RUSİYADA BÜDCƏ GƏLİRLƏRİNİN ÜÇDƏ BİR HİSSƏSİ NEFT VƏ QAZLA ƏLAQƏLİDİR

2006-cı ildən bəri Rusiyanın Maliyyə Nazirliyi federal büdcənin “neft-qaz gəlirlərini” dərc edir. Bu gəlirlər ölkənin karbohidrogen asılılığının baza indikatoruna çevrilib. Nazirliyin məlumatına görə, müxtəlif illərdə ümumi büdcədə neft-qaz gəlirlərinin payı 36%-51% arasında dəyişib. Ötən il isə 46% təşkil edib. Bu barədə “RBC” agentliyi yazır.

Maliyyə Nazirliyi neft-qaz gəlirlərini dövlət büdcəsinin icrası haqqında hesabatlarda dərc edir. Nazirlik 2008-ci ildən bəri bu göstəriciyə faydalı qazıntıların hasilatından gələn gəliri, ixrac gömrük rüsumlarını, 2019-cu ildən isə karbohidrogen hasilatından gələn əlavə verginin yeni formul üzrə ödənişini və emala göndərilən neft xam malının aksiz qiymətini daxil edir.

Məlumatda deyilir ki, ötən il ərzində neft-qaz gəlirləri 9 trilyon rubl, ya da federal büdcə gəlirlərinin 46,3%-ni təşkil edib.

Cari ilin yanvar-iyul ayında neft-qaz gəlirləri 4,78 trilyon rubl olub ki, bu da həmin dövrdə federal büdcə gəlirlərinin 41,7%-nə bərabərdir.

Neft-qaz gəlirləri büdcə qaydası üçün vacibdir. Həmin qaydaya əsasən, 40 dollardan baha satılan neftdən gələn əlavə gəlirə dövlət ehtiyat fondlarını doldurmaq üçün valyuta alınır.

Maliyyə Nazirliyinin nəzərə aldığı ödəmələrlə yanaşı, neft-qaz şirkətləri büdcəyə başqa vergi və rüsum, həmçinin sığorta rüsumu ödəyir. Nazirlik büdcə qaydası çərçivəsində həmin daxil olmaları hesabata daxil etmir, çünki onları obyektiv, operativ şəkildə qiymətləndirmək mümkün deyil. Qiymətlə qarşılıqlı əlaqənin bilavasitə ödəniş formulunda qeyd olunduğu neft gəlirlərindən fərqli olaraq, məhz baza səviyyəli neftin qiymətinin bahalaşması ilə əlaqədar əldə olunan gəlir vergisini hissələrə ayırmaq mümkün deyil.

“RBC” agentliyi Maliyyə Nazirliyinin nəzərə aldığı ödəmələrlə birgə dövlət büdcəsinin neft-qaz gəlirlərinin geniş hesabatını, həmçinin başqa vergi, rüsum və sığorta ödəmələrini hesablamağa çalışıb. Agentliyin hesablamalarına əsasən, ötən il birləşdirilmiş büdcədə neft-qaz hasilatından daxilolmaların həcmi 10,567 trilyon rubl təşkil edib.

Bu zaman dividentlər nəzərə alınsaydı, neft-qaz gəlirlərinin genişləndirilmiş hesabatı daha da böyük olardı: 2018-ci ilin nəticələrinə əsasən dövlət “Qazprom” şirkətindən təxminən 192,5 milyard, “Rosneft” şirkətindən isə 137,3 milyard rubl alacaq.

Nazirlikdən agentliyə verilən məlumatda deyilir ki, federal büdcədə dividentlərin üçdə iki hissəsi neft-qaz sektorunun ən böyük şirkətlərindən daxil olur.

Maliyyə Nazirliyi “RBC”-a təqdim etdiyi məlumatı bu cür şərh edib: “Gəlir vergisi şirkətin bütün fəaliyyətindən hesablanır və bütün bu vəsaiti təkcə neft-qaz sektoruna aid etmək doğru olmaz”.

Hesablamaların potensial zəif cəhətlərinə neft emalı və neft-kimya sahəsinin nəzərə alınmasının məqsədəuyğunluğu ilə bağlı qeyri-müəyyənlik də daxildir: bu şirkətlərə vergilər hesablanacaqmı?! Əgər nəzərə alınsa, hesabat əsassızcasına geniş alına bilər. Bundan başqa, Federal Vergi Xidmətinin 1 yanvar 2019-cu il üçün olan ƏDV məlumatları yekun xarakter daşımır. Çünki ƏDV-nin ödənilməsi həmişə iqtisadi geriliklə baş verir. Nəhayət, “RBC” neft məhsullarının aksizləri üzrə təqdim olunan vəsaiti nəzərə almayıb: Büdcə və ya Federal Vergi Xidmətinin hesabatlarında belə bir informasiyaya rast gəlinməyib.

Mənbə: RBC

FİKRİNİ BİLDİR