PUTİN KOÇARYANIN AZAD EDİLMƏSİNİ TƏLƏB EDİR

Robert Koçaryanın azad edilməsini ilk növbədə sabiq prezidenti “Rusiyanın əsl dostu” hesab edən prezident Vladimir Putin tələb edir.

“ArmenianReport.com” saytının köşə yazarı Qraçya Qalustyan hesab edir ki, hər şeyi öz adı ilə çağırmaq lazımdır: “Əks təqdirdə, təhrif edilən informasiyanı bilərəkdən yaymaqla və ya bu barədə ehtimallar səsləndirməklə başqalarının oyununa cəlb edilə, başqalarının oyununda “peşkaya” çevrilə bilərik. Bu, söhbət ayrı-ayrı şəxslərdən gedəndə belə, təhlükəlidir”.

“Konkret bu halda şər qüvvənin tərəfini tutanlar üçün təhlükəlidir. Budur, Ermənistanın ikinci prezidenti Robert Koçaryanın müdafiəçiləri tərəfindən sabiq dövlət başçısının dərhal həbsdən azad edilməsi və ona qarşı cinayət işinin dayandırılması haqqında İrəvən şəhəri ümumi yurisdiksiya məhkəməsinə şənbə günü rəsmi müraciətin daxil olması ilə bağlı informasiya yayılıb. Həmin məlumatın Koçaryanın vəkili Aram Orbelyan tərəfindən verildiyi qeyd olunur”, - məqalədə deyilir.

“Axı bu yalandır! Robert Koçaryanın azad edilməsini ilk növbədə Rusiya prezidenti Vladimir Putin tələb edir. Məhz o, Koçaryanı “Rusiyann əsl dostu” adlandırıb. Guya Putin Ermənistan prezidentinin, sabiq prezident olsa belə, yalnız öz xalqının və öz dövlətinin dostu olmalı olduğunu başa düşmür”, - Qalustyan yazır.

“Putinə haqqını vermək lazımdır. O, heç vaxt planlarını gizlətməyib. Bu insan açıq-aşkar söyləyib ki, SSRİ-nin dağılmasını ötən əsrin ən böyük faciəsi hesab edir və yenidən İttifaqı yaradan siyasətçi kimi ən yeni dünya tarixinə adını yazdırmaq istəyir. Hansı tərəfdən baxırsan bax, Putin artıq 20 ildir Rusiyaya başçılıq edir. Bu, Brejnevin hakimiyyət müddətindən çoxdur”, - sayt qeyd edir.

“O, “rus torpaqlarını toplayan” imperator rolunu oynamağa davam edir. Ukraynaya sonsuz təzyiqin səbəbi də məhz budur. Budur, Putin orada növbəti mühüm məqsədinə nail olub. Ukraynanın yeni prezident Vladimir Zelenskini “35-35” formatında məhkumların dəyişdirilməsinə razı salıb. Bu zaman Rusiya Federasiyası Vladimir Semaxı əldə edib”, - məqalə müəllifi xatırladır.

Semax DXR HHM briqadasının keçmiş rəisidir. O, 2014-cü ilin iyul ayında Donbas üzərində qəzaya uğrayan, “MH17” reysini həyata keçirən sərnişin təyyarəsi ilə bağlı məhkəmə işində əsas şahid hesab edilir. Niderland israrla Zelenskidən Semaxın Rusiyaya təhvil verilməməsini istəyib. Onlar haqlı olaraq hesab edirlər ki, Rusiyanın qəzada günahkar olduğunu göstərən sübut sadəcə yoxa çıxacaq. Amma Zelenski boyun əyib, Putin bayram edir. Və o, həmişə və hər yerdə qələbə qazanmaq istəyir. O cümlədən Ermənistanda da. Və Putin Koçaryan işini öz qələbəsinin mühüm tərkib hissəsi hesab edir. Hər şeyi olduğu kimi söyləmək lazımdır.

 

FİKRİNİ BİLDİR