SİLAH YARIŞINA GÖRƏ RUSİYANI HƏLƏ ÇOX NÜVƏ PARTLAYIŞI GÖZLƏYİR

Rusiyanın sınaq poliqonunda yeni silahın testdən keçirilməsi zamanı baş verən qəza nəticəsində bir neçə nəfər həlak olub. Bu hadisə arsenalını genişlətməyə çalışan Rusiya üçün hələ başlanğıc ola bilər. Bu barədə Rayan Pikrell (Ryan Pickrell) “Business Insider”-də yazır. Rusiya prezidenti Vladimir Putin ötən il ölkəsinin yeni güclü silahlar üzərində işlədiyini elan edib, bu silahların ABŞ müdafiəsini dəf etmək iqtidarında olduğunu qeyd edib. Onların arasında nüvə mühərrikinə malik “Burevestnik” raketləri də olub.

 Məqalə müəllifi xatırladır ki, 1987-ci ildə əldə olunan “Orta və yaxın mənzilli raketlərin ləğvinə dair” saziş bu yaxınlarda qüvvədən düşüb. Vaşinqton və Moskva yer bazalı yeni raketlər üzərində işə başlayıb. Amerika hərbçiləri ötən bazar günü orta mənzilli yeni raketi sınaqdan keçiriblər.

“Deyəsən, ABŞ və Rusiya qəribə nostalji hisslərə, ya da heç kimin daha yaxşı bir variant fikirləşib tapmadığına görə yeni silah yarışına atılır”,  - Kaliforniyanın Midlböri Beynəlxalq Araşdırmalar İnstitutunun Yaxın Şərqdə Nüvə Silahların Yayılmaması proqramının direktoru Ceffri Lüis (Jeffrey Lewis) bildirib.

Rusiyada “Burevestnik” rakətlərini məğlubedilməz adlandırırlar və iddia edirlər ki, onlar “qeyri-məhdud fəaliyyət radiusuna və gözlənilməz trayektoriyaya malikdirlər, bu da onların ələ keçməsinin qarşısını alır”. Əgər silah həqiqətən işləyirsə, onda çox güman, bu cür manevrlərə qadirdir. Qərb ekspertləri və kəşfiyyatçılar əmindir ki, Nenoks kəndi yaxınlığında Rusiyanın hərbi dəniz bazasında baş verən ölümcül partlayışa yeni raketin uğursuz sınağı səbəb olub. Eyni zamanda onlar regionun radiasiya fonunda artım qeydə alıblar.

Rus ordusunda tez-tez qəzalar baş verir. “Milli qəhrəman” adına layiq görülmüş bir çox hərbçi və mütəxəssis Rusiyanın nailiyyətləri naminə böyük bədəl ödəməli olub. Rusiya üzrə ekspert, əvvəllər MKİ-də analitik kimi fəaliyyət göstərən Milli Təhlükəsizlik Şurasının üzvü Ceffri Edmonds (Jeffrey Edmonds) “Business Insider” nəşrinə açıqlamasında deyib ki, Moskvanın problemi həddindən artıq böyük iddialara sahib olmasıdır. Rusiya tez-tez təhlükələri azaltmaq iqtidarında olmayan, köhnəlmiş hərbi infrastrukturla rikə getmək istəyir. Beləliklə, fəlakətlərin mümkün olduğu təhlükəli vəziyyət yaranır.

Lüisin fikrincə, yeni silah yarışı özü ilə Rusiyaya Nenoks kəndində baş verən qəzaya oxşar yeni nüvə fəlakətləri gətirəcək.

“Soyuq müharibə dövründə belə, bizdə geniş miqyaslı qəza baş verməyib. Hər şey bir neçə kiçik insidentlə başa çatıb”, - deyə ekspert aydınlıq gətirib.

Raket sınağı zamanı yaşanan qəza fonunda partlayış nəticəsində beş əməkdaşını itirən “Rosatom” şirkəti sadəcə bildirib ki, bu cür hadisələr “yeni texnologiyaların sınağı zamanı baş verə bilər”. Şirkətin rəhbəri Aleksey Lixaçevin sözlərinə görə, həlak olanların xatirəsini əziz tutmağın yeganə yolu “yeni silahlar üzərində işləri davam etdirmək”dir.

“Rusiya nüvə qəzalarına meyllidir. Lakin bu hadisələr təkcə rusların özlərini təhlükə altına atmır. Gec-tez bütün dünya bu təhlükə ilə üzləşəcək”, - deyə ABŞ Silahlı Qüvvələrinin Hərbi Kollecinin keçmiş professoru Stiven Blank (Steven Blank) xəbərdarlıq edib.

 

FİKRİNİ BİLDİR