PUTİNİN ULDUZU SÖNÜR

Vladimir Putinin başçılıq etdiyi partiyanın bazar günü Moskva Şəhər Dumasına seçkilərdə pis nəticə göstərməsi ölkədəki demokrat fəallar üçün əsl qələbəyə çevrilib. Bu barədə “Politico” nəşrində Riqada yaşayan müstəqil jurnalist Leonid Raqozin (Leonid Ragozin) yazır.

Bu, ölkədə daha vacib dəyişikliklərin nəticəsidir: insanlar daha dövlət hakimiyyəti qarşısında özlərini aciz hiss etmirlər.

Rusiyada əksər vətəndaşlar üçün ən təhlükəsiz davranış tərzi konformizmdir. Sovet dövründə deyildiyi kimi, “təşəbbüs cəzalandırılır”.

Müxalifət düşərgəsindən olan siyasətçilərin ən böyük problemi iqtidarın sistemli şəkildə onların seçkilərdə iştirakına qadağan qoyması, ya da etiraz edib, demokratiyanı dəstəkləyənlərlə haqq-hesab çəkməsi deyil. Ən böyük problem, rusların təbirincə desək, ümidsizlikdir – vəziyyəti dəyişmək üçün uzun müddət həyata keçirilən bütün işləri iflic vəziyyətə salan ümumi ümidsizlik duyğusudur.

Məqalədə deyilir ki, Rusiyanın paytaxtı Moskvada iki aydır davam edən etiraz marafonundan sonra Aleksey Navalnının başçılığı altında müxalifət ötən bazar günü kollektiv rus mentalitetinin məhz bu təzahürünü alt-üst edib.

Moskva Şəhər Dumasına seçkilərin formal nəticəsi elə də təsirli olmayıb. Seçkilərdə iştirak imkanından məhrum olan liberal namizədlər taktiki seçki kampaniyasına əl atmalı olublar. Bu zaman Kremlin dəstəklədiyi namizədlərin demək olar yarısı mandatdan məhrum edilib, yerlərin çoxunu kommunistlər və bu və ya başqa dərəcədə Kremlin təsiri altında olan digər iki kiçik partiya tutub.

Bununla belə, uğurlu kampaniya yalnız manipulyasiya və saxtakarlığın köməyi ilə özünü yerlə təmin edən, Kremlin dəstəklədiyi bir çox siyasətçi ilə müqayisədə müxalifət və etiraz liderlərinə, o cümlədən Navalnıya paytaxtda böyük legitimlik qazandırıb.

Rusiyada dəyişikliklər son dərəcə ləng gedir. Qısa müddətli optimizm dövrləri adətən faciəvi sarsıntılarla bitir. Lakin bu dəfə belə düşünməyə əsas var ki, Navalnının nikbinliyi və əminliyi seçicilərin çoxuna ötürülüb və liberal müxalifətdən olan yeni liderlər qrupunu həvəsləndirib.

Kreml əbəs yerə əndişələnmir. Bunun üçün onun bütün səbəbləri var. Müstəqil “Levada” mərkəzi tərəfindən ötən ay keçirilən sorğuda Moskva sakinlərinin 37%-i etirazları dəstəkləyib, 27%-i isə nümayişlərin əleyhinə olduğunu bildirib. Bu rəqəmlər yüksək mərkəzləşmə dərəcəsinə malik, siyasi rejimin sağ qalmasının paytaxta kimin nəzarət etməsindən asılı olduğu ölkə üçün pis göstəricidir.

Başqa regionlarda da Moskvanın nümunəsinin təkrarlandığını göstərən əlamətlər gözə dəyir. Hakim partiya regional seçkilərin çoxunda qalib gəlsə də, ölkə miqyasında yerli idarəetmə orqanlarında çoxlu yer itirib.

Məsələn, Xabarovsk diyarında Putinin partiyası nəzarət etdiyi regional Qanunverici Məclisdə 36 yerdən sadəcə ikisini əlində saxlaya bilib. Sankt-Peterburqda seçkilər saxtakarlıq halları ilə yadda qalıb. Bu da gərginliyi daha da qızışdıra bilər.

Putin sürətlə artan narazılığın qarşısını almağa çalışır.

O, 2011-2012-ci illər Bolotnı etirazlarından sonra zəifləyən populyarlığının fonunda reytinqini göyə qaldıran Krım ilhaqını təkrarlaya bilməz.

Sadəcə Rusiyanın qonşuluğunda rusyönlü əhalinin sıx məskunlaşdığı, Rusiya ilə dərin əlaqələri olan, oxşar tarixi ədalətsizlik hissi doğura biləcək başqa ərazi yoxdur.

İstənilən ölkəni “asan yemə” çevirə biləcək, öz xoşu ilə Putinin ovcuna doğru gedən Ukraynadakı Maydan inqilabı kimi böyük miqyaslı sarsıntı da yoxdur. Ən əsası isə rus xalqının inandırıcı şəkildə “insanlarımızın” qaçılmaz təhlükədən xilası kimi təqdim edə biləcək ərazi ekspansiyasına xüsusi istəyi də yoxdur.

Başqa yollarla dəstəyi artırmaq cəhdləri nəticə verməyib. Krımın ilhaqından keçən beş il ərzində Kreml Moskva küçələrinin və nəqliyyat infrastrukturunun əsaslı bərpasına milyardlar yatırmaqla paytaxt sakinlərinin etimadını qazanmağa çalışıb.

Bunun sayəsində paytaxt yaşamaq üçün ən cəlbedici, rahat, şübhəsiz, Baltikyanı ölkələr da daxil olmaq üzrə postsovet məkanında ən müasir şəhərə çevrilib. Lakin etirazları zəiflətmək mümkün olmayıb. Üstəlik, baş alıb gedən korrupsiya ilə birgə bərpa işlərinin ictimai müzakirəsinin keçirilməməsi və şəhərin bir neçə ilin içərisində nəhəng tikinti meydanına çevrilməsi narazı seçicilərin sayını artırıb.

Yəqin, Donbasda atəşkəs rejimi ilə bağlı Ukrayna ilə razılığın əldə olunması və bunun nəticəsində Rusiyanın beynəlxalq arenada təcridinin başa çatması Putinin nəfəs almağa yeganə şansı ola bilər.

Keçmiş komediya ustası Vladimir Zelenski prezident postunda fəaliyyətinə start verdikdən sonra iki ölkə arasında gərginlik azalmağa başlayıb. Xüsusən söhbət ötən həftə baş tutan geniş miqyaslı əsir mübadiləsindən və Rusiya-Qərb münasibətlərinin normallaşdırılması istiqamətində Fransa prezidenti Emmanuel Makron (Emmanuel Macron) kimi siyasətçilərin diplomatik səylərini aktivləşdirməsindən gedir.

Krım Putinin populyarlığının enmə trayektoriyasını nəticə etibarilə dəyişə bilmədiyi kimi, Kremlin lazım olduğu halda fikirləşib tapa biləcəyi digər xarici siyasi fəndlər də kömək olmayacaq.

Putinin başçılığı altında Rusiyanın avtoritarizm meyli ölkəni əks istiqamətə itələyən tektonik mədəni yerdəyişmələri kölgədə qoyub. Və indi çatlar görünməyə başlayır.

İnsanlar varlanır, daha kosmopolit olurlar. Onlar sovet dövrünün vurduğu travmalardan, “qorxulu” 1990-cı illərin sarsıntılarından müəyyən dərəcədə özlərinə gələ biliblər.Yeni sosial təbəqələr, həmçinin aktiv vətəndaş cəmiyyəti meydana çıxıb. Bütün ömürlərini Putinin rəhbərliyi altında keçirib, elə onun başçılıq etdiyi dövrdə yaşlanmaq istəməyən yeni nəsil yetişir.

Putinin yaratdığı rejim iyirmi il əvvəl rus cəmiyyətinin gözləntilərinə cavab verirdi. Amma bu nəsil yerini növbəti nəslə verir. Və Putin yeni nəsildən üstün ola bilməyəcək.

Mənbə: POLITICO

FİKRİNİ BİLDİR