BALTİKYANI REGİON RUS QAZINDAN ASILILIĞI AZALDIR: YENİ QAZ KƏMƏRİ İŞƏ DÜŞƏCƏK

Estoniya və Finlandiyanı birləşdirəcək 55 kilometr uzunluğa malik, 43,3 milyon avro dəyərində qiymətləndirilən “Balticconnector” qaz kəməri cari ilin dekabr ayında hazır olacaq. Qaz kəmərinin çəkiliş işləri Estoniyanın Kiyli, Saku, Saue, Lyaene-Haryu vilayətləri və Keyla şəhərində aparılır. 711 mm diametrə malik boru kəmərinin çəkilişi Pakri yarımadasında başlayıb, Kiylidə başa çatacaq. Bu barədə çəkiliş işləri ilə məşğul olan şirkətə istinadən Latviyanın “Delfi” nəşri məlumat verir.

Qaz kəməri bir-birinə qaynaq edilmiş 12 metrlik seksiyalardan ibarət olacaq. Divarların qalınlığından asılı olaraq seksiyaların çəkisi 1,8-2,6 ton təşkil edir. Estoniya elektrik təchizat sistemi operatorunun məlumatına əsasən, “Balticconnector” 2020-ci ilin əvvəlində işə düşəcək. Elə həmin vaxt Estoniya-Finlandiya birgə qaz bazarı fəaliyyətə başlayacaq.

Saziş çərçivəsində qaz gələn ildən əlavə xərc olmadan Finlandiya, Estoniya və Latviya arasında nəql olunacaq. Bu da potensial qaz satıcıları üçün bazarı daha cəlbedici edəcək. Daha sıx rəqabət isə istehlakçını əlverişli qiymətlərlə təmin edəcək. Litva və Polşa arasında qaz qovşaqları üzərində aparılan işlər başa çatdırıldıqdan sonra yerli qaz bazarı daha “Qazprom” şirkətinin tədarükündən asılı olmayacaq.

Estoniya və Latviya arasında qaz kəmərinin möhkəmləndirilməsi üzrə işlər də nəzərə alınmaqla, layihənin ümumi dəyəri təxminən 300 milyon avro təşkil edib. Həmin vəsaitin 200 milyon dollarını AB investisiya edəcək.

“Balticconnector” qaz kəmərinin sualtı hissəsi 77 kilometr, yeraltı hissəsi Estoniyada 55 kilometr, Finlandiyada 21 kilometr olacaq.

Mənbə: DELFI

FİKRİNİ BİLDİR