AZƏRBAYCAN VƏ ANQOLA İLƏ MÜQAYİSƏDƏ RUSİYANIN MÖVQEYİ ZƏİFLƏYİB

Rusiya Portuqaliyanın əsas xam neft tədarükçüsü olaraq qalır. O, bu statusa 2017-ci ildə layiq görülüb. Lakin tədricən Azərbaycan və Anqola ilə müqayisədə onun mövqeyi zəifləyir. Energetika və Geologiya üzrə Baş İdarənin (DGEG) 2018-ci il üçün tərtib etdiyi hesabata əsasən, Portuqaliya Rusiyadan 2475286 ton neft (ötən ildən 18% azdır) idxal edib. Bu da ümumi bazar həcminin 19,6%-ni təşkil edir. Halbuki analoji göstərici 2017-ci ildə 22% olub. Bu barədə Portuqaliyanın “Publico” nəşri məlumat verir.

Portuqaliyanın əsas idxalçıları arasında ikinci yerdə Anqola qərarlaşıb. O, artıq birincilik əldə edib,  ötən il isə yeni sıçrayış həyata keçirərək Portuqaliyaya 2015112 ton neft satıb ki, bu da 16% deməkdir. Qeyd edək ki, 2017-ci ildə Anqoladan idxal həcmi 5% zəifləmişdi.

Anqolanın ardınca Azərbaycan gəlir. Xam neft tədarükü sayəsində (1668641 ton) Azərbaycan reytinq sıralamasında özünü üçüncü yerlə təmin edib. Onun ümumi bazardakı payı 13% təşkil edir.

DGEG-in birinci yarım il üçün məlumatlarına diqqət yetirsək görərik ki, Rusiyanın payı 18% (1007997 ton) təşkil edib. Azərbaycan 15% ilə ikinci, Anqola isə 14% ilə üçüncü yerdə qərarlaşıb. (Dördüncü yer 12% ilə Səudiyyə Ərəbistanının payına düşüb). Ümumiyyətlə ilk altı ayda Portuqaliya Ekvatorial Qvineya, Braziliya, İraqdan tutmuş Norveç və Böyük Britaniyaya kimi 13 ölkədən xam neft alıb.

Neft hasilatı ilə məşğul olan “Partex” şirkətinin prezidenti Antoniu Koşta Silva (António Costa Silva) ilk növbədə qeyd edir ki, qaz tədarükü sahəsi ilə müqayisədə Portuqaliyanın neft idxalı sahəsində hökm sürən mühit daha sağlam mühitdir. O, Rusiyanın “beynəlxalq arenada itirdiyi statusunu qismən kompensasiya etmək üçün enerjinin geosiyasi silah kimi istifadəsinə dair dəqiq strategiya işləyib hazırladığını” bildirib.

Eyni zamanda “Partex” şirkətinin prezidenti Azərbaycanın artımını “son illərin aydın tendensiyası” adlandırıb. Ekspert “bu yaxınlarda ölkənin istehsal potensialının yüksəldiyini, son illər istismara verilən yeni yataqları, axın və logistik infrastrukturların yaxşılaşdırılmasını və Avropa bazarlarında kommersiya aqressivliyinin artdığını” qeyd edib.

Təqdim edilən hesabata əsasən, neftlə bağlı ticarət əməliyyatları 9% azalıb, ancaq bu, xərclərin artmasına mane olmayıb, bu zaman mənfi balans 28% artaraq 4927 milyon avro olub. DGEG vəziyyətin pisləşməsini əlverişsiz beynəlxaq şəraitlə əlaqələndirib. Belə ki, əlverişsiz mühit hər yerdə enerji daşıyıcılarının, xüsusilə xam neft və neft məhsullarının idxal qiymətlərinin artmasına səbəb olur.

Digər tərəfdən, qiymət konyunkturası ixrac qiymətinə müsbət təsir göstərməyib. Qiymət artımı ilə bağlı tendensiya artıq 2017-ci ildə müşahidə olunub. Belə ki, 2013-cü ildən sonra ilk dəfə 2017-ci ildə enerji daşıyıcalarının xalis balansı pisləşib: 19% (621 milyon) artaraq 3843 milyon avroya çatıb.

 

Mənbə: PUBLICO

FİKRİNİ BİLDİR