RƏNGİNİ DƏYİŞƏN MATERİAL HAZIRLANIB

Yəqin hamımız uşaq vaxtı gözəgörünməz plaş arzusunda olmuşuq. Görünür Kembric Universitetinin tədqiqatçıları uşaq arzularını yada salıb buqələmun kimi rəng dəyişə bilən süni dəri yaradıblar. Alimlər ixtira etdikləri materialın kamuflyaj zamanı və böyük miqyaslı dinamik displeylərin hazırlanmasında istifadə edilə biləcəyini deyiblər.

Buqələmunlar dəri rəngini dəyişmək bacarığına görə həmişə başqa heyvanlardan seçiliblər. Onların rəngi ətraf mühitin temperaturundan asılı olaraq və ya heyvanın adət etdiyi parlaqlıq və rütubət səviyyəsi dəyişdikdə dəyişir. Kembric Universitetinin alimləri məhz bu xüsusiyyəti öz ixtiralarında – rəngini dəyişə bilən unikal kamuflyaj materialın yaradılmasında nümunə kimi istifadə etmək qərarına gəliblər.

Buqələmun və mürəkkəbböcəyinin rəng dəyişmək, ətraf mühitə uyğun maskalanmaq özəlliyindən ilhamlanan tədqiqat qrupu polimer örtüklü qızıl hissəciklərdən ibarət unikal material yaradıblar. Qızılın işığı əks etdirməsi üçün alimlər onu yağda olan su mikrodamcılarına yerləşdiriblər. İstilik və ya işığın təsiri altında hissəciklər materialın rəngini dəyişdirə bilirlər.

Təbiətdə buqələmunlar xromatoforlar –yığılıb-açıla bilən xüsusi liflərə malik dəri hüceyrələri sayəsində rəng dəyişə bilirlər. Məhz həmin liflər rəng verən piqmentlərə hərəkət etmək imkanı verir.

Alimlərin hazırladığı süni xromatoforlar 32 dərəcədən yüksək temperaturda rəngini dəyişir. Bu temperatura çatdıqda nanohissəciklər bir neçə saniyə ərzində böyük miqdarda enerji toplaya bilir, çünki polimer örtük bütün suyu çıxarır və dağılır. Material soyuduqca polimerlər tədricən suyu ələ keçirir və genişlənir, ilkin formasını dəyişir.

Klasterlərin yerləşmə şəkli nanohissəciklərin rənginə təsir edir: nanohissəciklər bir-birindən aralı düşəndə qırmızı rəngdə olurlar, bir yerdə qruplaşanda tünd göy rəng çalmağa başlayırlar.  

Hazırda materialın bir qatı olduğu üçün yalnız bir rəngə dəyişə bilir. Bununla belə, yeni materialların işığı əks etdirən nanohissəciklərin yaradılmasında istifadə edilməsi alimlərə axtardıqları “xameleon effektini” əldə etməyə kömək olacaq.

FİKRİNİ BİLDİR