SANKT-PETERBURQDA SEÇKİLƏR SİYASİ QÜVVƏLƏR BALANSINI DƏYİŞİB

Rusiya Federasiyasının prezidenti Vladimir Putinin təyinatı üzrə ötən ilin oktyabr ayından Sankt-Peterburqa müvəqqəti başçılıq edən Aleksandr Beqlov 64,4% nəticə göstərib. Bu zaman seçici fəallığı 30% olub. 2014-cü ildə baş tutan qubernator seçkilərində seçici fəallığı 39% təşkil edib, “Vahid Rusiya” partiyasının namizədi Georgi Poltavçenko isə 79% səs qazanıb. Bu barədə İvan Ovsyannikov “Eurasianet.org” saytında yazır.

Peterburq seçkiləri qeyri-populyar pensiya islahatından sonra “Vahid Rusiya” partiyasının namizədlərinin reytinqinin zəifləməsi fonunda baş tutub. İctimai Rəy Fondunun ötən ilin mart ayında keçirdiyi sorğuda bu göstərici 51% olduğu halda, cari ilin sentyabr ayında 31%-ə düşüb. Bu da bir neçə regionda “Vahid Rusiya”dan olan namizədlərin qubernator seçkilərində müvəffəqiyyətsizliklə üzləşməsinə səbəb olub.

Əvvəllər partiyanın ali şurasında oturan Beqlov seçkilərdə partiyasız, müstəqil namizəd kimi iştirak edib. Loyal media qurumların informasiya dəstəyi ilə şəhər rəhbəri şəxsən qarı təmizləyib, işçilərə töhmət verib, vəzifələrindən azad edib, mənzil və kommunal xidmətlərinin tariflərini aşağı salacağına söz verib, hətta yanğının söndürülməsinə başçılıq edib. Onun uğursuz publik çıxışları gülüş predmetinə çevrilib.

Mayın 1-i Peterburqun mərkəzində demokratların razılaşdırılmış yürüşü kobud şəkildə dağıdılıb. İştirakçılar “Putinsiz Rusiya, Beqlovsuz Peterburq!”  şüarı ilə çıxış ediblər. Polis qubernator postuna əsas namizədə qarşı permormans və piket keçirən fəalları həbs edib.

Məqalə müəllifi qeyd edir ki, seçilən rəqiblər Beqlovun qələbəsində həlledici rol oynayıb. “Ələmə prosesi” hələ cari ilin iyun ayında başlayıb. Tanınmış müxalifətçilər – “Yabloko” partiyasından Qanunverici Məclisin deputatı Boris Vişnevski və şəhər müdafiəçisi Krasimir Vranski bələdiyyə filtrini keçməyib. Digər məşhur regional siyasətçi Oksana Dmitriyeva baryerin çox yüksək olduğunu bəyan edərək, əvvəlcədən mübarizədən imtina edib.

30% nəticə ilə ikinci tura keçidi qabaqcadan müəyyən edilən mühafizəkar kommunist Bortko Beqlovun ən təhlükəli rəqibi ola bilərdi. Belə olduğu halda şans var idi ki, liberal seçicilər Navalnının “ağıllı səsvermə” taktikasına əməl edərək, vahid rusiyaçıya qarşı stalinçini dəstəkləyəcəklər. Lakin avqustun 30-u Bortko gözlənilmədən namizədliyini geri çəkib, bu qərarını planlaşdırılan iğtişaşlarla izah edib.

Bələdiyyə seçkilərinin nəticələri gözlənilən olub. Hərçənd əsasən abadlıq məsələləri ilə məşğul olan bələdiyyə deputatlarının səlahiyyətləri elə də böyük deyil. 1560 mandata 5,4 min namizəd iddialı olub. 2014-cü ildə namizədlərin sayı 3,8 min nəfər təşkil edib. Bu onunla izah olunur ki, bələdiyyə seçkiləri azacıq da olsa rəqabətin qaldığı tək-tük yerlərdən biridir. Üstəlik istəkli şəxslərin namizədliyini irəli sürməsinə seçkilərə hazırlığı asanlaşdıran müxalif “siyasi Uber” texnologiyası səbəb olub.

Bələdiyyə seçkilərinin ilkin nəticələrinə əsasən, müxalifət daha çox nümayəndə ilə təmsil olunacaq. 2014-cü il bələdiyyələrə bir nəfər də olsun “Yabloko” üzvü seçilmədiyi halda, bu il ilkin nəticələrə görə onların sayı 97 nəfərdir. Müxalif “Birləşmiş demokratlar” platforması 144 nəfərin qalib gəldiyini elan edib. “Yabloko” partiyası tərəfindən yayılan məlumatda deyilir ki, Rusiya Federasiyası Kommunist Partiyası 2014-cü ildə 24 mandata qarşı bu il 73, “Ədalətli Rusiya” isə 30-a qarşı 116 mandat əldə edib.

Bələdiyyə deputatlarının səlahiyyətlərinin məhdud olduğunu nəzərə alsaq, görünür, müxalifət inzibati çəki qazanmayacaq. Lakin bəzi müxalifət nümayəndələri üçün bələdiyyələr siyasi tramplin rolunu oynaya bilər. Eyni hadisə Moskvada da baş verib. 2017-ci ildə qalib gələn bələdiyyə deputatları Moskva Şəhər Dumasına seçkilərdə mübarizə aparıblar.

Peterburq yeni siyasi dövrə güclü müxalifətlə başlayır. Müxalifət nümayəndələri yerlərdə aktiv, etiraz fəaliyyətinin katalizatoru ola və növbəti seçkiləri 2020-ci ildə keçiriləcək şəhərin Qanunverici Məclisində yerlərə iddia edə bilərlər.

 

Mənbə: EURASIANET

FİKRİNİ BİLDİR