ENERGETİKA ÜZRƏ GƏLƏCƏK AVROKOMİSSAR “ŞİMAL AXINI-2” HAQQINDA NƏ DÜŞÜNÜR

Avropa Komissiyasının yeni heyətindən nə gözləmək lazımdır? Bu suala ilk avrodeputatlar cavab ala bilib. Onlar ötən gün energetika üzrə avrokomissarlığa namizəd estoniyalı Kadri Simsonun (Kadri Simson) gələcək siyasəti ilə maraqlanıblar.  Bu barədə “DW portalının Brüsseldəki müxbiri Yuriy Şeyko yazır.

Estoniyanın keçmiş energetika naziri Kadri Simson dinləmələr zamanı ehtiyatlı olub, hətta bir neçə dəfə təkrarlanan suallardan yayınmağa çalışıb. Avropa Xalq Partiyasından (AXP) polşalı avrodeputat Yeji Buzek (Jerzy Karol Buzek) xatırladıb ki, cari ildə (Üçüncü Enerji Paketinin bir hissəsi olan) AB-nin Qaz direktivi “Şimal axını – 2” də daxil olmaq üzrə üçüncü ölkələrdən olan qaz kəmərlərinə şamil edilməyə başlayıb. “Rusiyanın etirazlarına baxmayaraq, Qaz direktivinə dəyişiklikləri tam həyata keçirməyə hazırsınızmı?” – deyə Buzek maraqlanıb.

Lakin əvvəllər “Şimal axını – 2” layihəsi ilə bağlı tənqidi fikirlər səsləndirən Simson başqa aspektə - bərpa edilə bilən mənbələrə keçiddə qazın roluna diqqət çəkib. “Əgər qazdan danışırıqsa, gələcəkdə söhbət artıq təbii qazdan deyil, daha çox bioqaz və hidrogendən gedəcək”, - deyə namizəd bildirib. AXP-dən olan almaniyalı avrodeputat Peter Lize (Peter Liese) Simsondan Rusiya haqqında sualı cavablandırmasını xahiş edib. O, bu dəfə də sualdan yayınıb.

Əsas mövzu AB-ni 2050-ci ilədək iqlim cəhətdən neytral etmək məqsədi olub, amma Rusiya ilə enerji məsələləri ilə bağlı konkret bəyanatlar da səslənib. Siyasətçi hələ giriş sözündə AB ilə qonşu ölkələrdə, məsələn, Ukraynada vəziyyəti sabitləşdirmək məqsədilə energetikadan istifadə etmək istədiyini bildirib.  Estoniyalı siyasətçi cari ilin sonunadək AB-Rusiya-Ukrayna qaz danışıqlarında müsbət nəticə əldə etmək istəyir.

Siyasətçi AB Məhkəməsinin “OPAL” qaz kəməri ilə bağlı qərarına toxunub: “Qaz kontekstində həmrəylik aspektini ciddi qəbul etməyimiz çox vacibdir... Qaz bazarının gələcək strukturundan bəhs edərkən, əsaslanmalı olduğumuz əsas sütun budur”. Məlumdur ki, Lyuksemburq məhkəməsi “Qazprom” şirkətinə “OPAL”-ın tam gücündən istifadə etməyə icazə verməyib. AB Məhkəməsi qərarını məhz AB dövlətləri arasında həmrəylik  prinsipinə əsaslandırıb.

Litvalı avrodeputatları Ostrovsda inşa edilən Belarus Atom Elektrik Stansiyası haqqında sual maraqlandırıb. “Yaşıllar” fraksiyasının nümayəndəsi Bronis Ropenin fikrincə, Belarus AB-nin AES strukturunda problem aşkar edən stress-testlərin nəticələrinə məhəl qoymur. “AB sərhədləri yaxınlığında yeni Çernobıl faciəsinin qarşısını almaq üçün yeni avrokomissar kimi hansı konkret addımları atmağı planlaşdırırsınız?”, - deyə Rope soruşub. Xatırladaq ki, ötən il stress-testlərdən sonra nüvə təhlükəsizliyi tənzimləyicilər qrupu stansiyanın təhlükəsizliyi ilə bağlı hesabat təqdim edib. Sənəddə elektrostansiyanın təhlükəsizliyinin yaxşılaşdırılması istiqamətində bir sıra tədbirlərin keçirilməsi məsləhət görülüb.

Kadri Simson etiraf edib ki, üçüncü ölkənin stress-testlərin nəticələrini diqqətə alması üçün AB yalnız israr edə bilər. “Üçüncü ölkədə inşa edilən AES ilə nə edə bilərik? Tikinti və istismarın ən yüksək təhlükəsizlik standartlarına uyğun keçməsi üçün yardım təqdim edə bilərik”, - deyə o qeyd edib. Simson söhbətin maliyyə yardımından getdiyini dəqiqləşdirib. Eyni zamanda o, “mümkün fövqəladə hallara” hazırlıqda Litvaya yardım göstəriləcəyinə söz verib.

Litva sərhədinin yaxınlığında Belarus Atom Elekstrik Stansiyasının baş podratçısı Rusiyanın “Atomstroyeksport” şirkətidir. Stansiyanın ilk enerji blokunun 2020-ci ildə işə salınacağı planlaşdırılır.

Mənbə: DW

FİKRİNİ BİLDİR