İQTİDARIN REGİONAL SEÇKİLƏRDƏ UDDUQLARI VƏ UDUZDUQLARI

Rusiyada seçki tarixində ilk dəfə hakim partiya regionların birində nəzarəti tamamilə itirib. Rusiya Liberal Demokrat Partiyası (RLDP) Xabarovsk diyarının qanunverici məclisində, Xabarovsk Şəhər Dumasında və Komsomolsk-na-Amure deputatlar şurasında yerlərin çoxunu tutub. Seçkilərdə diyardan Dövlət Dumasına deputat kreslosu da qeyd edilən partiyanın üzvü İvan Pilyayevin payına düşüb. Bu barədə müstəqil jurnalist, “Meduza” nəşrinin müxbiri Andrey Persev Karnegi Moskva Mərkəzində yazır.

Ötən il etiraz səsverməsi sayəsində liberal demokratların irəli sürdüyü namizəd Sergey Furqal regiona başçılıq edib. Seçkilərin nəticələrinə nəzər salınsa, diyardakı etiraz həyəcanı boşa getməyib: beş il əvvəlki səsvermə ilə müqayisədə seçici fəallığı bir yarım dəfə artıb. RLDP-nin qələbəsi total xarakter daşıyır. Diyarın qanunverici məclisində 36 yerdən sadəcə ikisi “Vahid Rusiya” partiyasına, üçü kommunistlərə çatacaq. Xabarovsk Şəhər Dumasında liberal demokratlar 35 yerdən 34-nü əldə ediblər.

Məqalə müəllifi qeyd edir ki, Xabarovsk diyarında RLDP-nin bu cür uğuruna nə Kreml, nə də Sergey Furqalın özü hazır olmayıb. Hesab edilirdi ki, RLDP-ə görə siyahı üzrə etiraz səsverməsi təkmandatlı dairələrdə “Vahid Rusiya”çıların və loyal müstəqil namizədlərin seçilməsi ilə tarazalanacaq.

Furqal diyar sakinləri üçün dəyişikliklərin rəmzinə çevrilib. Vətəndaşlar seçimlərinin əhəmiyyət daşıdığını görüblər. Ötən il qubernator seçkilərində Furqal qələbəyə can atmasa da, postu əldə etdikdən sonra qarşısında açılan imkanlardan istifadə edib, populist qubernatora çevrilib və indi yerli qanunverici məclislərdə loyal çoxluğa nail olub.

İndi ayrıca bir məsələ qalxıb: Kreml “Vahid Rusiya” partiyasını təmsil etməyən qubernator ilə bağlı müstəqil hakimiyyət vertikalının meydana çıxdığı regionla özünü necə aparacaq? Regional parlamentlərə seçkilərdə müxalifətin qələbə nümunələri son dərəcə az olub. Ən parlaq nümunə 2007-ci ildə Stavropol diyarında “Ədalətli Rusiya”nın qələbəsi olub. O vaxt partiyanın regional şöbəsinə qubernator ambisiyalarını gizlətməyən Stavropolun gənc meri Dmitri Kuzmin başçılıq edirdi. Mərkəz çox sərt cavab verdi – Kuzmin və silahdaşlarına qarşı cinayət işi açıldı, mer ölkəni tərk etməli oldu.

Ötən səsvermənin növbəti sensasiyası Moskva Şəhər Dumasına seçkilər olub. Paytaxt deputatlarının seçki kampaniyaları həmişə gözlənilən və darıxdırıcı olub. Lakin bu dəfə tendensiya dəyişib. Mer köməkçisi Natalya Serquninanın başçılığı altında meriyanın yeni siyasi bloku əvvəllər seçkilərlə məşğul olmayıb. Bir tərəfdən, paytaxt siyasətinin yeni kuratorları Moskva Şəhər Dumasının yeni tərkibinə hətta müxalifət düşərgəsində hörmətəlayiq, eyni zamanda bütövlükdə loyal insanları seçmək istəyiblər. Digər tərəfdən, qeyri-loyal namizədləri seçkilərə buraxmaq istəməyiblər və Kremlin qeyri-sistem siyasətçiləri (Aleksey Navalnı və Dmitri Qudkovun tərəfdarları) seçkilərdən uzaqlaşdırmaqla bağlı tələbini nəzərə almağa çalışıblar.

Məqalə müəllifi yazır ki, qaliblərdən çoxu faktiki olaraq kampaniya aparmayıb. Bunun “Yabloko” partiyasının namizədlərinə aiddiyyatı yoxdur. Belə ki, partiya ümumilikdə dumaya üç deputat keçirib. Üstəlik, 45 dairədən 19-da Navalnının “ağıllı səsvermə” taktikası çərçivəsində təklif etdiyi şəxslər qalib gəlib. Düzdür, elə həmin 30-cu dairədə “ağıllı səsvermə” taktikasında yaranmış nasazlıqdan bəhs etmək olar – orada ikinci yeri müstəqil namizəd, aktiv kampaniya aparan və etiraz mitinqlərində iştirak edən Roman Yuneman tutub. Navalnının ofisi üçüncü yerdə qərarlaşan kommunist Vladislav Jukovskini dəstəkləyib.

Qubernator seçkilərində iqtidar namizədləri qələbə qazanıb. Saxalinin başçısı Valeri Limarenko ən aşağı nəticəyə (56%), Zabaykalyenin rəhbəri Aleksendr Osipov isə ən yüksək nəticəyə (təxminən 90%) imza atıb. Hələ yazda Kreml ekspertlərinin ikinci tur proqnozlaşdırdığı köhnə qubernatorlar da seçilib (Voloqod və Volqorad vilayətləri, Stavropol diyarı). Kampaniyası səhvlər yığınına oxşayan Aleksandr Beqlov Sankt-Peterburqda nisbətən yüksək nəticə (64%) göstərib.

Kreml var gücü ilə özünü ikinci turdan qorumağa çalışıb. Zabaykalyedə seçkilərdə bütün parlament partiyalarından namizədlər iştirak etməyib. Osipov müstəqil siyasətçi kimi namizədliyini irəli sürüb.

Qanunverici məclislərə seçkilərdə də iqtidar ciddi məğlubiyyətlə üzləşməyib: iqtidar Xabarovsk diyarı istisna olmaqla, qalan hər yerdə özünü loyal çoxluqla təmin edib. Kampaniyalardan bəllidir ki, bu çoxluğu əldə etmək getdikcə çətinləşir: təkmandatlıların payını artırmaq, “Vahid Rusiya” partiyasının üzvlərini psevdo-müstəqil namizədlərin arxasında gizlətmək lazım gəlir.

FİKRİNİ BİLDİR