NETANYAHU FƏLƏSTİN TORPAQLARININ BİR HİSSƏSİNİN İŞĞAL EDİLƏCƏYİNİ SÖZ VERİB

İsrailin Baş naziri Bencamin Netanyahu (Benjamin Netanyahu) yenidən seçiləcəyi təqdirdə İordan çayının qərb sahilinin bir hissəsinin anneksiya ediləcəyini bildirib. Gələn həftə keçiriləcək seçkilər öncəsi Baş nazirin İordan çayının qərb sahilindəki İordaniya vadisinin anneksiyası sözünü verməsi Səudiyyə Ərəbistanı daxil olmaqla bir sıra Yaxın Şərq dövlətlərinin etirazına səbəb olub. “Aljazeera”-nin məlumatına görə, Netanyahu çərşənbə axşamı İsrail televiziyasına canlı yayımda verdiyi müsahibədə deyib ki, “Bu gün mən yeni İsrail hökuməti formalaşdırılandan sonra Ölü dənizin şimalında və İordaniya vadisində İsrailin suverenliyini bərqərar etmək barədə niyyətimi bəyan edirəm”.

O, qeyd edib ki, xalq ona mandat versə, bu qərarını seçkidən dərhal sonra reallaşdıracaq. İordaniya vadisi və Ölü dənizin şimalı İordan çayının qərb sahilinin 30%-ini təşkil edir. Burada 65000 fələstinli və “Zona C” adlandırılan və İsrailin hərbi idarəsi altında olan ərazidə 11000 qanunsuz yəhudi məskunlaşan yaşayır. Netanyahu öz seçki kampaniyası dövründə bəyan edib ki, İordan çayının Qərb sahili boyunca olan bütün qanunsuz yəhudi məskənlərini anneksiya etmək istəyir, amma ABŞ-ın sülh planına qədər bunu etmək olmaz. ABŞ rəsmisi isə bildirib ki, onların siyasətində dəyişiklik yoxdur və İsraildəki seçkilərdən sonra “Sülh üçün Baxış” planlarını açıqlayacaqlar.

 

FİKRİNİ BİLDİR