PUTİN "OPEC+" SAZİŞİNDƏN SİYASİ QAZANC ƏLDƏ EDİR, İQTİSADİYYATSA ZƏİFLƏYİR

Rusiyanın “OPEC” təşkilatı ilə əldə etdiyi pakt dünya arenasında prezident Vladimir Putinin mövqeyini xeyli möhkəmlədib. Amma onun geosiyasi təsiri artsa da, ölkənin iqtisadi gəliri xeyli azalıb. Bu barədə “Bloomberg” agentliyinin müxbirləri Dina Xrennikova (Dina Khrennikova) və Anna Andrianova (Anna Andrianova) yazır.

2016-cı ildə neftin qiymətini artırmaq üçün müvəqqəti tədbir kimi başlayan işbirliyi “əbədi” davam edəcək alyansa çevrilə bilər. Rusiya şirkətləri artıq üçüncü ildir neft hasilatını məhdudlaşdırır və yeni layihələrə investisiyaları azaldırlar. Lakin bu addımların ölkənin iqtisadi artım göstəricilərinə təzyiq göstərməsi ilə bağlı narahatlıq Rusiya prezidentinin beynəlxalq imicinin kölgəsində qalır.

Məqalədə deyilir ki, Səudiyyə Ərəbistanı uzun illər “OPEC” təşkilatında başlıca rol oynayıb, lakin Putin tez bir zamanda bütün diqqətləri üzərinə çəkib. Putin cari ilin iyun ayında “G20” qrupunun görüşündə qlobal neft bazarına təsirini nümayiş etdirib və hasilat həcminin məhdudlaşdırılması ilə bağlı sazişin müddətinin uzadılacağını elan edib. Dolayısıyla, ilin ortası həmin qrup nümayəndələrinin Vyana danışıqlarını əhəmiyyətsizləşdirib.

Putinin əsas çıxışı cümə axşamı Vladivostokda keçirilən Şərq İqtisadi Forumunda baş tutacaq. Neft treyderləri onun çıxışını diqqətlə izləyəcəklər. “Wood & Co” şirkətinin analitiki İldar Davletşin (Ildar Davletshin) qeyd edir ki, Rusiya prezidentinin bu bazarın vəziyyəti ilə bağlı şərhləri “daha dərin, daha çəkili olub və yaxşı hazırlanıb”.

2016-cı ildə əldə olunan birinci saziş həmin ilin əvvəlində 28 dollaradək ucuzlaşan “Brent” markalı neftin qiymətinin aşağı düşməsinin qarşısını alıb. Ötən ilin ortalarına doğru “OPEC+” sazişinin uzadılması neft qiymətini 80 dollaradək qaldırmağa kömək edib. Bu da prezident Donald Trampın (Donald Trump) “Twitter”-də narazı reaksiyasına səbəb olub, ancaq Rusiya hökuməti 10 il üçün büdcəyə əlavə gəlir əldə edib.

“Həmin vaxt hasilat səviyyəsi ilə bağlı saziş az da olsa “OPEC” və Rusiyanın iqtisadi maraqlarına cavab verib”, - “Goldman Sachs” şirkətinin iqtisadçısı Klemens Qraf (Clemens Grafe) qeyd edib.

Son sazişlərin qiymətə təsiri daha az olub. İndi qiymət orta hesabla 60 dollar təşkil edir. Buna əsas səbəb Amerika və Çin arasında baş verən ticarət müharibəsi ilə əlaqədar tələbatın aşağı düşməsi ilə bağlı əndişələrdir.

Rusiyanın neft şirkətləri yeni layihələrə ayrılan xərcləri azaldıblar, cari ildə ölkə iqtisadiyyatına investisiyalar isə ümumilikdə 2% artacaq. Rəsmi statistikaya əsasən, bu da ötən ilki göstəricinin yarısına bərabərdir. Bununla belə, böyük beynəlxalq şirkətlərlə müqayisədə bu şirkətlərin yaxşı dividend ödəməyə və səhmdarlara daha yüksək gəlir təklif etməyə kifayət qədər nağd pulu var.

Rusiyanın ən böyük neft istehsalçısı “Rosneft” şirkətinin nümayəndələri hesab edir ki, “OPEC+” sazişinin müddəti uzadılsa, Moskva Amerikanın şist neft istehsalçılarına uduza bilər. Maliyyə naziri Andrey Siluanov isə yeni sazişin bütün iqtisadi nəticələrinin qiymətləndirilməsini tələb edib.

Yeni reallıq gələn həftə nümayiş etdiriləcək. Belə ki, Novak Əbu-Dabidə “OPEC+” sənədi üzrə həmkarları ilə görüşəcək. Bu görüş Rusiyanın regiondakı siyasi və iqtisadi əhəmiyyətini vurğulayacaq.

Mənbə: BLOOMBERG

FİKRİNİ BİLDİR