SÜNİ DEMOKRATİYA

“Görünür, Putinin partiyasının sonu çatıb. Hakimiyyətini təmin etmək üçün tezliklə ona başqa vasitə lazım gələcək”, - Almaniyanın “Süddeutsche Zeitung” nəşrinin jurnalisti Zilke Biqalke (Silke Bigalke) bu fikirdədir.

“Regional seçkilərin nəticələri Kreml üçün məğlubiyyət demək deyil. Ancaq heç zəfər də deyil. Belə söyləmək olar ki, bir vaxtlar Vladimir Putin tərəfindən yaradılan hakim “Vahid Rusiya” partiyası çoxluğu əlində saxlayıb. Partiyanın əsl rəqabət mühiti ilə qarşılaşa biləcəyi yerlərdə rəqiblər əvvəlcədən aradan qaldırılıb. Bu zaman Moskvada bütün demokratik dekorasiyalar dağılıb”, - nəşr qeyd edir.

“Kremlin birinci problemi ondan ibarətdir ki, insanlar daha saxtakarlığa dinməz-söyləməz dözmürlər. Seçkiləri səhnələşdirmək istəyənlərə özünü aldatmağa icazə verən seçicilər lazımdır. Moskvada son həftələrin gərginliyinə baxmayaraq, seçici fəallığı cəmi 22% təşkil edib. Bir neçə ildir əhalinin gəliri aşağı düşür, dövlət qurumlarına, partiyalara, baş nazirə, indi isə prezidentə etimad azalır, - Biqalke yazır. – Moskvada seçicilərin çoxu öz narazılığını nümayiş etdirmək üçün bir yoldan istifadə edib: onlar qeydiyyatdan keçdikləri rayonda hakim partiya nümayəndəsini keçmək üçün ən yaxşı şansı olan namizədə səs veriblər, bu zaman həmin namizədin siyasi baxışları onlar üçün əhəmiyyət kəsb etməyib. Çoxları kommunistləri dəstəkləyib. Nəticədə “Vahid Rusiya” Moskvada yerlərin üçdə bir hissəsini itirib. Düzdür, həmin yerlər onunla birlikdə parlamentdə iclas keçirəcək, yəni hakim partiyaya mane olmayacaq dərəcədə loyal müxalifətə qismət olub. Bu səbəbdən hakimiyyətin itirilməsi haqqında danışmaq olmaz, amma etiraz səsləri Putini düşünməyə vadar etməlidir”.

“Kremlin ikinci problemi ondan ibarətdir ki, onun seçkilər üçün nəzərdə tutulan ikinci vasitəsi daha işə yaramır: hakim “Vahid Rusiya” partiyası populyarlığını o qədər itirib ki, həmin partiyanın üzvü olmaq namizədləri nüfuzdan salır”, - məqalədə deyilir.

“O özünü meydana rəqibsiz çıxsa da, ard-arda qapısında qol görən futbol komandası kimi aparır. Bu o deməkdir ki, Putin hakimiyyəti saxlamaq üçün yeni strukturlar fikirləşib tapmalı olacaq. Görünür, Rusiya lideri daha eyni zamanda iki üstünlüyə - süni demokratik legitimliyə və avtokrat əminliyinə malik olmayacaq”, - nəşr sonda qeyd edir.

FİKRİNİ BİLDİR