RUSİYANIN ENERJİ BAZARI TƏHLÜKƏ ALTINDADIR

Moskva qlobal istiləşmənin arktik neftə yol açdığına sevinsə də, buzlaqların əriməsi indi Rusiyada ənənəvi yataqlara təhlükə kəsb edir.

Prezident Vladimir Putin daimi buzlaqların əriməsinin qarşısını almaq üçün mümkün olduğu qədər tez bir zamanda ekologiya müdafiəçisinə çevrilməlidir. Yalnız bu yolla Rusiyanın neft və qaz şirkətləri planeti isidən və buzu əriməyə məcbur edən karbohidrogen hasilatını davam etdirə bilərlər. Bu barədə Culian Li (Julian Lee) “Bloomberg” agentliyində yazır.

Məqalə müəllifi belə bir məntiqin kifayət qədər təhrif olunduğunu qeyd edir: “Amma bu, Rusiyanın gözlənilmədən Paris İqlim Sazişini təsdiq etməsini izah edə biləcək yeganə səbəbdir. İqlim dəyişiklikləri son vaxtlaradək Moskvada ən azından qismən “yaxşı məsələ” kimi nəzərdən keçirilib. Belə ki, suların istiləşməsi Şimal dənizi vasitəsilə dəniz yolunu açıb. Arktikada dənizlərin altında neft və qaz yataqlarını axtarmağa və işləyib hazırlamağa praktiki və iqtisadi imkan yaranıb. Ən azından Ştokmanov qaz-kondensat yatağını yada salmaq olar”.

Lakin Arktika zənginliyinin kəşf edilməsinə səbəb olan istiləşmə eyni zamanda Rusiyanın şimalında donmuş quru sahələrə mənfi təsir göstərə bilər. Ölkənin əsas qaz və neft hasilatı məhz burada cəmlənib.

Ötən həftə İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panelin (IPCC) qəbul etdiyi “İqlim dəyişikliiyi zamanı okeanlar və kriosfer haqqında” hesabatda deyilir ki, daimi buzlaqlarda sürətli dəyişiklik müşahidə edilir.

Sənədə əsasən, bu dəyişikliklər neft sənaye infrastrukturunun “sabitliyinə və funksional imkanlarına” mənfi təsir göstərir. Ən böyük risk yeraltı buz və donmuş süxurların geniş yayıldığı ərazilərdə müşahidə edilir. Rusiyanın ən böyük iki yeni qaz layihəsinin yerləşdiyi Yamal yarımadası bu kateqoriyaya düşür. Amma problem regionla məhdudlaşmır. IPCC-nın hesabatına əsasən, Arktikanın Rusiyanın payına düşən yataqlarında neft və qaz hasilatının 45%-i böyük təhlükə zonasında yerləşir.

Daimi buzlaqların bir neçə metrlik üst qatı aktiv təbəqə adlandırılır. Mövsümdən asılı olaraq donub, yenidən donu açılan bu qat qızmar aylarda qeyri-sabit olur. Bina tikənlər adətən bunu nəzərə alırlar, konstruksiyanın daha davamlı olması üçün daha dərin fundament qazırlar. Dəyişikliklər yollar, dəmir yolları, yaşayış binaları, zavod və boru kəmərlərinin inşasında nəzərə alınır. Ancaq qlobal istiləşmə aktiv təbəqəni dərinləşdirib. Bu o deməkdir ki, torpaq üzərində inşa edilən strukturu möhkəm saxlamaq qabiliyyətini itirir.

Mənbə: BLOOMBERG

FİKRİNİ BİLDİR