RUSİYA TOTALİTAR ÖLKƏ OLMAĞA YAXINDIR

Qanunsuz  1990-cı illərdə Mixail Xodorkovski Rusiyanın neft nəhəngi “Yukos”-un başına keçib və ölkənin ən varlı insanına çevrilib. “2000-ci illərdə Vladimir Putin prezident seçildikdən sonra Xodorkovki ölkə siyasətinə daha çox müdaxilə etməyə başlayıb, - Almaniyanın “Bild” tabloidi yazır. – O, Kreml rəhbərini təhrik edib, publik şəkildə onu korrupsiyada ittiham edib. Putinə açıq təhdid sadəcə zaman məsələsi olub”.

Nəşr xatırladır ki, 25 oktyabr 2003-cü ildə biznesmen Novosibirsk hava limanında saxlanılıb və 10 il müddətinə həbsxanalarda yoxa çıxıb. O,  Almaniyanın sabiq xarici işlər naziri Genşer (Hans-Dietrich Genscher)  və kansler Angela Merkelin (Angela Merkel) ilə Putinin əldə etdiyi razılaşma sayəsində 2013-cü ilin dekabrında gözlənilmədən azadlığa çıxıb. Tabloidin jurnalisti Filipp Pyatov (Filipp Piatov) Xodorkovskinin Berlin səfəri zamanı onunla söhbət edib.

“Başa düşürsünüz, həbsxanada solursan. İlk iki ay çox ağır olur, ilk iki il çətin olur. Lakin beş ildən sonra həbsdə qalmaqdansa, onu tərk etmək daha çətin olur. Ona görə həbsxana həyatı yaşamaqdan imtina edirdim. Ətrafda baş verənlər mənim üçün əhəmiyyətli deyildi. Ölkə gündəmi ilə yaşamağa çalışırdım. Fikrən zindanın divarlarından kənarda idim”, - deyə həmsöhbət bildirib.

“Həbs həyatına öyrəşmək olurmu?” sualına Xodorkovskinin cavabı belə olub: “Ölkə bacarar. Hətta böyük ölkə də. İnsanlar sərbəst şəkildə hərəkət edə, hər yerdə gəzə bilərlər, ancaq bir söz söyləmədən öncə özlərinə belə sual verirlər: “Olar? Həqiqətən təhlükəsizdirmi?”. Bu, azadlıq deyil. Həbsxanada qapalı ərazidə olsam da, mövqeyimə sadiq idim. Bu baxımdan özümü tamamilə azad hiss edirdim. Və bu gün də özümü o qədər azad hiss edirəm”.

“Sovet İttifaqında üç nəsil ərzində rusları azadlıq istədikləri üçün öldürüblər. Hürriyyətpərəst kəndlilərin, ziyalıların, sahibkarların demək olar hamısını aradan götürüblər. Əlbəttə, belə bir addım rus cəmiyyəti üçün uzunmüddətli təsir gücünə malikdir, - deyə Xodorkovski qeyd edib. – Sovet İttifaqı dağıldıqdan sonra rus xalqı özünü yüksək mərtəbəli binanın damında hiss edib. Qorxu ilə üzləşməli olub. Ona görə ruslar özlərinə tanış yer, özlərini təhlükəsizlikdə hiss edə biləcəkləri məkan axtarıblar”.

“Rusiya hələlik totalitar ölkə deyil, ancaq ona çox yaxındır. Qəbul edilmiş sosial davranış mövcuddur və bu, Putin qarşısında pərəstiş deyil. “Vahid Rusiya” partiyası Putinin qapazaltısıdır. Onu hər kəs danlaya bilər. İctimaiyyət burada hirsini çıxara bilər. Ancaq bugünkü Putin - diqqət edin, çox dəyişib – cəhalətpərəslik mərhələsindədir. Əgər elə də qoca olmayan bir insan artıq indi bu həddə çatıbsa, sonra nələrin olacağını bilmək istəmirəm”, - deyə Xodorkovski vurğulayıb.

 

Mənbə: BILD

FİKRİNİ BİLDİR