EKOLOQLAR "ŞİMAL AXINI-2" LAYİHƏSİNİ DAYANDIRA BİLƏRMİ?

Bazar ertəsi Finlandiya Ali İnzibati Məhkəməsi qərar verib ki, regional hökumətlər investisiyaların ətraf mühitə təsiri məsələsini nəzərdən keçirib, ötən ilin yazında Baltik dənizinin Finlandiyaya məxsus iqtisadi zonasında boruların çəkilməsinə icazə verməklə beynəlxalq sazişlərə və fin qanunvericiliyinə uyğun şəkildə fəaliyyət göstəriblər. Beləliklə, ekologiya fondunun Polşa nümayəndəliyinin şikayəti təmin olunmayıb. Bu barədə “Gazeta Wyborcza” nəşrinin müxbiri Andjey Kublik (Andrzej Kublik) yazır.

“ClientEarth Prawnicy dla Ziemi” fondu 2017-ci ildə Finlandiya rəhbərliyinə müraciət edərək “Şimal axını” boru kəmərinin ikinci qolunun tikintisinə icazə verməməyə çağırıb. “İnvestisiyaların ətraf mühitə təsiri ilə əlaqədar investorlara təqdim edilən sənədlərdə layihənin Baltik dəzininin vəhşi təbiətinə, o cümlədən “Təbiət 2000” proqramı ilə mühafizə olunan Polşa torpaqlarına təsirinin necə olacağı ilə bağlı kifayət qədər informasiya olmayıb”, - fondun direktor müavini Marçin Stoçkeviç (Marcin Stoczkiewicz) deyib.

Xatırladaq ki, Helsinki Rusiya qaz kəmərinin çəkilişinə icazə verəndə fond bu qərara etiraz etmişdi. Lakin regional fin hökuməti və yerli inzibati məhkəmə şikayətə baxmaqdan imtina edib. Çünki onların fikrincə, Finlandiyanın ərazi suları Polşa təşkilatının fəaliyyət dairəsinə daxil deyil.

Finlandiyanın Ali İnzibati Məhkəməsi belə qərara gəlib ki, fondun iddia qaldırmağa hüququ olub, çünki nizamnmasinə əsasən, həm Polşada, həm də ölkə xaricində fəaliyyət göstərir. Daha sonra məhkəmə şikayəti rədd edib. Bu arada fin sularında boruların çəkilişi başa çatıb. Bu barədə Helsinkidə baş tutan mətbuat konfransında Rusiya prezidenti Vladimir Putin deyib. Rusiya lideri həmçinin “Şimal axını – 2” layihəsinə qarşı nümayiş etdirdiyi “praqmatik münasibətə” görə Finlandiya xalqına minnətdarlığını bildirib.

“Bu, yerli hüquq sistemi üçün dönüş nöqtəsidir. Qərar presedentlər bazasına salınıb. Bunun da gələcəkdə analoji işlərin həllində böyük əhəmiyyəti olacaq”,  - fondun nümayəndəsi Boleslav Matuşevski  (Bolesław Matuszewski) nəşrə açıqlamasında deyib. Onun fikrincə, “Polşanın və digər xarici ölkələrin ekoloji təşkilatları Finlandiya ərazisindəki məhkəmə proseslərində iştirak etməklə ətraf mühitin trans-sərhəd mühafizəsi ilə məşğul olmaq imkanı əldə ediblər.

“ClientEarth Prawnicy dla Ziemi” fondu “Qazprom” şirkətinin investisiyası ilə mübarizədə uğur əldə edə bilməyən növbəti ekoloji təşkilatdır. Belə ki, ötən ilin yazında Almaniyanın “Təbiətin və biomüxtəlifliyin müdafiə ittifaqı” (NABU) ölkənin ərazi sularında “Şimal axını – 2” boru kəmərinin çəkilişinə icazə verən Ştralzund şəhərinin mədən şöbəsinin qərarına etiraz edib. Ekoloqlar hesab edirlər ki, layihənin tikintisi regionun təbiətinə qarşısıalınmaz ziyan vura bilər.

İş uzandığı üçün İttifaq şikayəti üzrə qərar çıxarılanadək işləri dayandırmağa çalışsa da, Qrayfsvald şəhər məhkəməsi onun istəyini rədd edib. Hökmdə hətta qeyd edilib ki, ekoloqların arqumentləri ilə müqayisədə təhlükəsiz qaz tədarükünün təminatı ilə bağlı ictimaiyyətin marağı daha böyük prioritet kəsb edir.

“Greenpeace” ekologiya təşkilatının Rusiya şöbəsi Leninqrad vilayətində yerləşən müvəqqəti qoruqda “Şimal axını” qaz kmərinin qurudan keçən hissəsinin tikintisini dayandırmağa çalışıb. “Qazprom” ona görə bu marşrutu seçib ki, qoruğun ərazisindən keçən yol onun ətrafından keçən trassdan daha qısa olub, əvəzində inşaat şirkəti yerli hakimiyyət orqanlarının ekoloji ehtiyaclarına 30 milyon avro ayıracağını söz verib.

“Die Welt” qəzetinin məlumatına görə, Meklenburq-Qarşı Pomeraniya federal torpağının rəhbərliyi ətraf mühitə dəyən zərərə görə 40 milyon avro məbləğində kompensasiya alıb. Bu pula regiondakı su kəmərlərində əlavə filtr quraşdırılacaq. “DPA” agentliyinin məlumatına əsasən, “Şimal axını – 2” layihəsinin Almaniyadan keçən quru hissəsi Pene çayının vadisində mühafizə edilən zonaya təsadüf edəcək.

FİKRİNİ BİLDİR