ABŞ DÖVLƏT KATİBİ GÜRCÜSTANA MESAJ YOLLAYIB

ABŞ Dövlət katibi Mayk Pompeonun (Mike Pompeo) Gürcüstanda səfərdə olan Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Filipp Riker vasitəsilə mesaj göndərib.

“Dövlət katibi Mayk Pompeonun tapşırığı ilə bu sözləri söyləmək üçün Gürcüstandayam: biz inanırıq ki, Gürcüstan və ölkə əhalisinin ABŞ və Amerika xalqından daha yaxşı dostu yoxdur”. “Qruziya Online” portalı xəbər verir ki, bu barədə İqtisadi Siyasət Tədqiqatı Mərkəzinin və Makkeyn İnstitutunun təşkil etdiyi sayca beşinci beynəlxalq konfransda çıxışı zamanı ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Filipp Riker bildirib.

Diplomatın sözlərinə görə, ölkələr hazırda Əfqanıstanda ümumi məqsədlər naminə birgə mübarizə aparırlar. Bununla yanaşı o, ABŞ və Gürcüstanın bir çox sahədə sıx tərəfdaşlığı inkişaf etdirdiyini qeyd edib.

“Bu tərəfdaşlığın daha da inkişaf etməsini istəyirik. Dost, tərəfdaş, nəhayət, müttəfiq kimi birlikdə fəaliyyət göstərəcəyik. ABŞ-ın sədaqəti ilə bağlı sualı olanlar faktlara nəzər salmalıdır. Bəzən İkinci Dünya Müharibəsinin başa çatmasından 75 il sonra paylaşdığımız məsələləri öyrənmək üçün Atlantik okeanının hər iki tərəfində ictimaiyyəti oyatmaq vacibdir. Həmin vaxt Amerikanın böyük beyinləri Atlantik okeanının o biri sahilinə baxaraq, İkinci Dünya Müharibəsi kimi növbəti faciənin qarşısını almaq üçün institutların yaradılmasının əhəmiyyətini dərk ediblər. Düzdür, “soyuq müharibə” başlayıb, lakin 1990-cı illər, Berlin divarının dağılması, kommunizmin devrilməsi və Sovet İttifaqının parçalanmasından sonra Avropada sülh və inanılmaz çiçəklənmə dövrünü saxlamaq mümkün olub. Bu, ümumi dəyərlərə əsaslanıb”, - deyə Riker bildirib. Diplomat prezident Trampın (Donald Trump) nəinki imzaladığı, eyni zamanda bütövlüklə dəstəklədiyi Brüssel sammitinin bəyannaməsini xatırladıb: “Hamımız bilirik ki, prezident Tramp bu bəyannaməyə inanmasaydı, onu imzalamazdı. Bu sənəd NATO-nun genişləndirilməsi məsələsini də əhatə edib. Hal-hazırda NATO-nun 30-cü üzvü – Şimali Makedoniya Respublikasının qəbulu prosesindəyik. ABŞ Senatında ratifikasiya prosesi bu payız başa çatmalıdır. İnanırıq ki, 30-cü üzvü qarşılamaq üçün digər 28 müttəfiq ölkə də bu proseduru başa çatdıracaq. NATO-a qoşulan bütün ölkələr eyni standartı təmin etməlidir. Bu, dəyərlər, standarlar məcmusu,habelə ÜDM-nin 2%-ni təşkil edən hərbi xərclərdir”. Onun sözlərinə görə, ABŞ və Gürcüstanı ümumi dəyərlər ilə müdafiə olunduqlarını bilmək birləşdirir. “Bütün ölkələr və bütün mədəniyyətlər individualdır, amma bizim ümumi dəyərlərimiz var, bu da alyansa malik olduğu inanılmaz gücü verir. Gürcüstanın bu addımları atmasını istəyirik. Məhz bu səbəbdən, dost və tərəfdaş kimi problemlərdən, məsləhətlərdən, resurslardan və sizin demokratiyanı möhkəmlətməklə əlaqələdar ideyalardan bəhs edəndə çox səmimiyik. Bu mesajı gürcü rəhbərliyinə aparıram. Həmçinin siyasi müxalifət, vətəndaş cəmiyyəti ilə danışmaq imkanım olacaq. Forumda iştirak etmək imkanımı həqiqətən yüksək qiymətləndirirəm”, - deyə Riker çıxışının sonunda vurğulayıb.

FİKRİNİ BİLDİR