"QAZPROM" ERMƏNİSTAN VƏ QIRĞIZISTANA NECƏ MÜDAXİLƏ EDİR

Rusiyanın enerji nəhəngi “Qazprom” Moskvanın iqtisadi cəhətdən ən zəif müttəfiqləri – Ermənistan və Qırğızıstanda təntənəli şəkildə təhsil ilini açıb. Kreml getdikcə təhsil ixracı ilə daha aktiv məşğul olur. Bu barədə “Eurasianet.org” saytının müxbirləri Kris Riklton (Chris Rickleton) və Ani Meclumyan (Ani Mejlumyan) yazır.

“Qazprom” ilə əlaqəli iki özəl məktəb sentyabrın 1-i və 2-i müvafiq olaraq İrəvan və Bişkekdə öz qapılarını şagirdlərin üzünə açıb.

Qırğızıstan məktəblərində təhsil ilinin başlanmasını işıqlandıran yerli mətbuat Bişkekdə “Qazprom” məktəbinin təntənəli açılışına xüsusi diqqət ayırıb. Enerji şirkətinin nümayəndələri ilə yanaşı tədbirdə əvvəllər məktəb müəllimi işləyən prezident Sooronbay Jeenbekov və mer Əziz Surakmatov iştirak edib.

İrəvandakı məktəbin açılışı daha sadə olub. Lakin məktəb nümayəndəsinin portala verdiyi məlumata əsasən, yaxın gələcəkdə şirkət və ölkə rəsmilərinin iştirakı ilə daha təntənəli tədbir gözlənilir.

Qırğızıstanda orta aylıq gəlir 200 dollar civarında dəyişir. Ermənistanda isə bu göstərici təxminən 300 dollardır.

“Qazprom” Qırğızıstanda hər vasitə ilə vurğulayıb ki, məktəb gəlir əldə edilməsinə yönəlməyib və bütün pul vəsaiti təhsil müəssisəsinin ehtiyaclarına, inkişafına xərclənəcək. Qeyd edək ki, məktəbin illik istismar xərcləri 2,5 milyon dollardan bir qədər az olacaq.

Məqalədə deyilir ki, Rusiyanın keçmiş sovet respublikalarında təsirini gücləndirmək üzrə həyata keçirdiyi strategiya çərçivəsində “yumşaq güc” ənənəvi olaraq ətalətlə, (artıq yoxa çıxan) dil yaxınlığına və ümumi tarixi keçmişə əsaslanaraq tətbiq edilib. Görünür, Kremlə “qamçı və kökə” metodundan, aşağı qiymətlə qaz tədarükü, elektrik stansiyalarının tikintisi zamanı maliyyə dəstəyi və texnologiyaların transferi, hərbi alyanslar və əmək miqrasiyası üçün şəraitin yaradılması kimi alətlərdən istifadə etmək daha asan gəlib.

Türkiyənin ziddiyyətli din xadimi Fətullah Gülenin təhsil konsepsiyasına əsaslanan özəl məktəbləri Mərkəzi Asiya və Azərbaycanda orta təbəqə nümayəndələrini ən yüksək və əlçatan orta təhsil səviyyəsi ilə təmin edib. Amma Gülənlə Türkiyə hökuməti arasında baş verən münaqişə bəzi ölkələri, o cümlədən Azərbaycan və Tacikistanı Ankaranın güclü təzyiqi altında həmin liseyləri bağlamağa məcbur edib.

Prezident Vladimir Putinin Qırğızıstana mart səfərində iki ölkə  rektorlarının görüşü baş tutub. Nəticədə Qırğızıstanın yeddi universiteti Rusiyanın ali təhsil ocaqları ilə strateji saziş imzalayıb. Rusiya 2017-ci ildən öz müəllimlərini Tacikistandakı yerli məktəblərə göndərir, onların əmək haqlarının təxminən 90%-ni ödəyir. Bəyan edilən məqsəd rus dilinin mövqeyinin möhkəmlənməsidir.

Mənbə: EURASIANET

FİKRİNİ BİLDİR