PUTİN DEMOKRATİYANI NECƏ DAĞIDIR

Kremlin bələdiyyə seçkilərində həyata keçirdiyi səhnəarxası fırıldaqlar Böyük Britaniyaya xəbərdarlıqdır: yaxınlaşan seçkiləri müdafiə etmək lazımdır. Bu barədə Britaniyanın “The Guardianr” qəzeti yazır.

Redaksiya heyəti hesab edir ki, Vladimir Putin rejimi bazar günü ölkədə keçirilən regional seçkilərin nəticələrini təhrif edib dəyişmək üçün əlindən gələni edib: “Təəccüblü deyil. Son illər Kremlin həm ölkə daxilində, həm xaricdə demokratiyanı pozmaqla bağlı biabırçı, səhnəarxası səyləri məlum olub. Böyük Britaniya və ABŞ-da qarşıdan gələn ümumi seçkilərlə əlaqədar Rusiya prezidentini diqqətlə izləmək lazımdır”.

 “Son vaxtlar bələdiyyə seçki kampaniyası ilə əlaqədar Moskvada baş verən hadisələr azad və ədalətli seçkiləri qiymətləndirən hər bir kəs üçün xəbərdarlıq olmalıdır. Kampaniyanın əvvəlində rejim hakim “Vahid Rusiya” partiyasını qələbə ilə təmin etmək üçün müxalifətçi namizədlərin hamısını qeydiyyatdan keçirməyib. Bu kobud müdaxilə kütləvi etirazlara səbəb olub, - məqalədə deyilir. – Ardınca kütləvi həbslər, polisin amansızlığa yol verdiyi hallar və müxalifət liderlərini, xüsusən korrupsiya ilə mübarizə aparan Aleksey Navalnını susdurmaq üçün hədə-qorxu səyləri başlayıb. İstehzalı səslənsə də, Kreml xarici müdaxilədən şikayət edib. Bununla belə, nümayişçilər  mətanətli çıxıblar, onlar rusiyalı analitiklərin təbirincə desək, Putin və bir çoxlarının səriştəsiz, rüşvətxor hesab etdiyi rejimdən daha geniş, dərin narazılığın əksinə çevriliblər”.

“The Observer” yazır ki, bazar günü baş tutan “kütləvi oğurluq”dan sonra rejimə inamsızlıq davam edir. Nəşr xatırladır ki, Moskva Şəhər Dumasına seçkilərdə rəsmi namizəd irəli sürməyən “Vahid Rusiya” partiyasının üzvləri “seçiciləri aldatmaq üçün özlərini müstəqil namizəd kimi qələmə verirlər”.

“ABŞ-da narahatlıq artır. Belə ki, 2016-cı ildə bilavasitə Rusiyanın müdaxiləsindən faydalanan Donald Tramp (Donald Trump) gələn il təhlükənin təkrarlanmaması üçün kifayət qədər iş görmür. Ehtimal etmək olar ki, bu fəaliyyətsizlik Ağ Evin gözləntiləri ilə əlaqəlidir. Belə ki, Ağ Ev ümid edir ki, Tramp yenidən şimal qonşularının qanunsuz yardımından faydalana biləcək. İyulda FTB-nin direktoru Kristofer Rey (Christopher Asher Wray) xəbər verib ki, Moskva 2020-ci il seçkilərini manipulyasiya etmək üçün gücünü yoxlamaq niyyətindədir”, - nəşr qeyd edir.

Müstəqil Amerika İnkişaf Mərkəzinin yeni hesabatına əsasən, “bütün əlamətlər onu göstərir ki, Rusiya bundan sonra da 2020-ci il seçki dövrü ərzində ABŞ-da demokratik prosesləri aktiv şəkildə pozmağa davam edəcək”. Bildirilir ki, Rusiya “müdaxilə taktikasını daim dəyişir və yeniləyir, bununla da, gələcək seçkilərin müdafiəsini daha çətin tapşırığa çevirir, bu zaman Çin kimi başqa ölkələr ondan nümunə götürür”. Hesabatda rus müdaxiləsinin qarşısını almaq üçün Avropa dövlətlərinin istifadə etdiyi metodlar, o cümlədən Fransada siyasi partiyalar üçün keçirilən kibertəhlükəsizlik seminarları və Almaniyanın haker hücumlarına cavab strategiyası  nəzərdən keçirilir. Böyük Britaniya qarşıdan gələn ümumi seçkiləri xarici dövlətlərin məkrli addımlarından müdafiə etmək üçün  kifayət qədər səy göstərirmi? Bu sual təcili cavablandırılmalıdır.

Mənbə: THE GUARDIAN

FİKRİNİ BİLDİR