SEÇKİÖNCƏSİ GÜRCÜSTANDA FORMALAŞAN QALMAQALLI HÖKUMƏT İŞƏ YARAYACAQMI

Gürcüstanın hazırkı nazirlər kabinetinin təsdiqlənməsi böyük səs-küyə səbəb olub. Gürcüstan İctimai Məsələlər İnstitutunun Beynəlxalq Münasibətlər Məktəbinin direktoru, politoloq Tornike Şaraşenidze (Tornike Sharashenidze) bunun tamamilə məntiqli olduğunu qeyd edir: “Belə ki, hakim partiya və müxalifət baş mübarizəyə - 2020-ci il parlament seçkilərinə hazırlaşır. Hələlik heç bir hakim partiya üçüncü səlahiyyət müddətinə qala bilməyib, hazırkı hakim qüvvənin isə elə ikinci müddəti başa çatır”.

Professor “IPG” portalında dərc olunan məqalədə yazır ki, yeni nazirlər kabineti seçki altında hökumətdir: “Yaranan səs-küyün və qalmaqalın əsas səbəbi yeni baş nazir Georgi Qaxariya ilə əlaqəli olub. O, hələ daxili işlər naziri vəzifəsində çalışarkən iyunun 20-i parlament binasının yaxınlığında keçirilən mitinqi amansızcasına yatırıb. Bundan başqa, müxalifət onun Moskva ilə əlaqələri olduğunu deyir. Bu ittihamlar rəsmi şəkildə təsdiqini tapmasa da (Qaxariya Moskvada təhsil alıb, işləyib, lakin bunu kompromat hesab etmək olmaz, çünki müxalifət liderlərinin çoxu bir vaxtlar Moskva məktəbini keçiblər), yeni baş nazirin onsuz da zəif olan imicini daha da korlayır”.

“Gürcüstanda hamını maraqlandıran əsas sual budur: niyə ölkənin qeyri-rəsmi rəhbəri milyarder Bidzina İvanişvili belə bir seçim edib? Və yenidən sui-qəsd nəzəriyyəsi silsiləsindən cavablar eşidilir: Moskvadan göstəriş gəlib. Hərçənd belə bir variantı ciddi nəzərdən keçirmək lazım deyil. İvanişvili həqiqətən Moskvadan idarə olunsaydı, çox güman, daha diqqətli və gizli hərəkət edərdi”, - məqaldə deyilir.

Politoloq xatırladır ki, gələn il ölkəni növbəti belə bir mübarizə gözləyir: “Gürcüstan parlament respublikasıdır, qarşıdan gələn seçkilər isə parlament seçkiləridir. İvanişvili növbəti səlahiyyət müddətində də hakimiyyətdə qalmaq niyyətindədir. Və bu, şıltaqlıqdan daha çox ehtiyacdır. Çünki o, hakimiyyət başında özünü daha təhlükəsiz və rahat hiss edir. Axı müxalifət qalib gəlsə, onlar ölkənin ən varlı şəxsinin keçmişini araşdırmaq istəyə və ən azı onu ciddi cərimə ilə cəzalandıra bilərlər. İvanişviliyə antipatiyasını gizlətməyən keçmiş prezident Saakaşvilinin partiyası əsas müxalifət qüvvəsi olaraq qalır”.

“Ölkənin ən varlı insanı İvanişvilinin hökumət resurslarını nəzarətdə saxlamasına baxmayaraq, hakim partiya sürətlə nüfuzunu itirir və 2020-ci ildə ona asan olmayacaq. İvanişvilinin qurduğu bütün model çox həssas zəmin üzərində dayanır. Onun komandası bir qayda olaraq ortabab insanlardan ibarətdir. Onları təkcə sahiblərinə sadəqət birləşdirir. Onların fonunda Qaxariya öz intellekti və özündən əminliyi ilə seçilir. Lakin korlanmış nüfuzunu nəzərə alsaq, nazir böyük stress və təzyiq altında işləməli olacaq. Bundan başqa, o, İvanişvilinin əlindən bezən gənc nəslin xoşuna gəlmir. Sonuncu fakt 20 iyun hadisələrində və ondan sonra baş verən etirazlarda yaxşı nümayiş etdirilib. Həmin gün milyarderin komandasının ciddi, zərərli səhvlərə meylli olduğunu da göstərib. Növbəti belə səhv ona baha başa gələcək. Üstəlik, heç kim Moldova ssenarisini yaddan çıxarmayıb”, - məqalədə deyilir.

“Ona görə əvvəlcədən sığortalanmaq qərarına gəliblər: seçici seçim qarşısına qoyulacaq – ya ölkənin demək olar inkişaf etmədiyi İvanişvilinin “Gürcü arzusu”, ya da ölkədə hələ də çoxlu əleyhdarı olan Saakaşvilinin “Vahid Milli Hərəkat” partiyası. Tələbin olduğu yeni partiyalara isə inkişaf etməyə imkan verməyəcəklər, sadəcə onların maliyyə mənbələrinin ağzını bağlayacaqlar”, - Şaraşenidze qeyd edir.

Məqalə müəllifi xatırladır ki, ən yeni Gürcüstan tarixində dünya səviyyəli siyasətçi Eduard Şevardnadze belə özünü üçüncü səlahiyyət müddətinə çatdıra bilməyib: “Mixail Saakaşvili kimi regional miqyaslı islahatçı da bunu edə bilməyib. Bu cür böyük fiqurların və oyunçuların bacara bilmədiyini milyarder edə biləcəkmi? Üstəlik, həmin iki nəfərdən biri çətinliklə də olsa, hələ də at belindədir”.

Mənbə: IPG

FİKRİNİ BİLDİR