynanı demokratiya və azadlıq yolundan döndərərək var qüvvəsi ilə Rusiyanın təsir zonasına qaytarmağa çalışıb. Ölkə vətəndaşları yalnız “ləyaqət inqilabı” həyata keçirməklə Yanukoviçi devirə bilib. Bu, onlara Krım və Donbasın itirilməsi, on minlərlə insanın həlak olması, böyük qaçqın ordusu hesabına başa gəlib”, - yazar xatırladır.

“Həmin vaxt hakimiyyətə Petr Poroşenko gəlib. Ona da sehrbaz xalatı geyindiriblər. Krımın geri qaytarılacağını, Rusiya üzərində qələbə, inanılmaz iqtisadi inkişaf gözləyiblər. Təbii, bütün bunlar baş verməyib. Və təbii, Poroşenko Ukraynanın əsas anti-qəhrəmanına çevrilib. Onu bu günün özündə də fitə basırlar. Hazırda Ukraynaya dünənki təlxək, oliqarx tədbirlərinin “ulduzu” Vladimir Zelenski prezidentlik edir”, - jurnalist qeyd edir.

“O da kumirdən hamı tərəfindən tənqid edilən siyasətçiyə qədər yol keçməli olacaq. Özü də, Zelenski və komandası reallıqda dəhşətli səhvlərə yol verirlər. Keçmiş komediya aktyorunun ölkəni Rusiya qarşısında kapitulyasiyaya aparması, paralel olaraq oliqarx Kolomoyskinin maraqlarına xidmət göstərməsi barədə yalnız tənbəllər danışmır. Hər şey qanuna uyğundur, hər şey gözlənilən şəkildədir”, - məqalədə deyilir.

“Bu qəbildən olan çoxlu nümunə çəkə bilərəm. Və onların hamısı sübut edəcək ki, Nikol Paşinyanın başına gələnlərdə inanılmaz heç nə yoxdur. O, sadəcə daha hazırlıqlı, ustad siyasətçilərin yolunu təkrarlayır. Bu zaman başa düşmək lazımdır ki, bu işdə ona Rusiya və əvvəlki hökumət kömək edir. Qeyd edilən tandemə müqavimət göstərmək nəinki çətindir, demək olar mümkün deyil. Milli hakimiyyətə təzyiq göstərmək üçün onların çoxlu təsir vasitəsi var”, - Mnasakanyan yazır.

“Xeyr, Paşinyan və komandasının üzərindən məsuliyyəti götürmürəm. Onları tənqid edərkən, yenə də özümüzə suallar verməliyik. Əsas sual isə bu olmalıdır: nağıla inanan axmaq deyilmi?”, - deyə müəllif soruşur.

“Paşinyan ictimaiyyətin dəstəyi olmadan hakimiyyəti əldə edə bilməzdi. Bir vaxtların qalmaqalçı jurnalisti və kəmsavad müxalifətçisinin qüdrətli siyasi xadim, islahatçı və diplomata çevriləcəyinə inanan biz olmuşuq. Parlamentdə oturmağa layiq olmayanları parlamentə biz salmışıq. “Məxməri inqilab”dan sonra həyatımızın dərhal dəyişəcəyinə inanan biz olmuşuq. Ona görə də birinci növbədə özümüzdən soruşmalıyıq. Bəs buna hazır olan varmı? Şübhə edirəm…”, - jurnalist sonda bildirir. 

FİKRİNİ BİLDİR